“Vaqnerin özəl hərbi şirkəti” – nədir və kimlərdir? – ARAŞDIRMA

“Vaqnerin özəl hərbi şirkəti” – nədir və kimlərdir? – ARAŞDIRMA

Fevralın 7-i amerikalıların Suriya ordusuna endirdiyi zərbə nəticəsində “Vaqnerin özəl hərbi şirkəti”nin əməkdaşları arasında çoxsaylı itkilər haqqında xəbərlər  ictimai diqqəti yenidən bu özəl hərbi şirkətə cəlb etdi. Nədir “Vaqnerin özəl hərbi şirkəti”?

“AzeriDefence” oxucuların mövzuya marağını nəzərə alaraq, ehtiyatda olan hərbçi, Qarabağ veteranı Nazim Bayramovun “Vaqnerin özəl hərbi şirkəti” barədə araşdırmasını təqdim edir.

Dünyanın müxtəlif “qaynar nöqtələrində” və təbii fəlakət (fövqaladə) zonalarında hərbi mühafizədən, hərbi logistika və hərbi təlimata qədər geniş çeşidli hərbi xidmətlər göstərən özəl hərbi şirkətlər (ÖHŞ) fəaliyət göstərir. Özəl hərbi şirkətlərin sifarişçisi adətən hökümətlər, iri nəqliyyat və neft korporasiyaları olur. BMT-nin məruzələrinə görə dünyada hərbi və mühafizə xidmətlərin illik dövriyəsi 500 milyard dollardan artıqdı.

Benəlxalq reystrlərdə adı keçən şirkətlərdən fərqli, “Vaqnerin özəl hərbi şirkəti” heç yerdə, o cümlədən Rusiyada qeydiyatdan keçməyən, rəsmi saytı və kontaktları olmayan “alternativ” hərbi təşkilatdır. Hüquqi tərəfindən başqa, dünyada fəaliyət göstərən özəl hərbi şirkətlərdən digər əsas fərqi “əməkdaşlarının” xarici ölkələrdə hərbi əməliyatlarda “piyada” kimi istifadə olunmasıdır. Bu cəhət, “şirkəti”, faktiki “kiçik ordu” anlamına gətirir.

“Vaqnerin özəl hərbi şirkəti” özü barədə məlumatları məxfi saxladığından, “şirkətin” yaranması, fəaliyəti, sahibləri, maliyələşdirilməsi, iştirak etdiyi xüsusi və hərbi əməliyatlar, komandirləri və itkiləri haqqında geniş ictimaiyyətə xəbər agentliklərinin, jurnalistlərin və vətəndaş cəmiyyəti fəallarının tədqiqatlarından məlumdur. Bunlardan, Sant-Peterbrqlu jurnalist Denis Korotkovun, şirkət əməkdaşlarının (anonimlik şərtilə) verdikləri müsahibələr, onların yaxınları ilə kontaktlar, sosial şəbəkə profillərindən toplanmış məlumatlar, foto, video və sənədlərlə kifayət qədər əsaslandırılmış jurnalist tədqiqatı, CİT (Münaqişələrin Monitorinqi Resursu) araşdırmaları və BBC, “Reuters”, RBK kimi agentliklərin müstəqil araşdırmaları əsasında və şəxsi mənbələrimdən olan məlumatlar əsasında “Vaqnerin qrupu” haqqında reallığa yaxın təsəvvür yaratmaq mümkündür.

“Vaqner qrupunun” idarə və döyüş nüvəsini ləğv olunmuş, “Slavyan Korpusu”  təşkil edir. 2013-cü ilin yazında, əsas “ixtisası” gəmiləri dəniz quldurlarından mühafizəsi olan “Moran Security Group”un menecerləri Vadim Qusev və Yevgeniy Sidorov müharibə gedən ölkələrdə neft yataqlarının və neft infrastrukturu obyektlərin mühafizəsini həyata keçirəcək “Slavonic Corps Limited” adlı özəl hərbi şirkəti Honq Konqda qeydiyatdan keçirmişlər. Çox keçməmiş şirkət, Bəşər Əsədə yaxın suriyalı bir neft oliqarxı ilə Deyr-az-Zor vilayətində neft obyektlərinin mühafizəsinə dair saziş bağlayır. “Slavonic Corps Limited”  Sankt-Peterburqda yerləşən ofisi vasitəsilə rusiyalı və ukraynalı keçmiş hərbçilərdən və güc strukturları  əməkdaşlarından ştat toplayır.

