Rusiyada zirehli texnikalarla mübarizə aparmaq üçün yeni yerüstü robot hazırlanıb

Rusiyada zirehli texnikalarla mübarizə aparmaq üçün yeni yerüstü robot hazırlanıb

Rusiyanın “Spektr Engineering” konstruktor bürosu zirehli texnikaları məhv etmək üçün “Kirpi” adlı yeni yerüstü robot hazırlayıb.

“Poliqon” xəbər verir ki, bunu TASS informasiya agentliyinə “Spektr Engineering” konstruktor bürosunun icraçı direktoru Andrey Bratenkov açıqlayıb.

O bildirib ki, yeni yerüstü robotun yük daşımaq bacarığı 5 kiloqrama, əməliyyat mənzili isə 5 kilometrə qədərdir: “Platforma necə çevrilməsindən asılı olmayaraq hərəkətliliyini qoruya bilir. Biz xaricdə bu cür robotlardan istifadə təcrübəsinə baxdıq və belə qənaətə gəldik ki, mümkün olan ən ucuz məhsulu hazırlamalıyıq”.

“Kirpi”ni zirehli texnikaları məhv edəcək platforma kimi təklif etməyi planlaşdırdıqlarını vurğulayan A.Bratenkov qeyd edib ki, hazırda onun yükünün 10 kq-a qədər artırılması perspektivləri haqqında düşünürlər.

İcraçı direktorun sözlərinə görə, yerüstü robotun əsas iş prinsipi düşmənin istehkamlarda (səngərlərdə) mövqelənən canlı qüvvəsini və onların zirehli texnikasını məhv etməkdir.

A.Bratenkov açıqlamasında yeni “Kirpi”də şassi olaraq təkərli formuldan istifadə etdiklərini və bunu nə üçün seçdiklərini bildirib: “Tırtıl mexanizminin icrası texniki cəhətdən daha baha başa gəlir. Bundan əlavə, tırtılın kiçik ölçülü materiallar üzərində heç bir effektivliyi yoxdur. Döyüş meydanında isə palçıq və ya tikinti dağıntıları olur. Təkərli platforma daha üstün hərəkət qabiliyyətinə malikdir. Bu, prosesin dəyəri və platformanın sağ qalma bacarığı baxımından ən yaxşı variantdır”.

Poliqon.az

CATEGORIES