Rumıniya Ordusunun “Piranha V”ləri “Elbit Systems”in silah sistemləri ilə təchiz olunacaq

Rumıniya Ordusunun “Piranha V”ləri “Elbit Systems”in silah sistemləri ilə təchiz olunacaq

Rumıniya Ordusu üçün “General Dynamics European Land Systems” (GDELS) şirkəti tərəfindən istehsal edilən “Piranha V” zirehli transportyorları “Elbit Systems” şirkətinin silah sistemləri ilə təchiz olunacaq.

“Poliqon” “Elbit Systems”ə istinadən xəbər verir ki, bununla bağlı hər iki şirkət arasında 120 milyon ABŞ dolları həcmində müqavilə imzalanıb.

Müqaviləyə əsasən, işlər “Elbit Systems”in Rumıniyada fəaliyyət göstərən “Elmet International SRL.” törəmə şirkəti tərəfindən 3 il ərzində həyata keçiriləcək.

“Elmet International SRL.” şirkəti “Piranha V”ləri UT30 MK2 döyüş modulları, uzaqdan idarəolunan silah sistemləri (RCWS) və SPEAR minaatanları ilə təmin edəcək.

“Elbit Systems” şirkəti tərəfindən hazırlanan müasir UT30 MK2 (MT30) uzaqdan idarəolunan döyüş modulu zirehli transportyorların istifadəsi üçün nəzərdə tutulub. Onun silahlanmasına 30 mm-lik ATK MK44 ABM topu ilə 7.62 mm-lik pulemyot daxildir. Bundan başqa döyüş modulu tank əleyinə raketlər, əlavə sensorlar, atəşə nəzarət və lazer xəbərdarlıq sistemləri ilə təchiz olunub.

Yüksək dəqiqlikli uzaqdan idarə olunan silah sistemi RCWS həm stasionar və mobil quru, həm də dəniz platformalarına quraşdırıla bilər. O, istifadəçiyə 7.62 mm / 12.7 mm çaplı silahların 30 mm / 40 mm çaplı avtomatik qumbaraatanlar ilə birgə tətbiqinə dair müxtəlif seçim imkanı verir.

“Elbit Systems”in hərəkətli platformalar üçün hazırladığı 120 mm-lik SPEAR avtomatik minaatan sistemi döyüş meydanında özünü sübut etmiş CARDOM minaatanın törəməsidir. SPEAR yüksək dəqiqliyi, çevikliyi və gücü sayəsində personala effetktiv atəş bacarığı təmin edir.

Qeyd edək ki, “Elbit Systems”in döyüş modulları, RCWS və minaatan sistemləri bu günə qədər Rumıniya ilə yanaşı İsrail, ABŞ, Danimarka, Avstriya, Belçika, Braziliya və Xorvatiya da daxil olmaqla dünya üzrə onlarla müştəri tərəfindən seçilib.

Poliqon.az

CATEGORIES
TAGS