Azərbaycanda 2023-cü ilin hərbi-kosmik texnoloji hadisələrinə baxış
Geridə qoyduğumuz 2023-cü il Azərbaycanın hərb tarixində bir sıra hadisələrlə yadda qaldı. “Poliqon” əsas hadisələrin icmalını təqdim edərək bildirir ki, ötən il Azərbaycanda müdafiə, təhlükəsizlik, müdafiə sənayesi, sərhəd mühafizəsi, o cümlədən təhsil-sənaye, aerokosmik və digər sahələrdə bir çox vacib hadisələr baş verdi. Azərbaycanın hərbi gücü daha da artırıldı, dövlət suverenliyi tam bərpa edildi və Zəngəzur dəhlizinin açılması üçün effektiv addımlar atıldı.
2023-cü ildə Azərbaycan Ordusu Türkiyə modeli əsasında daha da inkişaf etdi və biz bunu indi əyani şəkildə görürük. Azərbaycan Ordusu böyük dərəcədə gücləndirildi, peşəkarlığı artırıldı, yeni silahlı birləşmələr yaradıldı. Bu silahlı birləşmələr digər silahlı bölmələrlə birlikdə antiterror əməliyyatında çox böyük peşəkarlıq göstərdilər.
Yola saldığımız 2023-cü ildə Azərbaycan yeni silahlar, hərbi texnikalar aldı və bunların müəyyən hissəsi ölkəyə gətirildi, bir çox yeni kontraktlar imzalandı. Ordu və digər hərbi strukturlar, ayrı-ayrı qoşun qismlərinin davamlı şəkildə təlimləri keçirildi, o cümlədən Türkiyə-Azərbaycan birgə hərbi təlimləri baş tutdu.
Milli müdafiə və sərhəd mühafizəsi
Bu əlamətdar hadisələr arasında ən əsası Azərbaycanın dövlət suverenliyini tam bərpa etməsi oldu. Əvvəlcə, 2023-cü il aprelin 23-də Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi quruldu. Daha sonra, 19-20 sentyabr tarixlərində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirləri həyata keçirildi. 2020-ci ilin noyabrında imzalanan Üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə keçirilən antiterror tədbirləri cəmi 24 saat davam etdi. Lokal antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyi tam bərpa olundu, işğalçı qüvvələr Qarabağdakı son nəfərinədək çıxarıldı, erməni silahlı dəstələri, onların hərbi texnikası məhv edildi və ya qənimət kimi götürüldü.
Oktyabrın 15-də Prezident İlham Əliyev Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənən Ağdərə, Xocavənd və Xankəndi şəhərlərində, Sərsəng su anbarının ərazisində və Xocalı rayonunun Əsgəran qəsəbəsində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı.
Noyabrın 8-də isə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin iştirakı ilə Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirildi. Paradda Azərbaycan Ordusunun və qoşun növlərinin, lokal xarakterli antiterror tədbirlərində iştirak etmiş hərbi birləşmələrin döyüş bayraqları Xankəndi şəhərinin mərkəzi meydanına gətirildi və xüsusi təyinatlı bölmələrin keçidi oldu.
Yerli müdafiə sənayesi
2023-cü il müdafiə sənayesi baxımından da uğurlu keçdi. İlin əvvəlində Türkiyənin “Baykar” şirkəti və Azərbaycanın Müdafiə Nazirliyi arasında PUA-ların birgə istehsalına dair niyyət protokolu imzalandı.
Mayın 4-də Azərbaycan Prezidenti İlham Əliyev Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında il ərzində 300 ədəd tentli yarımqoşqu, 100 ədəd mexaniki minatəmizləyən, 100 ədəd yanğınsöndürən və 100 ədəd zirehli maşın istehsal edəcək “Improtex Industries” şirkətinin “Improtex Qarabağ Sənaye Kompleksi” MMC müəssisəsinin təməlini qoydu. Eyni zamanda, “Improtex Industries” şirkəti ITX SII 450 xüsusi təyinatlı zirehli personal daşıyıcılarının istehsal layihəsinə başladı.
