Türkiyə istehsalı silah və texnikalar Banqladeş Ordusunun yeni arsenalında üstünlük təşkil edir – HƏRBİ PARAD
Banqladeş Ordusu silahlanamasına yeni qəbul edilən tank, raket sistemləri və zirehli texnikalarını nümayiş etdirib.
“Poliqon” xəbər verir ki, Banqladeş Ordusunun yeni silah və zirehli texnikaları müstəqillik günü ilə bağlı keçirilən hərbi paradda keçid edib.
Hərbi paradda nümayiş olunan yeni silahlar arasında Banqladeş Müdafiə Nazirliyinin Türkiyənin “Otokar” şirkətindən aldığı “Cobra II” zirehli transportyoru, “Roketsan” istehsalı TRG-300 raket sistemləri və Çinin NORINCO şirkətindən alınan VT5 yüngül tankları yer alıb.
Xatırladaq ki, “Roketsan” şirkəti TRG-300 “Tiger” “yer-yer” tipli raket sistemini ötən ilin may ayında Banqladeş Ordusuna təhvil verib. “Roketsan” mütəxəssisləri tərəfindən hazırlanmış TRG-300 “Tiger” Blok I raketinin uzunluğu 5.24 metr, ağırlığı 585 kiloqram, döyüş başlığı 105 kiloqramdır. GPS və İNS naviqasiyasına malik TRG-300 raketinin dəqiqliyi maksimum məsafədə ≤ 10 metr təşkil edir. TRG-300 “Tiger” Blok II versiyasının atış mənzili 20 – 90 km, kütləsi 670 kiloqram, döyüş başlığı 190 kiloqramdır.
BMT Adi Silahlar Registrinin hesabatlarına əsasən, Türkiyə 2017-2018-ci illər ərzində “Cobra II” zirehli nəqliyyat vasitələrini Banqladeşə ixrac edib. “Cobra II” Türkiyədə və ixrac bazarlarında sərhəd mühafizəsi, daxili təhlükəsizlik və sülhməramlı əməliyyatları da daxil olmaqla bir çox vəzifələri uğurla yerinə yetirir. Nəqliyyat vasitəsi eyni zamanda sahib olduğu modul quruluşu sayəsində personal daşıyıcısı, silah platforması, müşahidə radarı, KBRN (kimyəvi, bioloji, radioloji və nüvə) kəşfiyyat vasitəsi, komanda idarəetmə vasitəsi və təcili yardım kimi xidmət göstərir.
“Cobra II” transportyorunun şassisi üzərində ASELSAN şirkətinin istehsalı olan 10 km məsafədən insanı təyin edə bilən “Acar” yerüstü müşahidə radarı, uzun mənzilli elektro-optik sensor sistemi və Fransanın “Metravib” şirkətinin istehsalı olan atəş nöqtələrini müəyyənləşdirən “Pilar” sistemi quraşdırıla bilir.
Qeyd edək ki, Banqladeş Ordusu Türkiyənin “Hisar-O+” orta mənzilli zenit-raket kompleksi (ZRK) ilə yaxında maraqlanır. Banqladeş 2021-ci ildə Türkiyə ilə gəmi əleyhinə raketlər, lazerlə idarə olunan aviasiya bombaları və hava hücumundan müdafiə sistemlərinin alınmasına dair müqavilə imzalayıb.
Banqladeş Ordusunun zirehli texnika parkına yeni qəbul edilən VT5 müasir yüngül tanklardan hesab olunur. Banqladeş həm də VT5 tanklarının ilk xarici müştərisidir. NORINCO tərəfindən Çinin “Type 62” tanklarını əvəz etməsi üçün hazırlanan zirehli texnika Şərqdə “Type 15”, Qərbdə isə daha çox VT5 adı ilə tanınır. 2018-ci ildə Çinin Müdafiə Nazirliyi “Type 15” yüngül tankının Ordunun silahlanmasında yer alması ilə bağlı ilk dəfə rəsmi məlumat yayıb.
SIPRI-nin (Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu) noyabr ayındakı məlumatına görə, Banqladeş 2019-cu ildə Çindən 44 ədəd VT5 yüngül tankı sifariş edib və onları 2022-ci ilin noyabrın ayında təhvil alıb. 2019-cu ilin dekabr ayında Banqladeş Müdafiə Nazirliyi də Çindən VT5 tanklarının alınacağına dair rəsmi məlumat paylaşıb.
VT5 tankının əsas silahı 3000 metrlik atış məsafəsinə sahib olan 105 mm-lik yivli topdur. Komandir, sürücü və tuşlayıcı daxil olmaqla 3 nəfər ekipaja sahib tank ümumilikdə 38 ədəd 105 mm-lik mərmi tutumuna malikdir. VT5-in gövdəsi və qülləsi dayanıqlı müdafiəni təmin etmək üçün polad zirehdən hazırlanıb. Tankı 1000 at gücündəki dizel mühərrik hərəkətə gətirir ki, bu da ona maneəsiz yolda maksimum 70 km/saat, yolsuzluq şəraitində isə 35-40 km/saat sürətlə hərəkət etməyə imkanı verir. VT5-in tam dolu çənlə əməliyyat mənzili 450 kilometr təşkil edir.
Hərbi paradda Banqladeş Hərbi Hava Qüvvələrinə məxsus K-8W təlim-hücum təyyarəsi, C-130J “Hercules” nəqliyyat təyyarəsi və yeni təkmilləşdirilən MiQ-29B döyüş təyyarələri, habelə “Bell 407GXi” və AW-109P helikopterləri nümunəvi uçuşlar keçiriblər.