
İsveç və Ukrayna arasında 16 ədəd “Gripen E” qırıcısının satın alınmasını nəzərdə tutan saziş imzalanıb.
“Poliqon” xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda Kiyevdə keçirilmiş imza mərasimində Ukrayna Prezidenti Volodimir Zelenski və İsveçin müdafiə naziri Pol Yonsonun da iştirak etdiyi bildirilib.
Qeyd edilib ki, layihə çərçivəsində hazırlıq işləri əvvəlcədən həyata keçirilib və bu addım iki ölkə arasında müdafiə əməkdaşlığında yeni mərhələnin başlanğıcı hesab olunur.
Ukraynanın hava məkanının müdafiəsinin gücləndirilməsi üzrə iki ölkə arasında bir neçə əməkdaşlıq istiqaməti mövcuddur.
Birincisi operativ istiqamətdir. Belə ki, artıq 2027-ci ilin əvvəlində Ukrayna İsveçdən hərbi yardım çərçivəsində ilk 16 ədəd “Gripen C/D” təyyarəsini təhvil alacaq. Bu, platformanın daha sürətli inteqrasiyasına, pilot və texniki heyətin hazırlanmasına, infrastrukturun uyğunlaşdırılmasına və Hərbi Hava Qüvvələrinin döyüş qabiliyyətinin artırılmasına imkan verəcək.
İkincisi isə daha strateji istiqamətdir. Ukrayna Böyük Britaniyanın dəstəyi ilə avrokredit vəsaiti hesabına 16 ədəd “Gripen E” təyyarəsi satın alır. Bu təyyarələrin tədarükünə 2029-cu ilin əvvəlində başlanılacaq. Təyyarələrlə yanaşı, Ukrayna zəruri avadanlıq, logistika və texniki dəstək də əldə edəcək.
Bildirilib ki, “Gripen” qırıcıları “Meteor” raketlərini daşımaq qabiliyyətinə malikdir və bu səbəbdən Ukraynanın texnoloji üstünlüyünün əsas amillərindən birinə çevrilə bilər. Bu təyyarələr təhlükələri daha erkən aşkar etməyə, düşmən aviasiyasına daha effektiv qarşı çıxmağa və hava hədəflərini uzaq məsafələrdən vurmağa imkan verəcək.