Avqustun 26-da Azərbaycanın “Improtex Industries” şirkəti tərəfindən istehsal olunan “Revival P” mexaniki minatəmizləmə maşını Qarabağ Dirçəliş Fonduna (QDF) ianə edildi və sentyabrın 4-də QDF həmin maşını Azərbaycan Minatəmizləmə Agentliyinə təqdim etdi. İlin sonuna kimi “Made in Azerbaijan” brendi altında istehsal olunan, beynəlxalq standartlara cavab verən 6 ədəd “Revival P” və 2 ədəd “Revival T” mexaniki minatəmizləmə maşınları “Improtex” Şirkətlər Qrupu tərəfindən Azərbaycan Minatəmizləmə Agentliyinə (ANAMA) təhvil verildi.
2023-cü ildə bir sıra uğurlar qazanan “Improtex” Şirkətlər Qrupu yerli mexaniki minatəmizləmə maşınını ölkə xaricinə də tədarük etməyi bacardı. Belə ki, “Improtex Industries” tərəfindən istehsal edilən “Revival P” mexaniki minatəmizləmə maşını Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinə (DSNS) təhvil verildi. Eyni zamanda şirkətinin nümayəndələri DSNS mütəxəssislərinə “Revival P” ilə bağlı təlim keçdilər.
2023-cü ildə Azərbaycan Müdafiə Sənayesi Nazirliyi də bir çox nailiyyətlər əldə etdi. Türkiyədə keçirilən IDEF-2023 beynəlxalq müdafiə sərgisində Azərbaycan Müdafiə Sənayesi Nazirliyi, Türkiyə Müdafiə Sənayesi Başqanlığı və TUSAŞ şirkəti arasında 5-ci nəsil KAAN döyüş təyyarəsinin birgə inkişaf etdirilməsi ilə bağlı əməkdaşlıq protokolu imzalandı.
22-25 noyabr tarixlərində Bakı Ekspo Mərkəzində Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün BMT-nin Xüsusi Proqramı – SPECA həftəsi çərçivəsində Azərbaycanın xüsusi təşəbbüsü ilə keçirilən “SPECA Ölkələrinin Sərgisi: Dayanıqlı inkişaf üçün regional əməkdaşlıq” adlı sərgidə Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) müəssisələrində istehsal olunan müxtəlif növ atıcı silahlar, yaxın məsafəli döyüş vasitələri, minaatanlar, müxtəlif çaplı döyüş sursatları, pilotsuz uçuş aparatları və sair daxil olmaqla, 88 adda müdafiə təyinatlı məmulatlar nümayiş etdirilib. Əvvəlki sərgilərdən fərqli olaraq bu sərgidə ilk dəfə yeni yaradılan, şəhid Ağaəmi Heybətovun adını daşıyan AH-12.7 iriçaplı pulemyotu da təqdim olunub. MSN-in nümayiş etdirdiyi bu və digər məhsullar sərgi iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
Ölkdə müdafiə sənayesi sahəsində baş verən əsas hadisə isə Prezident İlham Əliyevin Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin tabeliyində “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması ilə bağlı Fərman imzalaması oldu. Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Sənayesi Nazirliyi qarşısında iki böyük məqsəd qoyub. Birincisi həm silah, həm də sursat sahəsində mövcud istehsalımızı iki dəfə artırmaqdır. İkincisi də ixracın həcmini ciddi şəkildə artırmaqdır.
Qeyd edək ki, Müdafiə Sənayesi Nazirliyi 2023-cü ildə 150 milyon dollar dəyərində məhsulun ixracını planlaşdırmışdı və 10 ay ərzində 124 milyon dollar dəyərində ixrac əldə etmişdi. Əsas gücü dövlət müdafiə sifarişinə yönəltmiş MSN, onlar tamamlandıqca ilin sonuna qədər ixrac əməliyyatlarını başa çatdıracaqdı. Həmin rəqəmə çatdıqda, MSN istehsalın 50 faizini ixrac edilmiş olacaqdı. Belə ki, MSN-in gözlənilən illik həcmi 500 milyon manata yaxındır. MSN bu rəqəmlərə çatdıqda yaxşı nailiyyətlər əldə etmiş olacaqdı.
