STM 10 ölkəyə 3000-ə yaxın “Kargu” kamikadze PUA tədarük edib

STM 10 ölkəyə 3000-ə yaxın “Kargu” kamikadze PUA tədarük edib

Türkiyənin STM şirkəti indiyə kimi 3000 ədədə yaxın “Kargu” pilotsuz uçuş aparatı (PUA) istehsal edib.

“Poliqon” xəbər verir ki, bunu CNN TÜRK televiziya kanalına müsahibəsində STM şirkətinin baş dirktoru Özgür Güleryüz deyib.

O bildirib ki, “Kargu” PUA bu günə qədər 10 ölkəyə ixrac olunub və hazırda bir sıra dövlətlərlə alqı-satqı danışıqları davam etdirilir.

Türkiyənin STM şirkəti tərəfindən istehsal edilən “Kargu” PUA gündüz/gecə kəşfiyyatı və hücum əməliyyatları üçün nəzərdə tutulub. O, müasir hədəf aşkarlama və izləmə alqoritminə sahibdir. İstehsal prosesində təkmilləşdirilən “Kargu” PUA verilən koordinata və ya görüntü əsasında seçilən hədəfə kamikadze hücumu həyata keçirmək üçün təyinatlandırılıb.

Avtonom uçuş, dəqiq zərbə endirmə funksiyasına malik multikopter tipli “Kargu” məhvetmə gücü, dəqiqliyi və müasir texnologiyalar əsasında hazırlanması sayəsində düşmən qüvvələrinə sürpriz hücumlar təşkil etməyə imkan verir.

“Kargu” bir əsgər tərəfindən daşına və idarə oluna bilir. Bir mərkəzdən idarə edilən dron sürüləri süni zəkanın, üz və obyekt tanıma kimi qabaqcıl alqoritmləri sayəsində hücum ediləcək hədəfləri özləri seçir. Beləliklə ya hədəfə taran etməklə, ya da müəyyən məsafədə özünü partlatma üsulu ilə hədəfi zərərsizləşdirir.

Vertikal qalxma və enmə (VTOL) xüsusiyyətinə sahib olan “Kargu” PUA 5-10 kilometr mənzilə, 30 dəqiqə havada qalmaq bacarığına malikdir. Çəkisi 6285 qram, sürəti 72 km/saat olan “Kargu” maksimum 1000 metr yüksəkliyə qalxa və hədəfə 45 dərəcə bucaq altında hücum edə bilir.

“Kargu”nun digər özəlliyi döyüş başlığının asanlıqla dəyişdirilə bilməsidir. “Kargu” üçün 3 fərqli növdə döyüş başlığı hazırlanıb. “Kargu” 600 qramdan 1.5 kiloqramadək müxtəlif döyüş başlığını (MKE MOD38, MKE termobarik, MKE MOD50 qəlpəli) daşıya bilir. MKE MOD38 minalarının daxilində hazır şəkildə 700 ədəd, MKE MOD50 başlığında isə 1600 ədəd qəlpə yerləşir. Sonuncu 50 metr radiusda canlı qüvvəni sıradan çıxarır.

Operator kiçik idarəetmə kompüteri üzərindən PUA-nın hədəf üzərində artlama məsafəsini seçə və işə sala, hədəfi dəyişə, hücum prosesində komandadan imtina edərək, PUA-nı geri çağıra, yaxud digər hədəfə yönləndirə bilir. Kamikadze dron hədəfin təyin olunması, hücumun edilməsi, tapşırığın icra prosesində hədəfin dəyişdirilməsi və yaxud hücumdan imtina edilməsi kimi funksiyalara malikdir. Sürü halında 20-dən çox dronun eyni vaxtda tətbiqi mümkündür.

Poliqon.az

CATEGORIES
TAGS