
Qana “Guarani” zirehli transportyorları alır
Qana ordunun ehtiyaclarını ödəməkdən ötrü “Iveco” şirkətinin 6×6 təkər formullu “Guarani” zirehli transportyorlarını alır.
“Poliqon” “DefenceWeb” portalına istinadən bildirir ki, Israilin “Elbit Systems” şirkəti Qana ilə 11 ədəd 6×6 təkər formullu “Iveco Guarani” zirehli transportyorunu tədarük etmək üçün müqavilə imzalayıb.
Zirehli nəqliyyat vasitələri Braziliyanın Cete Lagoas şəhərindəki “Iveco Defence Vehicles” şirkətində istehsal ediləcək, 7.62 və 12.7 mm pulemyotlarla silahlanmış REMAX uzaqdan idarə olunan döyüş modulları ilə təchiz olunacaqdır.
VBTP-MR “Guarani” zirehli transportyoru “Iveco” şirkəti və Braziliya Ordusu tərəfindən Braziliyanın EE-11 “Urutu” zirehli transportyorlarının dəyişdirilməsinə yönəlmiş “Urutu-III” təkmilləşdirmə proqramı çərçivəsində yaradılıb. Zirehli maşının yaradılmasından ötrü müqavilə 2009-cu ildə imzalanıb.
Braziliyadan başqa, indiyədək “Guarani” zirehli transportyorları Filippin və Livan orduları tərəfindən də sifariş edilib. Filippin müqaviləsi öz qüllələrini və alt sistemlərini tədarük edən “Elbit Systems” şirkətinin vasitəsilə həyata keçirilib.
Qananın zirehli maşınlarının alınması ilə bağlı xəbərlər isə keçən ilin sonlarında, yerli parlament “Elbit Land Systems” şirkətindən 19 ədəd zirehli maşının satın alınmasını maliyyələşdirmək üçün 86.1 milyon ABŞ dolları məbləğində hökumət kreditini təsdiqlədikdən sonra ortaya çıxıb.
Beləliklə, Qana “Guarani” zirehli transportyorlarını istismar edəcək dördüncü ölkə olacaq.
Xatırladaq ki, Qana, Türkiyənin “Otokar” şirkətinin istehsalı MRAP (Mine Resistant Ambush Protected) sinifə aid 4×4 təkər formullu “COBRA-II” zirehli transportyorlarını alaraq bu transportyorların ilk xarici müştəri oldu. Zirehli texnika partiyası, Qana Prezidentinin iştirakı ilə 31 mart 2021-ci il tarixində təşkil edilmiş təntənəli bir mərasimlə təhvil verilib.
Əhəd Əzizov