HavaXəbərlər

“Rheinmetall” FV-014 süzən sursatını sınaqdan keçirib

“Rheinmetall” şirkəti FV-014 süzən sursatını Almaniya Aerokosmik Mərkəzinin pilotsuz uçuş aparatları (PUA) üzrə Milli Sınaq Mərkəzində sınaqdan keçirib.

“Poliqon” “Rheinmetall”a istinadən xəbər verir ki, sınaq zamanı FV-014 süzən sursatı “Rheinmetall HX” taktiki yük maşınının üzərinə inteqrasiya edilmiş “Containerized Missile Launcher” konteyner tipli çoxsaylı buraxılış qurğusundan uğurla buraxılıb.

Sınaq çərçivəsində FV-014, “Rheinmetall HX” yük maşınından həm dayanmış vəziyyətdə, həm də hərəkət zamanı buraxılıb. Test vaxtı süzən sursat müxtəlif simulyasiya edilmiş əməliyyat profillərini və hücum uçuşlarını həyata keçirib.

FV-014 müasir döyüş meydanında yüksək mobilliyə malik əməliyyatlar üçün hazırlanıb. Sistem kəşfiyyat, hədəfin müəyyənləşdirilməsi və dəqiq zərbə imkanlarını vahid platformada birləşdirir və 100 kilometrədək əməliyyat məsafəsinə malikdir. Müasir sensor texnologiyası, şəbəkə imkanları və yüksək səviyyəli avtonomluq sayəsində GNSS siqnallarına müdaxiləyə qarşı güclü dayanıqlıq sistemi mürəkkəb əməliyyat şəraitində də istifadə etməyə imkan verir. Süzən sursat həm zirehli, həm də zirehsiz hədəflərə qarşı tətbiq oluna bilər.

Buraxılış nəqliyyat-buraxılış konteynerindən sürətləndiricinin köməyi ilə həyata keçirilir. Bu buraxılış konteynerləri modulyar şəkildə “Containerized Missile Launcher” qurğusuna inteqrasiya oluna bilər. Seçilən konteyner modelindən asılı olaraq, buraxılış qurğusunda 18 ədədədək FV-014 yerləşdirmək mümkündür. Buraxıldıqdan sonra süzən sursat qatlanan qanadlarını açaraq aerodinamik uçuş rejiminə keçir. 70 dəqiqəyədək uçuş müddəti operatora kəşfiyyat aparmaq, hədəfi seçmək və zərbə ilə bağlı qərar qəbul etmək üçün kifayət qədər vaxt verir.

Sistem istifadəçi üçün rahat yerüstü idarəetmə stansiyası vasitəsilə idarə olunur və operatorun prosesə daimi nəzarəti saxlanılır. Bu, operatora hədəfləri müəyyənləşdirmək və izləmək, dəqiq zərbələr həyata keçirmək, həmçinin zərurət yarandıqda missiyanı dayandırmaq və dəyişən əməliyyat şəraitinə uyğun reaksiya vermək imkanı yaradır.

FV-014 süzən sursatı təxminən 22 kiloqram kütləyə malikdir. Bunun təxminən 6 kiloqramını döyüş başlığı təşkil edir. İnteqrasiya edilmiş HEDP (High-Explosive Dual Purpose – yüksək partlayıcılı, ikili təyinatlı) döyüş başlığı 600 millimetrdən çox monolit zireh poladını dəlib keçmək qabiliyyətinə malikdir. Döyüş başlığı zirehli və zirehsiz hədəflərə, eləcə də infrastruktura qarşı eyni dərəcədə effektivdir.

Elektrik mühərrikli FV-014, radar və infraqırmızı izinin azaldılması nəzərə alınmaqla hazırlanıb. Sistem dəqiq tək zərbələrlə yanaşı, eyni vaxtda bir neçə hədəfi vurmaq və ya düşmənin hava hücumundan müdafiə sistemlərini məqsədli şəkildə həddən artıq yükləməklə onları “doyurmaq” üçün sürü əməliyyatlarını da dəstəkləyir. Gələcəkdə sistemin mobil quru nəqliyyat vasitələrindən və dəniz platformalarından buraxılması planlaşdırılır.

“Containerized Missile Launcher” yüksək çevikliyə malik, modulyar konstruksiyalı buraxılış platformasıdır və digər sistemlərlə yanaşı FV-014 süzən sursatının buraxılması üçün də nəzərdə tutulub. Sistem istənilən ölçüdə standartlaşdırılmış ISO konteyneri əsasında hazırlanır. O, həm sabit vəziyyətdə, həm də “Rheinmetall HX” yük maşını kimi mobil platformalarda, eləcə də hərbi dəniz vasitələrində yerləşdirilə bilər.

20 futluq konfiqurasiyada “Containerized Missile Launcher”ə 18 ədədədək FV-014 yerləşdirə bilir və mövcud nəqliyyat, logistika və əməliyyat platformaları ilə tam uyğunluq təşkil edir. Komanda, idarəetmə, rabitə, kompüter və kəşfiyyat (C4I) sistemlərinə qoşulma sayəsində buraxılış yerli operator, radioəlaqə və ya peyk rabitəsi vasitəsilə həyata keçirilə bilər. İnteqrasiya edilmiş enerji təchizatı sistemi hətta uzaq əməliyyat rayonlarında belə uzunmüddətli və etibarlı fəaliyyət göstərməyə imkan verir.

Back to top button