Türkiyə HHQ-yə məxsus növbəti A400M-in təkmilləşdirilməsinə başlanıb

Türkiyə HHQ-yə məxsus növbəti A400M-in təkmilləşdirilməsinə başlanıb

Türkiyənin Milli Müdafiə Nazirliyinə (MSB) bağlı olan ASFAT şirkəti tərəfindən Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus beşinci A400M “Atlas” hərbi nəqliyyat təyyarəsinin təkmilləşdirilməsinə başlanılıb.

“Poliqon” Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, təyyarənin təkmilləşdirilməsi ilə bağlı işlər ASFAT şirkətinin Kayseridə yerləşən “Fasbat” təyyarə servis mərkəzində aparılmaqdadır.

Qeyd edək ki, “Fasbat” təyyarə servis mərkəzi 2021-ci ilin iyul ayında açılaraq istifadəyə verilib. Bu mərkəzdə həm Türkiyə, həm də digər ölkələrin A400M hərbi nəqliyyat təyyarələrinin təmiri, texniki dəstəyi və təkmilləşdirilməsi işlərinin aparılması nəzərdə tutulub.

Bu günə qədər “Fasbat” mərkəzində 4 ədəd A400M nəqliyyat təyyarəsi təkmilləşdirilərək Türkiyə HHQ-yə təhvil verilib. Hazırda beşinci təyyarə üzərində işlərin aparıldığı mərkəzdə qarşıdakı müddət ərzində daha 4 ədəd A400M təkmilləşdirilməsi planlaşdırılıb.

Xatırladaq ki, ASFAT tərəfindən təkmilləşdirilən dördüncü A400M təyyarəsi ötən ay Türkiyə HHQ-yə təhvil verilib.

Poliqon.az

CATEGORIES
TAGS