Xəbərlər

Rusiyada “Alfa Sentavra” göndəriləcək optika yaradılır

Rusiyada “Rəqəmsal İqtisadiyyat” milli layihəsi çərçivəsində Akademik S.P.Korolyov adına Samara Milli Araşdırma Universitetinin bazasında elm adamları “Süni Zəka İnstitutu” yaradıblar.

“Poliqon” “Hi-Tech” portalına istinadən xəbər verir ki, institut ağıllı kosmik optika da daxil olmaqla ən innovativ inkişaflarla məşğuldur.

Bu sahədəki araşdırmalar sayəsində Samara alimləri mövcud analoqlardan yüz qat daha yüngül və daha ucuz düz peyk obyektivini yaratmağı bacarıblar. Bu inkişaf “Alfa Sentavra”ya pikopeyk göndərmək üçün Milner-Xokinq (Yuriy Milner və Stiven Xokinq) layihəsinə daxil edilib və belə obyektivə əsaslanan optika Rusiyanın kosmosa buraxılan nanopeykində sınaqdan keçirilib. Cihaz 430 kilometr yüksəklikdə orbitdə işləyir, onun ehtimal olunan xidmət müddəti üç ilə qədərdir.

İnstitutun Super Kompüterlər və Ümumi İnformatika kafedrasının professoru Artyom Nikonorov bildirib ki, Samara inkişafının kosmosa göndərilən difraktiv optikli obyektivi dünyanın ilk optikası olacaq. O qeyd edib ki, alimlər, kütləni minimuma endirmək və gücünü qorumaq üçün innovativ bionik formalı gövdə yaradıblar. Nəticədə sistemin optik hissəsi ilə birlikdə ümumi çəkisi 100 qramdan az təşkil edir.

Məlumat üçün:

Bionika (qədim yunan dilindən βίον “canlı”, “həyat hüceyrəsi”), canlı təbiətin təşkili prinsiplərini, xüsusiyyətlərini, funksiyalarını və quruluşlarını, yəni təbiətdəki canlıların formalarını və onların sənaye analoqlarını texniki qurğularda və sistemlərdə tətbiq etmək haqqında tətbiqi elmdir.

Bionikanın bioloji sistemlərdə baş verən prosesləri öyrənən bioloji bionika, bu proseslərin riyazi modellərini quran nəzəri bionika, mühəndislik problemlərini həll etmək üçün nəzəri bionika modellərindən istifadə edən texniki bionika kimi növləri var.

Bionika biologiya, fizika, kimya, kibernetika və elektronika, həmçinin naviqasiya, rabitə, protez (insan və digər canlıların əzaları və orqanları), dəniz işləri və s. kimi mühəndis elmləri ilə yaxından əlaqəlidir.

Əhəd Əzizov

Poliqon.az

Back to top button