POLİQON JURNALI: Prezident İlham Əliyevin Pakistanda ziyarət etdiyi NASTP-a baxış
Məlumat verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 2024-cü il iyul ayının 12-də İslamabadda Pakistan İslam Respublikasının Hərbi Hava Qüvvələrinin Nur Xan bazasının ərazisindəki NASTP (National Aerospace Science and Technology Park) Milli Aerokosmik Elm və Texnologiya Parkında hərbi sərgi ilə tanış olub.
Xatırladaq ki, NASTP-da Azərbaycanın dövlət başçısına müxtəlif bölmələrdən ibarət sərginin “NASTP Alpha” hissəsində nümayiş etdirilən Pakistan Hərbi Hava Qüvvələrinin (PAF) aviasiya vasitələri, kosmos, radar, simsiz rabitə sistemləri, simulyatorlar, kibertexnologiyalar, informasiya texnologiyaları, proqram təminatı və süni intellekt sahələrindəki məhsullar haqqında məlumat verilib. Sərginin “Alpha Techno” guşəsində isə istər startap, istərsə də yaradılmış biznes və ya müəssisələrlə bağlı maneəsiz və sərfəli iş sahəsi həlləri təqdim olunub.
PAF inkişafı və NASTP layihəsi
Pakistan Hərbi Hava Qüvvələri Komandanlığından NASTP layihə direktoru Liaquat Ullah İqbal “Poliqon” hərbi-kosmik texnoloji jurnalına açıqlamasında Pakistanın milli əhəmiyyətli layihəsi olan NASTP layihəsinin əsas elementləri, alt layihələri və mümkün gələcək perspektivləri haqqında məlumat verib.
NASTP layihə direktoru əvvəlcə qısa olaraq Pakistan Hərbi Hava Qüvvələri (PAF) haqqında və NASTP layihəsinin yaranma prosesindən danışıb. O bildirib ki, Pakistan Silahlı Qüvvələrinin hava döyüşü bölməsi olan PAF Pakistanın havadan müdafiəsini təmin etmək üçün təyin olunub. Bundan başqa PAF Pakistanın Quru Qoşunlarına, Hərbi Dəniz Qüvvələrinə və müxtəlif dövlət idarələrinə tələb əsasında hava logistika dəstəyi bacarığı və strateji hava nəqliyyatı daşıması təmin edir.
“PAF milli müstəqillik qazandıqdan indiyə kimi Böyük Britaniya, ABŞ, Fransa və Çin mənşəli müxtəlif tipli təyyarələrdən istifadə edir. Bu təyyarə və silah sistemləri Pakistan Hərbi Hava Qüvvələrinə ehtiyac duyulan üstün döyüş bacarıqlarını qazandırsa da, məhdudiyyət, embarqo, ixraca nəzarət, habelə çox ciddi köhnəlmə və qarşılıqlı fəaliyyət problemlərini də özü ilə bərabər gətirdi. PAF rəhbərliyi bu çətinlikləri azaltmaq üçün Pakistanda məlumatların avtomatlaşdırılması, sensor birləşməsi, sistemlər, silah inteqrasiyası və başqa sahələrdəki başlıca qabiliyyətlər üçün MRO (Maintenance, Repair and Overhaul) servis, təmir və təkmilləşdirmə mərkəzləri ilə bərabar bir neçə elmi-tədqiqat mərkəzləri quraraq tələblərə fəal şəkildə cavab verir”, – deyə L.İqbal vurğulayıb.
Onun sözlərinə görə, aerokosmik, mühərriklər, avionika, aerostruktur, MRO, sistemlərin inteqrasiyası, sınaq, ixtisas, döyüş sursatlarının istehsalı, simulyatorlar və AR/VR sistemləri və s. sahələrində fəaliyyət göstərən 75-100 illik ənənəyə malik beş AED (Air Engineering Depot) Aviasiya Mühəndisliyi Deposu Karaçidə yerləşir.