“Slavyan korpusu” 267 nəfər muzdlu topladı və onları iki bölüyə bölüb, 2013 ilin payızında  Suriyaya yolladı. Onlar əvvəlcə Beyruta, oradan isə Latakiyaya keçirilmişlər. Latakiyada Suriyanın ehtiyat qüvvələrinin hazırlıq bazasında silahlanandan və bir aylıq hazırlıqdan sonra “Slavyan korpusu” Homsa gətirilib, bir neçə köhnə tank və PDM daxil, zirehlənmiş avtobuslarla Deyr-az-Zora göndərilmişdi. Yola düşəndə “Slavyan korpusu” əməkdaşları anladılar ki, neft obyektlərini mühafizə etmək üçün əvvəlcə Əsəd müxalifləri və İŞID dəstələri ilə dolu əraziləri keçməli, sonra o obyektləri kimlərinsə əlindən döyüşlə almalıdırlar. Lakin Deyr-az-Zora çatmamış, Homs vilayətinin Əl-Suxnah şəhəri yaxınlığında “Slavyan Korpusu” İŞID dəstələrinin hücumuna məruz qalmış, dəstə 6 nəfər yaralı verərək, Homsa qayıtmış, oradan Latakiyaya bazaya qaytarılmışdır. Gələndə rusları sevinclə qarşılayan suriyalıların tərs baxışları altında onlar Latakiyada tərksilah olunub, iki təyarə ilə Moskvaya təxliyə olunundlar. Moskvada aeroportda təyarələri FTX (Federal Təhlükəsizlik Xidməti) əməkdaşları qarşılayıb, sıravi əməkdaşları qeydiyyata alıb, evlərinə buraxıb, rəhbərləri V.Qusevi və Y.Sidorovu isə muzdlu hərbi fəaliyətə görə həbs etmiş və daha sonra hər biri 3 il azadlıqdan məhrum edilmişlər. Bununla “Slavyan Korpusu” adlı özəl hərbi şirkətin fəaliyətinə son qoyulmuşdu.

“Slavyan korpusu” (Rusiya qanunlarına zidd fəaliyəti səbəbilə) ləğv olunsa da, onun əməkdaşları Suriyadan qaytarıldıqda FTX-nin və QRU-nun nəzər dairəsinə düşmüşlər. Zamanı gəlincə, QRU onların potensialından “yararlanaraq”, apardığı “hibrid müharibələrdə“ və Rusiya hökümətinin xaricdə “delikat” əməliyatlarında alət kimi istifadə etməyə başladı. Beləliklə, bir müddət sonra QRU-nun kuratorluğu ilə “Slavyan korpusun” əməkdaşları bu dəfə keçmiş QRU zabiti Dmitriy Utkinin başçılığı altında “Vaqnerin qrupu” adlandırılan silahlı dəstədə toplandılar.

Dəstənin komandiri QRU əlahiddə xüsusi təyinatlı hərbi hissəsinin komandiri olmuş, ehtiyatda olan podpolkovnik Dmitriy Utkindir. Hərbi xidmətdən sonra o, “Moran Security Group” mühafizə şirkətin əməkdaşı kimi gəmiləri dəniz quldurlarından qoruyub, daha sonra “Slavyan korpusun” bölmə komandirlərindən biri kimi 2013-cü ilin oktyabrında “Suriya sərgüzəştlərində” iştirak etmişdir. “Vaqner” D.Utkinin özünə götürdüyü radioləqəbidir.