Müdafiə sənayesində Azərbaycanla əməkdaşlığını artıran Türkiyə, bu sahədə əlaqələrini daha da dərinləşdirməkdədir. Azərbaycan müdafiə sənayesini yaxından izləmək, yeni əməkdaşlıqların qurulmasını dəstəkləmək və digər işləri həyata keçirmək üçün Türkiyə Müdafiə Sənayesi Başqanlığından İlker Türköz Azərbaycan üzrə müşavir təyin olundu. Həmçinin Türkiyənin HAVELSAN şirkəti Azərbaycan Texniki Universitetinin (AzTU) nəzdində fəaliyyət göstərən “Bilişim Vadisi Bakı”da nümayəndəlik ofisi açdı.
Silahlanma
Əvvəlki illərdə olduğu kimi 2023-cü ildə də Azərbaycan Silahlı Qüvvələrinin silah-texnika imkanlarının artırılması gündəmdə saxlanıldı. Bu çərçivə də yeni silah sistemlərinin satın alınması, inventara daxil edilməsi və arsenalın zənginləşdirilməsi uğurla davam etdirildi.
İl ərzindəki çıxışlarında həm Prezident İlham Əliyev, həm də müdafiə naziri Zakir Həsənov yeni silahların alınmasının əhəmiyyətini və vacibliyini vurğulamışdır. Bununla yanaşı, şəxsi heyətin döyüş bacarıqlarının artırılması, peşəkarlığının yüksəldilməsi və yeni alınan silah sistemlərindən istifadə bacarıqlarının təkmilləşdirilməsi məsələlərinin də gündəmdəki vacib mövzular olduğu qeyd edilmişdi.
2023-cü ildə Azərbaycanın silah və texnika satınalmalarında, yeni müqavilələrin bağlanmasında əsas yeri ənənəvi olaraq Türkiyə, İsrail, Rusiya və İtaliya tutdu. Bu ölkələr ilə bir sıra satınalma və modernləşdirmə müqavilələri imzalandı. Sözügedən sahədə əsas diqqət Azərbaycan Hərbi Hava Qüvvələrinin köhnəlmiş aviasiya parkının yenilənməsinə yönəldildi və bu istiqamətdə vacib addımlar atıldı.
IDEF-2023 sərgisində Azərbaycan Müdafiə Nazirliyi ilə Türkiyənin TUSAŞ şirkəti arasında Azərbaycan HHQ-yə məxsus Su-25 qırıcılarının modernləşdirilməsinə dair müqavilə imzalandı. Türkiyəyə göndərilmiş Su-25 hücum təyyarəsində TUSAŞ tərəfindən modernləşdirmə işləri yekunlaşdıqdan sonra ilin ikinci yarısına doğru Azərbaycana gətirildi. “Laçın” layihəsi adı altında modernizasiya edilərək yenidən Azərbaycan hərbi pilotlarının istifadəsinə verilən Su-25ML (modernizə edilmiş “Laçın”) təyyarəsinin sınaq uçuşları keçirildi və döyüş atışları icra edildi.
Modernizasiya nəticəsində Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus Su-25 döyüş təyyarəsinə KGK qanadlı tuşlama dəsti və yüksək dəqiqlikli “Teber” LGK lazer tuşlama dəsti ilə təchiz edilən aviasiya bombaları inteqrasiya olundu. Bundan əlavə, təyyarənin avionikası da təkmilləşdirildi, lakin detalları barədə məlumat verilmir.
2023-cü ilin əsas mühim hadisələrindən biri Azərbaycanın Müdafiə Nazirliyi və İtaliyanın “Leonardo” şirkəti arasında C-27J “Spartan” hərbi nəqliyyat təyyarələrinin tədarükünə dair müqavilənin imzalanması oldu. Xatırladaq ki, “Poliqon” jurnalı olaraq daha əvvəl Azərbaycanın HHQ-nin köhnəlmiş İl-76 nəqliyyat təyyarələrini əvəz etmək üçün C-27J “Spartan”la maraqlandığını qeyd etmişdik.
2023-cü ilin sonuna doğru Azərbaycan Müdafiə Nazirliyi Rusiyanın “Trekol” şirkətindən aldığı 6×6 təkər formullu “Xaski” yolsuzluq avtomobilinin görüntülərini paylaşdı. Zirehli olmayan “Xaski” yolsuzluq avtomobili qarlı, palçıqlı və bataqlıq ərazilərdə şəxsi heyətin daşınması üçün nəzərdə tutulub.