Bundan başqa, yerüstü idarəetmə avadanlığı; xüsusi nəqliyyat vasitələri; radar MRO / təkmilləşdirmələri; C-130 modları / təkmilləşdirmələri və robototexnika; EOD-lar (Explosive Ordnanc Disposal) və yüklərin MRO-su da daxil olmaqla bir çox sahədə ixtisaslaşan üç AED Ravalpindidə yerləşir. Habelə, elmi-tədqiqat bölmələri EW, EO/IR, ISR və dron sistemləri sahələrində dizayn, tədqiqat və inkişaf işləri aparır.
NASTP layihə direktoru bildirib ki, ilkin olaraq, PAF təyyarələrinin və sistemlərinin əksəriyyəti əsaslı təmir və servis üçün istehsalçı ölkələrinə göndərildi. Bu da ölkədən kənar təmirdə əlavə vaxtın, valyutanın itirilməsinə, habelə müxtəlif logistika və texniki çətinliklərin üzləşilməsi ilə nəticələndi. Buna görə də PAF rəhbərliyi, bir neçə növ qırıcı təyyarənin MRO prosesində yaranan çətinlikləri müşahidə edib və 1973-cü ildə “Pakistan Aeronautical Complex” (PAC) yaradılıb. PAC Kamradakı F-6 Yenidənqurma Fabriki (F6RF), son 50 ildə F-6 təyyarəsi üçün yaradılan MRO müəssisəsindən 16000 ixtisaslı işçi qüvvəsi olan dörd fabrikdən ibarət nəhəng bir kompleksə çevrilib. Hal-hazırda PAC istənilən növ hərbi və kommersiya təyyarələrinin, mühərriklərin, radarların və faydalı yüklərin MRO prosesini, həmçinin JF-17 “Thunder” qırıcılarının, təlim təyyarələrinin və pilotsuz uçuş aparatlarının (PUA) istehsalını həyata keçirmək qabiliyyətinə malikdir.
Daha sonra, PAF “Aviasiya Tədqiqatları, İnnovasiyalar və İnkişaf” (AvRID) adlı əsas elmi-tədqiqat quruluşunu, eləcə də “PAF Air Worthiness Certification Authority” (PACA) adlı sertifikatlaşdırma agentliyini yaradıb.
L.İqbal qeyd edib ki, AvRID, PACA və PAF Depolarının, elmi-tədqiqat bölmələrinin və layihələr şöbəsinin bir yerdən idarəedilməsini təmin etmək üçün hazırkı PAF rəhbərliyi Pakistan daxilində COE (Center of Excellence) tipli NASTP (National Aerospace Science and Technology Park – Milli Aerokosmik Elm və Texnologiya Parkı) qurmaq qərarına gəlib. NASTP Milli Aerokosmik Elm və Texnologiya Parkı PAF-ın gələcək müharibələrdə üstünlüyə malik olması üçün ehtiyac duyduğu aviasiya, kosmik və kiber sahələrində dizayn, tədqiqat, təkmilləşdirmə və innovasiyaları inkişaf etdirmək üçün lazım olan əsas elementlərin eko-sistemini təmin edəcəkdir.
NASTP Milli Aerokosmik Elm və Texnologiya Parkında “NASTP Alpha”, “Alpha Techno”, habelə “NASTP PSDP”, Təlim, Sertifikatlaşdırma və Aviasiya Xidmətləri bölmələri yerləşir. NASTP özündə: İnkişaf Etməkdə Olan Sistemlər və Texnologiyalar İnstitutu (NIEST); İmza Təlim Mərkəzləri; İnkişaf Edən Texnologiyalar və Sistemlər Məktəbini birləşdirir. “NASTP Alpha” hissəsində Aviasiya Universitetinin Milli Kibertəhlükəsizlik Mərkəzi yerləşir. NASTP Aviasiya Akademiyası, Milli Aerokosmik Elm və Texnologiya Parkının qabaqcıl layihəsi olmaqla dünya səviyyəli təlim institutu və uçuş, təhlükəsizlik və texniki xidmət üzrə təlimlər üçün regional mərkəzə çevrilmək niyyətindədir.
