Türkiyə Prezidenti: Müdafiə sənayesində möhür vuracaq 850 müxtəlif layihəni böyük titizliklə həyata keçiririk

Türkiyə Prezidenti: Müdafiə sənayesində möhür vuracaq 850 müxtəlif layihəni böyük titizliklə həyata keçiririk

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TÜYAP Sərgi və Konqres Mərkəzində keçirilən IDEF-2023 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisinin açılışında videomüraciətlə iştirakçılara müraciət edib.

Bu barədə “Poliqon” “Anadolu Agentliyi”nə istinadən xəbər verib.

Türkiyə Prezidenti bildirib ki, 1993-cü ildən bəri keçirilən IDEF özünü sübut edən sərgi kimi müdafiə sənayesində dünya səviyyəli brendə çevrilib: “Hər il milyonlarla dollarlıq müqavilələrin imzalandığı, yeni tərəfdaşlıqların qurulduğu, müdafiə sənayesi məhsullarının nümayiş olunduğu sərgimizin bu il uğur göstəricilərini daha da artıracağına inanıram”.

Türkiyə olaraq qarşılaşdıqları bir çox maneələrə, üstüörtülü və aşkar embarqolara baxmayaraq müdafiə sənayesini inkişaf etdirməyə böyük əhəmiyyət verdiklərini vurğulayan R.T.Ərdoğan, illərdir əzmlə həyata keçirilən milli texnologiya hərəkatının bəhrələrini müxtəlif sahələrdə almağa başladıqlarını söyləyib.

O, Türkiyə müdafiə sənayesi sektorunun son illərdə bütün dünyanın heyranlıqla izlədiyi bir uğur hekayəsi yazdığına diqqət çəkib.

Onun sözlərinə görə, Türkiyə quru, hava və dəniz platformalarında demək olar ki, bütün ehtiyaclarını yerli və milli imkanlarla qarşılaya bilir: “Pilotsuz uçuş aparatları və silahlı PUA texnologiyası üzrə dünyanın üç aparıcı ölkəsi arasında yer alırıq. Öz döyüş gəmisini istehsal edən 10 ölkədən biri olan Türkiyə bu sahədə də mühüm ixracatçıdır. Dünyanın ilk “PUA gəmisi” deyə biləcəyimiz “TCG Anadolu” gəmisini donanmamızın xidmətinə verdik. “Akıncı” ilə başladığımız taktiki PUA həmləmizi pilotsuz döyüş təyyarəmiz “Kızılelma” ilə indi çox fərqli mövqeyə daşıyırıq.

KAAN adını verdiyimiz beşinci nəsil milli döyüş təyyarəmizi təqdim etdik. İstehsal proseslərini mərhələli şəkildə həyata keçiririk. Bundan başqa, müdafiə sənayesində möhür vuracaq 850 müxtəlif layihəni böyük titizliklə həyata keçiririk. Keçən il 4 milyard 400 milyon dollarlıq ixrac rəqəminə çatdıq. Bu ilin ilk 6 ayında 2 milyard 378 milyon dollarlıq rekord ixraca nail olduq. 2023-cü ildə hədəfimiz 6 milyard dollardır. İnanıram ki, ilin sonuna kimi ixrac hədəfimizə nail olacaq, hətta bu rəqəmi keçəcəyik”.

Ötən həftə Körfəz ölkələrinə baş tutan səfər barəsində danışan R.T.Ərdoğan bildirib ki, Türkiyənin müdafiə sənayesi məhsulları tarixində ən yüksək məbləğdə ixrac müqaviləsi imzalanıb. Türkiyə Prezidenti IDEF 2023-də bu müqavilələrə yenilərinin əlavə olunacağına inandığını diqqətə çatdırıb.

“Hər zaman dediyimiz kimi, biz yalnız məhsul satmaq məqsədində deyil, uzunmüddətli tərəfdaşlıqlar qurmağı və birgə layihələr hazırlamağı hədəfləyirik. Müdafiə sənayesi sahəsində bilik və təcrübələrimizi dostlarımızın istifadəsinə təqdim etməkdən məmnunuq. Bu düşüncələri nəzərə alaraq sərgidə quru, dəniz, logistika dəstəyi, təhlükəsizlik, aviasiya və kosmik sahələrdə inkişaf etdirdikləri ən son məhsullarını nümayiş etdirəcək şirkətlərimizin hər birinə uğurlar diləyirəm. Beynəlxalq müdafiə sənayesi sərgimizin məhsuldar olmasını arzulayır, bütün iştirakçılara və qonaqlarımıza öz təşəkkürümü bildirirəm”, – deyə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qeyd edib.

Poliqon.az

CATEGORIES
TAGS