Tikinti-quruculuq işləri
2023-cü il həm də Azərbaycanda silahlı qüvvələrin modernləşdirilməsi və quruculuq dövrü kimi xarakterizə etməyə imkan verir. 2023-cü il ərzində Azərbaycan prezidenti İlham Əliyevin göstərişinə əsasən Silahlı Qüvvələrdə tikinti-quruculuq işləri davam edib. İl ərzində bir çox yeni hərbi və xüsusi obyektlər istifadəyə verildi. 2023-cü ilin fevralında Cəbrayıl rayonu ərazisində Dövlət Sərhəd Xidmətinin hərbi hissəsində zabit-gizirlər üçün yaşayış binaları xidməti istifadəyə verildi.
İyun ayının 23-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış oldu, hərbi hissəyə Döyüş bayrağını təqdim etdi. Bununla da Azərbaycanda növbəti komanda hərbi hissəsi yaradıldı.
Geridə qoyduğumuz il ərzində Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə bir sıra obyektlərin açılışı baş tutdu. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 13-də Azərbaycan Hərbi Hava Qüvvələrinin yeni Mərkəzi Komanda Məntəqəsinin açılışında, sentyabrın 25-də isə Naxçıvan Bərpa-İstehsalat Hərbi Kompleksinin açılışında iştirak etdilər.
8 Noyabr – Zəfər Günündə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Laçın rayon şöbəsinin inzibati binasının açılışı oldu.
Noyabrın 29-da Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) yeni inzibati binalarının açılışında iştirak etdi. Dövlət başçısına məlumat verildi ki, inşasına 2021-ci ilin martında başlanmış inzibati binaların tikintisi bu ilin avqustunda yekunlaşıb. İnşaat işləri müasir standartlara uyğun aparılıb, binalar bütün zəruri avadanlıq və inventarlarla təmin olunub, burada əməkdaşların öz xidməti fəaliyyətlərini səmərəli həyata keçirmələri üçün hər cür şərait yaradılıb.
Ali Baş Komandan İlham Əliyev DTX-nin xüsusi təyinatlı dəstəsinin istifadə etdiyi xüsusi vasitələrə, silahlara, avadanlıqlara, dron cihazlarına və xüsusi təyinatlı avtomobillərə də baxış keçirdi. Bu zaman dövlət başçısına DTX-nin istismarında olan silah sistemləri və avadanlıqlar təqdim olundu. Həmin vaxt Türkiyənin STM şirkəti tərəfindən istehsal edilən “Kargu” kamikadze pilotsuz uçuş aparatlarının Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin xüsusi təyinatlı dəstəsinin silahlanmasında olmasını əks etdirən görüntülər paylaşıldı.
Hərbi təlimlər
2023-cü il iyunun 13-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuata bəyanatlarla çıxışında İlham Əliyev müdafiə və müdafiə sənayesi sahələrində gələcək planlar haqqında danışdıqlarını söyləmiş və 2023-cü ildə 16 birgə hərbi təlimin keçiriləcəyini qeyd etmişdi. Azərbaycan və Türkiyə arasında imzalanan hərbi əməkdaşlıq haqqında sazişə əsasən, iki ölkənin Silahlı Qüvvələri arasında ənənəvi olaraq keçirilən ikitərəfli təlimlərə “Qış Təlimi”, “Anadolu Ulduzu”, “Anadolu Ankası”, “Kurtaran”, “Anadolu Qartalı”, “Mustafa Kemal Atatürk” və “Heydər Əliyev” təlimləri, habelə “Sarsılmaz Qardaşlıq”, “Eternity”, EFES, “Erciyes”, “Qardaş yumruğu”, “Turaz Qartalı”, “Qafqaz Qartalı” və s. təlimlər aid edilir. Bu təlimlər arasında Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının cəlb edildiyi, Türkiyədə keçirilmiş, ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan “Heydər Əliyev-2023” birgə döyüş atışlı taktiki təlimi və Azərbaycanda keçirilmiş, Türkiyə Respublikasının yaradılmasının 100-cü ildönümünə həsr olunmuş “Mustafa Kamal Atatürk – 2023” birgə taktiki təlimi xüsusi önəm daşıyıb.
Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinin Qars şəhərində keçirilən “Heydər Əliyev-2023” təlimində STM şirkətinin taktiki mini pilotsuz uçuş aparatı (PUA) sistemləri aktiv şəkildə istifadə olunub. STM-nin milli mühəndislik imkanları ilə hazırladığı Sürü Dron Əməliyyat Layihəsi (BUMİN) təlimdə özünü yüksək səviyyədə göstərib. Ssenariyə uyğun olaraq, havaya qalxan 6 ədəd “Kargu” kamikadze PUA, sürü halında əməliyyat tapşırığı yerinə yetirib. Təlim çərçivəsində Türkiyə təhlükəsizlik qüvvələrinin də inventarında yer alan multikopter tipli “Kargu”, “Togan” və “Boyga” PUA-ları onlara verilən missiyaları uğurla tamamlayıb. Bundan başqa, sabit qanadlı “Alpagu” zərbə PUA-sı da əvvəlcədən müəyyən olunan hədəfləri bacarıqla məhv edib.
Təhlükəsizlik
2023-cü ildə Azərbaycanda kibertəhlükəsizlik, hərbi təhsil və aerokosmik sahəyə xüsusi diqqət ayrıldı.
Kibertəhlükəsizlik sahəsində “PAŞA Holding” Şirkətlər Qrupunun dəstəyi ilə Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) İsrailin texnologiya üzrə ən nüfuzlu ali təhsil müəssisəsi – “Technion” İnstitutu ilə birgə Azərbaycan Kibertəhlükəsizlik Mərkəzini təsis etdi. Həmçinin Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi yaradıldı.
Oktyabrda Bakı Konqres Mərkəzində kiberfestival (“Critical Infrastructure Defence Challenge 2023”) keçirildi. Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə təşkilatçılığı ilə keçirilən tədbir kiber sahə üzrə yerli və xarici şirkətləri, dövlət və özəl sektorda fəaliyyət göstərən qurumları, tələbə və ekspertləri bir araya topladı.
Tədbir çərçivəsində Azərbaycanda ilk dəfə kiberhücumların simulyasiyası ilə virtual müharibədə dövlət qurumlarının, kritik infrastrukturların, bankların, telekommunikasiya müəssisələrinin IT üzrə 3-5 nəfər tərkibdə 20 komandası 2 gün ərzində yarışdılar. Kiberfestival dövlət qurumları, kritik infrastrukturlar, maliyyə və telekommunikasiya sektorları əməkdaşlarının informasiya təhlükəsizliyi üzrə təcrübə, bilik və bacarıqlarının təkmilləşdirilməsi, dövlət və özəl sektorlararası şəbəkələşmənin və koordinasiyanın gücləndirilməsi məqsədilə təşkil olunmuşdur.
Dövlətlər səviyyəsində Azərbaycan Təhlükəsizlik Şurasının Katibinin Xidməti ilə Özbəkistanın Prezidenti yanında Təhlükəsizlik Şurasının Aparatı arasında əməkdaşlıq memorandumu imzalandı.
AzTU-nun kampusu və universitet-sənaye işbirliyi
Regionda müdafiə sənayesi sahəsi üzrə tədris aparan yeganə universitet olan Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev Azərbaycan Universitetləri üzrə “2023-cü ilin rektoru” seçildi. Seçimlər rektorların il ərzindəki nailiyyətləri, universitet idarəçiliyində qazandığı uğurlar, idarəçilərin bacarıqları sayəsində ali məktəblərin son ildə cəmiyyətdə qazandığı nüfuz meyarları əsasında seçildi.
Yola saldığımız 2023-cü ildə təhsillə bağlı olaraq “Cyberpoint” MMC ilə AzTU arasında kibertəhlükəsizlik sahəsində əməkdaşlıq haqqında memorandum imzalandı. Azərbaycan Texniki Universitetində süni intellekt texnologiyaları və kibertəhlükəsizlik sahələrində fəaliyyət göstərən dövlət qurumları nümayəndələrinin, şirkət rəhbərlərinin, mühəndislərin iştirakı ilə sektor görüşü keçirildi. Azərbaycan Texniki Universiteti ilə Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA) arasında əməkdaşlıq genişləndirildi. AzTU-nun tələbələri Avropa İttifaqı da daxil olmaqla bəzi qlobal kampaniyaların veb səhifələrində boşluqlar aşkarladı. AzTU ölkənin 16 şəhər və rayonunda irimiqyaslı layihəyə imza atdı – “şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması”.