Pakistan Hərbi Hava Qüvvələrinin komandanı marşal Zahir Əhməd Baber Sidhu bu layihənin ümumi baxışını və missiyasını təqdim edib:
NASTP-ın visionu
Dünyanın ən yaxşı Aerokosmik, Kiber və Hesablama Klasterlərindən birinə çevrilmək, müasir elmi-tədqiqat və innovasiya mərkəzləri ilə milli mənzərəni dəyişdirmək;
NASTP-ın missiyası
Pakistan və dəyərli tərəfdaşlara sosial, iqtisadi, texnoloji və elmi faydaları təmin etmək üçün Aviasiya, Kosmik, Kiber və Hesablama sahələrində birgə tədqiqat, inkişaf və innovasiyaları təşviq etmək;
NASTP-ın əhatə dairəsi
NASTP-lar seçilmiş regional yerlərdə yaradılacaq və xüsusi yer, bazar təhlili, əsas sənayenin, qurumların, PAF Hava Mühəndislik Depolarının, özəl şirkətlərin və mühəndislik mərkəzlərinin mövcudluğuna əsaslanan layihənin ümumi ekosisteminin hərtərəfli elementlərinə malik olmalıdır. Regional NASTP-lar öz ətraflarında yerli sənaye, qurumlar, texnoloji inkubasiya mərkəzləri, İT Parkları və bu tip başqa mini-klasterlər yaratmağı hədəfləyəcək.
GSTAR-da NASTP təqdimatı
L.İqbal bildirib ki, 2022-ci il 19-20 oktyabr tarixlərində keçirilən “Global Strategic Threat and Response” (GSTAR) beynəlxalq forumunda NASTP layihəsinin təqdimatı olub. Hərbi Hava Qüvvələrinin komandanı yerli sənayenin və beynəlxalq auditoriyanın iştirakı ilə GSTAR forumunda NASTP layihəsinin icrasına başlandığını elan etdi və o gündən NASTP Pakistanın texnoloji, iqtisadi və müdafiə mənzərəsində mühüm yer tutur. L.İqbal qeyd edib ki, bu bəyanat böyük diqqət topladı və Pakistanın bilik iqtisadiyyatına geniş təsirləri haqqında milli səviyyədə dialoqa səbəb oldu.
“NASTP Alpha” Ravalpindiyə baxış
“NASTP Alpha” aşağıdakı əsas elementlərə malikdir:
- Təyyarə, kosmik, radar, EW, EO/IR, kiber, hesablama, qabaqcıl havadan rabitə sistemləri və texnologiyaları, C2 sistemləri və proqram təminatı üzrə NASTP Texnologiya Bölmələri;
- NASTP Aviasiya Akademiyası ilə NASTP Texnologiyalar və Sistemlər İnstitutu kimi iki qabaqcıl layihəyə sahib NASTP Təlim Şöbəsi;
- NICAT Aerokosmik Texnologiyalar üzrə Milli İnkubasiya Mərkəzi;
- Türkiyənin əməkdaşlığı ilə “Siber Koze” adlı kiber və İT üzrə Təlim və İnkubasiya Mərkəzi;
- PACA PAF Uçuşa yararlılıq Sertifikatlaşdırma Təşkilatı;
- CENTAIC Süni İntellekt və Hesablama Mərkəzi;
- NCCS Milli Kibertəhlükəsizlik Mərkəzi;
- SISCO və HUAWEI laboratoriyaları ilə Sertifikatlaşdırma Mərkəzi;
- ACAST Avadanlıq Sertifikatlaşdırma Mərkəzi;
- Özəl şirkətlər üçün “Alpha Techno Square” (ATS) və birgə iş sahələri üçün “Daftarkhwan” və s. daxildir.
Zaur Babaşov