Prezident İlham Əliyev: Azərbaycan onlarla ölkəyə hərbi sənaye kompleksinin məhsullarını ixrac edir

Prezident İlham Əliyev: Azərbaycan onlarla ölkəyə hərbi sənaye kompleksinin məhsullarını ixrac edir

Bu gün dünya silah bazarında aparıcı rol oynayan ölkələrin başı öz işlərinə qarışıb.

“Poliqon” xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında deyib.

Dövlət başçısı vurğulayıb ki, onlar daha çox öz daxili tələbatını ödəmək üçün çalışırlar. Ona görə dünya silah bazarında təbii olaraq qıtlıq yaranıbdır.

“Biz bunu da nəzərə almalıyıq. Eyni zamanda, bu sahə bizə imkan verəcək ki, hərbi-texniki məhsullarımızın ixrac coğrafiyasını genişləndirək. Onsuz da bu gün Azərbaycan onlarla ölkəyə hərbi sənaye kompleksinin məhsullarını ixrac edir və ildən-ilə bu coğrafiya genişlənir. Bu bizim bir çox ölkələrlə apardığımız danışıqların, o cümlədən, iqtisadi və sərmayə qoyuluşu sahəsində aparılan danışıqların tərkib hissəsidir – biz yaxın gələcəkdə dünya silah bazarında önəmli oyunçuya çevrilək və bu imkanlar var.

Siz onu da yaxşı bilirsiniz ki, artıq bu yaxınlarda biz bu sahəni özəl sektor üçün də açıq elan etmişik və şadam ki, mənim çağırışıma özəl sektor da müsbət reaksiya vermişdir. Artıq bir neçə yerli Azərbaycan şirkəti, özəl şirkət hərbi sənaye kompleksinin inkişafında iştirak edir, təbii olaraq, müvafiq dövlət qurumlarından lisenziyalar almaq şərti ilə. Beləliklə, bu, bizə imkan verəcək ki, bir neçə ildən sonra bu sahədə istehsal olunan məhsul milyardla dollarla ölçülsün”.

CATEGORIES
TAGS