AzTU-nun ikili diplom proqramları genişləndi, Türkiyənin bir çox nüfuzlu universitet rəhbərləri AzTU-ya gələrək əməkdaşlıq müqavilələri imzaladı. AzTU Türkiyənin dünyaca məşhur “Bilişim Vadisi” ilə əməkdaşlığa başladı. AzTU-da ən müasir tələblərə uyğun “CezeriLab” laboratoriyası quruldu, tələbələr həmin laboratoriyada ölkədə ilk dəfə olaraq Azərbaycan dilində proqramlaşdırılan 3D printeri hazırladılar. Türkiyənin sənaye və texnologiya naziri AzTU-ya gəldi, görülən işlərlə tanış oldu. Dünyaca məşhur NOKİA şirkəti AzTU-da laboratoriya açacağını elan etdi, əməkdaşlıq quruldu. AzTU-da yeni nəsil mühəndis hazırlığı üzrə xüsusi proqramın icrasına start verildi.
Türkiyənin Elmi və Texnoloji Tədqiqat Şurasının rəhbəri AzTU-ya gəldi, universitetin layihələri ilə tanış oldu. AzTU-da TUSAŞ yeni nəsil mühəndis hazırlığı üzrə xüsusi layihələrə start verdi. Türkiyənin dövlət korporasiyasının nümayəndə heyətləri AzTU-ya gələrək önəmli görüşlər keçirdi. Almaniya şirkətlərinin rəhbər şəxsləri AzTU-ya gəldi, tədqiqat sahəsində əməkdaşlıqlar müzakirə olundu. AzTU-da “Müdafiə sənayesi üzrə ixtisaslı kadr hazırlığı: radioelektron, aerokosmik sistemlər və robotlar” mövzusunda II respublika elmi-texniki konfransı keçirildi.
Azərbaycanda aerokosmik inkişaf
Aerokosmik sahədə ilin gözlənilməz hadisələrindən biri “Azersky” – Yerin məsafədən müşahidə peykinin dizayn edilmiş istismar müddətini 1 il daha tez, yəni fəaliyyətinin 9-cu ilində başa çatdırması oldu.
Azərbaycanın Kosmik Agentliyi (“Azərkosmos”) 2023-cü ildə ICESCO (İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı), ABŞ-ın “SpaceX” şirkəti və Braziliyanın Kosmik Agentliyi ilə əməkdaşlıq müqavilələri imzaladı.
Bundan başqa, “Azərkosmos” ilə “Bayanat” şirkəti arasında Coğrafi İnformasiya Sistemlərinin inkişafına dair müqavilə, Çinin “Emposat” şirkəti ilə hostinq xidmətlərinin göstərilməsinə dair müqavilə, qlobal peyk operatoru “Intelsat” şirkəti ilə Qərbi Afrika regionunda birgə layihələrin həyata keçirilməsinə dair kommersiya müqaviləsi, o cümlədən Keniyanın “CommCarrier” şirkəti ilə Şərqi və Mərkəzi Afrika regionunda Azerspace-2 peykinin KU diapazonu ilə tərəfdaşlarına xidmət göstərəcək əməkdaşlıq müqaviləsi və İsrailin “Spacecom” peyk operatoru ilə uzunmüddətli layihələrin birgə həyata keçirilməsinə dair əməkdaşlıq müqaviləsi imzalandı.
2023-cü il 2-6 oktyabr tarixlərində Azərbaycanın Kosmik Agentliyinin və Beynəlxalq Astronavtika Federasiyasının tətəfdaşlığı ilə Bakıda 74-cü Beynəlxalq Astronavtika Konqresi (IAC 2023 Baku) keçirildi. Aerokosmik sahədə bu cür beynəlxalq tədbirin ölkəmizdə keçirilməsi Azərbaycanın kosmik sektora göstərdiyi böyük diqqəti bütün dünyaya əks etdirdi.
“IAC 2023 Baku” çərçivəsində baş verən vacib hadisələrdən biri “Azərkosmos” və “Israel Aerospace Industries” (IAI) şirkəti arasında Azərbaycanın yeni müşahidə peyklərinin hazırlanması üzrə əməkdaşlıq müqaviləsinin imzalanması oldu. Bu müqaviləyə əsasən “Azersky-2” proqramı çərçivəsində iki peyk hazırlanacaq ki, onlardan da ikincisinin Azərbaycanda istehsal edilməsi nəzərdə tutulub.
