Türkmənistan Serbiyadan “Lazar 3” zirehli transportyorları alır

Serbiya öz “Lazar 3” zirehli transportyorlarını ixrac etməyə başlayır. Döyüş texnikasının ilk xarici alıcısı Türkmənistan ordusudur.
“Poliqon” “Sputnik”ə istinadən xəbər verir ki, bunu Serbiyanın Rusiyada və Türkmənistanda diplomatik fəaliyyət yerinə yetirən səfiri Miroslav Lazanski söyləyib.
Səfir jurnalistlərə müsahibəsi zamanı “Serbiya hərbi sənayesi və iqtisadiyyatı üçün böyük xəbər – “Jugoimport-SDPR” şirkəti “Lazar 3” zirehli transportyorlarını Türkmənistana satmışdır. Bu kateqoriyanın – zirehli transportyorlar və piyadaların döyüş maşınları – bazarında, bir çox yaxşı texnika var və əgər “Lazar 3” Türkmənistanda qələbə qazana bilmişsə, deməli bu maşın həqiqətən yüksək keyfiyyətə malikdir. Bu ilkin sayın artacağına ümid edirəm. Sürət və manevr qabiliyyətinə görə bu döyüş maşını “Serbiya Formula 1″-i adlanır”, – deyə bildirib.
Aşqabadın sifariş etdiyi Serbiya zirehli transportyorlarının dəqiq sayı açıqlanmır və müqavilənin şərtləri məxfi saxlanılır. Qeyri-rəsmi məlumatlara görə, Türkmənistan 2021-ci ildə çatdırılması şərti ilə 24 ədəd “Lazar 3” zirehli transportyorun alınmasından ötrü 2020-ci ildə müqavilə imzalamışdır. Digər mənbələrə görə isə, Türkmənistan, 9 ədəd zirehli transportyorun sınaq partiyasını almışdır və istismar nəticələrinə əsasən sonrakı alış barədə qərar qəbul edəcəkdir.
HazırdaTürkmənistan ordusu şəxsi heyəti döyüş meydanına daşımaq üçün Sovet/Rusiya istehsalı olan BTR-80 zirehli transportyorlarından istifadə edir. Serbiyanın “Lazar 3” zirehli transportyorlarının Türkmənistan ordusundakı BTR-80 zirehli transportyorlarının əvəz edilməsi məqsədi ilə satın alındığı ehtimal olunur.
“Lazar 3” zirehli transportyoru, “Lazar 1” və “Lazar 2” zirehli transportyorlarının davamı olaraq, “Yugoimport – SDPR” şirkəti tərəfindən Belqrad Hərbi Texniki İnstitutu ilə birlikdə hazırlanıb. İlk dəfə 19-23 fevral 2017-ci il tarixində Əbu-Dabi şəhərində keçirilən “IDEX 2017” sərgisində nümayiş etdirilib.
Həmin ildə “Lazar 3” zirehli transportyorlarının ilk partiyasını Serbiya Daxili İşlər Nazirliyinin Jandarma Qüvvələri alıb. 2018-ci ildə isə “Lazar 3” zirehli transportyoları Serbiya ordusunun silahlanmasına qəbul edilib.
Zirehli transportyorun təkər formulu 8×8, STANAG 4569 standartı üzrə əsas versiyada elan edilmiş qoruması 3, ön qoruması isə 3+ qədər yüksəldilmişdir. STANAG 4569 standartı üzrə minalardan qorunma səviyyəsi 3a və 3b tələblərinə cavab verir. Zirehlənməsi asma bloklar sayəsində artırıla bilir. Müştərinin seçimindən asılı olaraq növbəti silahlarla təchiz edilir: 30 mm-lik top, 12,7 və 7,62 mm-lik pulemyotlar, TƏİRK.
Zirehli maşının uzunluğu – 8 m, eni – 3 m, hündürlüyü 2,3 m (döyüş modulu istisna olmaqla), kütləsi əsas konfiqurasiyada 24 ton, gücləndirilmiş zirehlə 26 ton təşkil edir.
Transportyorun şossedə hərəkət sürəti 110 km/saat, heyəti 3 nəfər, daşıdığı desant 9 döyüşçüdür.
Əhəd Əzizov




