
İsveçin “Saab” şirkəti gələcək pilotsuz döyüş təyyarəsinin (PDT) tamölçülü modelini nümayiş etdirib.
“Poliqon” “Saab”a istinadən xəbər verir ki, A3-001 adlandırılan konsept model İsveç Silahlı Qüvvələrinin Linköpinq şəhərində yerləşən Malmen aviabazasında keçirilən aviaşou zamanı təqdim olunub.
Bildirilib ki, A3-001 gələcək döyüş aviasiyasının inkişaf istiqamətlərini, pilotlu və pilotsuz platformaların vahid sistem çərçivəsində birgə fəaliyyət göstərməsi konsepsiyasını nümayiş etdirir.
Pilotsuz döyüş təyyarəsinin “Gripen” qırıcılarını və gələcək pilotlu döyüş təyyarələrini tamamlaması nəzərdə tutulur. Platformanın yüksək riskli missiyalarda, o cümlədən elektron müharibə, düşmənin hava hücumundan müdafiəsinin susdurulması və güclü müdafiə olunan ərazilərdə dəqiq zərbə əməliyyatlarında istifadə edilməsi planlaşdırılır.
Şikrətin məlumatına görə, konsept aşağı radar imzası, yüksək səviyyəli avtonomluq və müxtəlif əməliyyat sahələrində fəaliyyət imkanları ilə xarakterizə olunur. Bu xüsusiyyətlər A3-001-in gələcək döyüş aviasiyası imkanlarının potensial komponentlərindən biri kimi nəzərdən keçirilməsinə imkan verir.





