Ukrayna şirkəti 23 və 30 mm antimaterial piyada silahları hazırlayır

Ukrayna şirkəti 23 və 30 mm antimaterial piyada silahları hazırlayır

Ukraynanın müdafiə sənayesi kompleksinə daxil olan “Mayak” zavodunun törəmə “Mayak-Perspektiva” şirkəti 14,5 mm çaplı “Niçnıy Xijak” (“Gecə Yırtıcısı”) antimaterial snayper tüfəngindən sonra Ukrayna Silahlı Qüvvələri üçün 23 mm və 30 mm çaplı antimaterial piyada silahları hazırlayacaq.

“Poliqon” xəbər verir ki, bu barədə “Mayak-Perspektiva” şirkətinin direktoru Aleksandr Qordeyev “Defence Express” portalına müsahibəsi zamanı bildirib.

“Mayak-Perspektiva” zavodu Ukrayna Silahlı Qüvvələri üçün yeni piyada silahlarının hazırlanmasını həyata keçirir. Onlar 23 mm və 30 mm çaplarda hazırlanacaq və ilk nümayəndəsi 14,5 mm “Niçnıy Xijak” olan silah xəttinin davamı olacaq.

A.Qordeyevin sözlərinə görə, əslində, yeni silahlar “Niçnıy Xijak”da güclü, uzun mənzilli və gizlilik xüsusiyyətləri təcəssüm edilmiş konsepsiyanın davamı olmaqla, düşmənin zirehli texnikaları və istehkamları kimi maddi vəsaitlərini məhv etmək üçün təyin edilib.

Qeyd etmək lazımdır ki, 23 mm və 30 mm çaplarda hazırlanacaq antimaterial silahlar, istifadə xüsusiyyətlərinə görə kifayət qədər perspektivli layihələrdir. Məsələn, 23 mm çaplı piyada silahı ilə atəş aparıldıqda düşmən ilk növbədə ZU-23-2 və ya ZSU-23-4 “Şilka” zenit qurğusu, 30 mm çaplı piyada silahı ilə atəş aparıldıqda isə BMP-2, BMP-3, BTR-82A, BTR-3 və ya BTR-4 kimi texnikaları axtaracaqdır.

Müsahibə zamanı A.Qordeyev onu da bildirib ki, bu yeni silahlar artıq 14,5 mm-lik versiya üçün hazırlanmış “balistik soyuducu” adlanan vasitə ilə də təchiz ediləcək. Bu vasitə atəş səsini, istilik siqnaturasını azaldır və daxili balistikadan xarici ballistikaya daha hamar keçidə imkanı verir. “Niçnıy Xijak”dan aparılmış atəşin səsi 700 metrdən eşidilmir və bu silahdan 4 km-ə qədər nişangah atışı aparıla bilər.

Hələlik yeni silahların dəqiq xassələri açıqlanmır, lakin 30 mm çaplı piyada silahından aparılan atəşin 4 km-dən artıq olacağı ehtimal edilir. Mərminin zirehidəlmə qabiliyyəti isə düzünə dəymə zamanı piyadanın döyüş maşını (PDM) və zirehli transportyor (ZTR) kimi yüngül zirehli texnikaların ön zireh hissəsini dəlməyə imkan verəcək. Eləcə də, bu silahların digər antimaterial silahlardan fərqi o olacaq ki, tuşlayıcı silahın arxasında deyil, yanında yerləşəcəkdir.

Qeyd etmək lazımdır ki, belə piyada silahlarının meydana gəlməsinə əsas səbəb bir çox lokal müharibələrdə 12,7 mm-lik və 14,5 mm-lik iriçaplı pulemyotların zirehli texnikalardan çıxarılaraq əldədüzəltmə dəzgahlara quraşdırılması və onlardan düşmən texnikalarına qarşı antimaterial silah kimi istifadə olunmasıdır.

Bütün bu qeyd olunanlar isə, ilk növbədə düşmənin canlı qüvvəsini deyil, zirehli texnikaları və istehkamları kimi maddi obyektlərini məhv etmək məqsədi daşıyan belə tip silahların həqiqi istifadəsindən bəhs edir.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS