“Rosoboronexport” müqavilələri rubl və ya tərəfdaş ölkələrin milli valyutaları ilə bağlayır

Rusiya Federasiyasının “Rosoboronexport” Səhmdar Cəmiyyətinin əksər müqavilələri hazırda rubl və ya tərəfdaş ölkələrin milli valyutaları ilə bağlanır.
“Poliqon” xəbər verir ki, bunu MAKS-2021 aviasiya şousunda “Rosoboronexport” şirkətinin baş direktoru Aleksandr Mixeyev deyib.
“Bizim müqavilələrimizdəki dollar payı davamlı olaraq sıfıra yaxınlaşır. Əlavə olaraq ofset mexanizmlərindən və qarşılıqlı ticarət alətlərindən də fəal şəkildə istifadə edirik.
“Rosoboronexport” MAKS-2021-də hərbi təyinatlı məhsulların satışı barədə dəyəri 1 milyard avrodan artıq olan 13 ixrac müqaviləsi imzalayıb”, – deyə Aleksandr Mixeyev vurğulayıb.
Bildirilib ki, xarici müştərilər Rusiyadan Su-30SME təyyarələrini, Mi-35M və Mi-17V-5 helikopterlərini, 59H6-E “Protivnik-GE” RLS-nı və 9К333 “Verba” DZRK-ni alır. Bundan başqa, müasir aviasiya məhvetmə vasitələrinin, bir sıra zirehli tank və avtomobil texnikalarının tədarükü üçün də müqavilələr imzalanıb.
Qeyd edək ki, 2020-ci il ərzində Rusiyanın silah satışı təqribən 15 milyard ABŞ dolları, ABŞ-ın silah satışı isə 175 milyard ABŞ dollarından artıq olub.
Əhəd Əzizov
Poliqon.az




