“Sualtı hücum xüsusi təyinatlı kursu”nun buraxılış mərasimi keçirilib – VİDEO

“Sualtı hücum xüsusi təyinatlı kursu”nun buraxılış mərasimi keçirilib – VİDEO

Hərbi Dəniz Qüvvələrinin N hərbi hissəsində “Sualtı hücum xüsusi təyinatlı kursu”nun növbəti buraxılış mərasimi keçirilib.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən “Poliqon”a verilən məlumata görə, ‘vvəlcə hərbi hissənin ərazisində şəhidlərin xatirəsinə ucaldılan abidə önünə gül dəstələri düzülərək hörmət və  ehtiram nümayiş etdirilib.

Buraxılış mərasimində xalqın Ümummilli Lideri Heydər Əliyevin və ölkənin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycanın Dövlət Himni səsləndirilib.

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı vitse-admiral Sübhan Bəkirov çıxış edərək kursantları təbrik edib və onlara gələcək xidmətlərində uğurlar arzulayıb. Qardaş ölkədən olan peşəkar təlimatçıların da cəlb edildiyi kursların yüksək səviyyədə təşkilinə və keçirilməsinə görə türkiyəli zabitlərə və bütün heyətə təşəkkürünü bildirib.

Kurs birincisi tərəfindən rəmzi yaş kötüyünə emblem vurulduqdan sonra kursantlara sertifikatlar təqdim olunub.

Kursda fərqlənən bir qrup hərbi qulluqçu və təlimatçı fəxri fərman, döş  nişanları və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Buraxılış mərasiminin rəsmi hissəsi başa çatdıqdan sonra dəniz xüsusi təyinatlılarının taktiki-xüsusi məşğələsi, eləcə də sualtı hücum və sualtı müdafiə bölmələrinin dalğıclarının nümunəvi çıxışları nümayiş etdirilib.

CATEGORIES
TAGS