Magistral yol təhlükəsizliyi
Mülki sahədə Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 45-ci kilometrliyində Türkiyənin ASELSAN şirkəti ilə birgə yeni texnologiyaya əsaslanan elektron tərəzinin açılışı oldu. Həmçinin Türkiyənin ASELSAN şirkəti tərəfindən avtomobil yollarında hərəkətdə olan avtonəqliyyat vasitələrinin ölçü və çəki pozuntularını aşkar etmək məqsədilə hazırlanan Əsas Nəzarət-İdarəetmə Mərkəzi Bakıda istifadəyə verildi.
Bundan əlavə, Gəncə şəhərində “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) törəmə şirkəti – “AzerBlast” MMC tərəfindən inşa olunan ilk sənaye partlayıcı maddələrinin istehsalı zavodu sınaq rejimində fəaliyyətə başladı.
“Hərbi jurnalist Rəşad Süleymanov” Media Mükafatı
2023-cü ildə hərbi jurnalistlərin, minatəmizləmə işçilərinin və Azərbaycan Prezidentinin təhlükəsizliyini təmin edən orqanın əməkdaşlarının zəhmətlərinin qiymətləndirilməsi ilə bağlı müəyyən mükafat və medallar təsis edildi. Bu çərçivədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) 25 illiyi və “Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanın 30 illiyi ilə bağlı yubiley medalları təsis olundu.
“Poliqon” (əvvəlki adı “Azeri Defence”) jurnalının təsisçisi və baş redaktoru olmuş hərbi jurnalist Rəşad Süleymanovun adının əbədiləşdirilməsi və Azərbaycanda hərbi sahə üzrə fəaliyyət göstərən jurnalistlərin əməyinin qiymətləndirilməsi üçün “POLIQON JURNALI” MMC tərəfindən “Hərbi jurnalist Rəşad Süleymanov” Media Mükafatı təsis edildi. Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin təşkilatçılığı ilə mükafat ilk dəfə Milli Mətbuat Günü ərəfəsində, iyulun 18-də Azərbaycan Mətbuat Şurasında keçirilən tədbirdə televiziya, onlayn xəbər saytları, qəzet və informasiya agentliklərində hərbi sahə üzrə fəaliyyət göstərən bir qrup jurnalistə təqdim olundu.
Perspektivlər
Son olaraq qeyd edək ki, 2024-cü ildə Azərbaycanın müdafiə və təhlükəsizlik xərclərinin 6 milyard 421 milyon manat olması proqnozlaşdırılıb.
Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində bildirib ki, 2024-cü ildə hərbi təyinatlı yerli istehsal böyük dərəcədə artacaq: “Gələn il həm dövlət, həm özəl sektor tərəfindən hərbi təyinatlı məhsulların istehsalına ən azı bir milyard manat sərmayə qoyulacaq. Beləliklə, biz nəinki özümüzü əsas vasitələrlə təmin edəcəyik, Azərbaycan dünya miqyasında çox ciddi ölkəyə çevriləcək, bizim hərbi təyinatlı məhsulların həcmi və sayı böyük dərəcədə artacaq”.
Prezident çıxışını uğurlu 2024-cü il üçün birlik, qürur və ümid ismarıcı ilə tamamlayıb. O, qələbəni və birliyi simvolizə edən “Dəmir yumruq”un hər zaman yerində olacağını bildirib.
“Tarixi Zəfərimiz – İkinci Qarabağ müharibəsindəki Zəfər, antiterror əməliyyatı, işğalçılardan azad olunmağımız, separatçı rejimin çökməsi bütün azərbaycanlıları haqlı olaraq bir araya, bir yumruq halına gətirir.
“Dəmir yumruq” bizim Zəfər salnaməmizin rəmzi idi. Bu gün, eyni zamanda, “Dəmir yumruq” birliyimizin rəmzidir və Azərbaycan xalqını, bütün dünya azərbaycanlılarını əmin etmək istəyirəm ki, “Dəmir yumruq” hər zaman yerində olacaq” – deyə dövlət başçısı vurğulayıb.