Rusiya ümumqoşun ordularında PUA-larla mübarizə üçün mobil qruplar yaradılacaq

Rusiya ümumqoşun ordularında PUA-larla mübarizə üçün mobil qruplar yaradılacaq

Rusiyanın bir neçə ümumqoşun ordusunun, həmçinin Hərbi Hava Qüvvələri (HHQ) və Hava Hücumundan Müdafiə (HHM) ordularının tərkibində Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatları (PUA) ilə mübarizə aparmaq üçün xüsusi mobil qruplar yaradılır.

“Poliqon” “İzvestiya” nəşrinə istinadən xəbər verir ki, yaradılacaq qruplar yük maşınlarının şassilərinə quraşdırılmış ZU-23-2 avtomatik zenit qurğuları, eləcə də ağır pulemyotlarla təchiz edilmiş pikaplarla silahlandırılacaqlar.

Eyni zamanda Rusiya ordusunun arsenalında bütün topları eyni zamanda fəaliyyət göstərən dördləşdirilmiş 23 mm-lik ZSU-23-4 “Şilka” özüyeriyən zenit qurğuları (ÖZQ) da mövcuddur. Bu qurğular dəqiqədə 3400 atış sürətinə malik 23 mm-lik AZP-23 “Amur” avtomatik topu sayəsində heç bir PUA-nın keçə bilməyəcəyi atəş pərdəsi yarada bilirlər. Ona görə də, yeni yaradılacaq mobil qrupların ZSU-23-4 “Şilka” ÖZQ ilə də silahlandırılacağını istisna etmək olmaz.

Son dövrlərdə kiçik PUA-ların, o cümlədən FPV-dronların (First Person View) meydana çıxması zenit-top artilleriyasına ikinci həyat verib. Belə ki, zenit idarə olunan raketlərin müxtəlif hədəflərin öhdəsindən gəlməsi səbəbindən bu istiqamət demək olar ki, yoxa çıxmışdı. Ancaq hədəflər kiçilən kimi, döyüş sursat və onun tətbiq olunduğu pilotsuz aparatın qiymət nisbəti PUA-nın xeyrinə dəyişmişdi. Ona görə də bu tip zenit artilleriyasına qayıdış məntiqi və təkamül xarakterli addımdır.

Zenit-top qurğularının effektivliyini kifayət qədər yüksəltmək məqsədi ilə onların döyüş dəstinə dağıdıcı döyüş sursatları daxil edilə bilər.

Artıq son illərdə yeni və ya modernləşdirilmiş zenit-artilleriya qurğuları orduların silahlanmasına qəbul edilməkdədir. Yeniləri yaradılan və ya köhnələr modernləşdirilən zaman bu qurğular müvafiq müasir aşkaretmə vasitələri ilə təchiz edilir. Bu da ondan irəli gəlir ki, orta çaplı (20-35 mm) zenit-artilleriya qurğularının effektiv atış məsafəsi 2,5-3,0 km ilə məhdudlaşır.

Həmçinin yeni bölmələrə radioelektron mübarizə vasitələri və xüsusi tüstü maşınları veriləcək.

Xüsusi tüstü maşınları obyekti PUA-ların həm optik-elektron sistemləri, həm də termal cihazları üçün keçilməz olan tüstü pərdəsi ilə əhatə edə bilər. Yaradılacaq mobil qrupların belə maşınlarla təchizatı isə obyekti düşmənin aşkaretmə vasitələrindən gizlətməsi məqsədini daşıyır. Belə texnikalar qismində TDA-3 tüstü maşınından istifadə edilə bilər.

Zərbə PUA-ları optik-elektron tuşlama vasitələrdən istifadə edir ki, bu zaman operator kamikadze dronu son mərhələdə birbaşa hədəfə doğru tuşlayır. Lakin PUA, tüstü pərdəsinə daxil olarsa, o zaman operator səmtləşməni itirir – PUA-nın hədəfə doğru düzgün uçub-uçmadığını və ya sonuncu dəfə gördüyü nöqtədən artıq hərəkət etdiyini görmür. Beləliklə, obyekt (texnika) düşmənin PUA zərbəsindən yayınmış olur.

Radioelektron mübarizə (REM) komplekslərinin əsas vəzifəsi operatorla PUA arasındakı əlaqəni pozmaq, yaxud birbaşa təsir göstərməklə PUA-nın elektron zəncirinə zərər vermək və ya hədəf üzərində maneə qoymaqla onun müəyyən olunmasını çətinləşdirmək və yaxud da idarəetmə siqnalını kəsməkdir.

Böyük ehtimalla yaradılacaq mobil qruplar “Saniya” REM sistemi ilə təchiz edilə bilər. “Saniya” radioelektron susdurma sistemi tanklarda, zirehli maşınlarda və sadəcə avtomobillərdə quraşdırılır. O, zirehli maşınları FPV-dronlardan qorumaq üçün nəzərdə tutulub. Bu sistem dronların bir kilometrə qədər məsafədə susdurulmasını təmin edir.

Əhəd Vahidoğlu

CATEGORIES