“Vaqner qrupu”nun ilk “ezamiyyəti” 2014-cü ilin martında Krıma olmuşdur. Krımdan onlar bizə “yaşıl adamlar”, “nəzakətli adamlar”  kimi tanışdırlar.

Krımdan sonra “Vaqner”in bölmələri Ukraynanın cənub-şərqində gedən münaqişədə istifadə olunublar. Onlar həm Ukrayna ordusuna qarşı (Debaltsovo), həm Luqansk vilayətində separatçıların nəzarətdən çıxmış səhra komandirlərinin “təmizlənmə” əməliyyatlarda iştirak etmişlər.

Məlumatlara görə, 2015-ci ilin avqustundan “Vaqner qrupu”nun daimi dislokasiya yeri Krasnodar diyarında Molkino kəndi yaxınlığında, 10 saylı QRU əlahiddə xüsusi təyinatlı briqadanın təlim mərkəzinin ərazisində yerləşir. Dəstə burada intensiv hərbi təlim keçir. “Şirkətə” qəbul olunmaq istəyənlər bazada (və ya Moskva yaxınlığında daha bir hərbi məntəqədə) tibb müayinəsindən keçir, fiziki hazırlıq imtahanı verir və poliqrafdan (“yalan detektorundan”) keçirlər. Qəbul olunmuşlar burada bölüklərə bölünür, 1-2 aylıq hərbi təlim keçirlər. Xaricdə muzdla döyüşməyi arzulayanların motivlərində pul heç də həmişə birinci yer tutmur. “Vaqnerin şirkətinə” qəbul anketlərini əldə etmiş D.Korotkov, anketdə müvafiq sualın cavabında bir çox rekrutların “maddi ehtiyacı” (kreditlər, ev almaq, yaxınlarının müalicəsi və s.) göstərsələr də, “Rusiyanın dünyada qüdrətinin yüksəlməsi” kimi səbəbi göstərmiş “ideyalı” könüllülər də az deyil. Onlara görə “Rusiyanın dövlət maraqlarını və təhlükəsizliyini qorumaq üçün onsuzda müharibəyə yola düşməyə hazırdırlar, buna görə pul da verirlərsə, daha yaxşı”. “İdeyalılarla” bərabər sırf müharibə həvəskarları, hərb peşəsini ordu sıralarından kənarda davam etmək istəyən ehtiyatda olan peşəkarlar da az deyil.

2015-ci ilin sentyabrında Rusiya Hava-Kosmik Qüvvələrinin (HKQ) aviasiyası Suriyada əməliyyatlara başlayandan “Vaqner qrupu”nun fəaliyəti Suriyaya keçirilir. “Vaqner”in bölmələri hərbi-nəqliyat təyarələri və çarter reysləri ilə Suriyaya göndərilirlər.

Plana uyğun olaraq, “Vaqnerin qrupunun” (bəzən “briqada” deyilir) sayı 2500-ə çatdırılmalı idi.

Suriyada “Vaqnerin qrupu”nun ümumi real sayı 1350-ə nəfərə yaxın olmuşdur. “Briqadanın” əsas döyüş bölmələri beş “kəşfiyat-həmlə” dəstəsindən (“həmlə” də deyilir) və ağır silahlı bölmələrdən ibarətdir. Ağır silahlı bölmələr tanklarla və digər zirehli texnika, mimaatanlar və iriçaplı pulemotlarla silahlanıb. Tələb olunanda, “həmlə” texnika və ağır silahlarla gücləndirilərək, döyüşlərdə batalyon-taktiki qrup şəklində istifadə olunur. Bundan başqa, “briqadanın” idarə strukturları, təminat-təhcizat və s. bölmələri var. Kəşfiyat-həmlə dəstəsində 300 döyüşçü olur. Dəstə üç (90-100 nəfərlik) bölüklərdən ibarətdir. “Vaqner”in daha bir bölüyü-“Vesna” – etnik ukraynalılardan ibarətdir. Bu dəstə Donbasda döyüşlər gedən dövrdə Ukrayna qoşunlarının arxasına keçib, təxribat əməliyatları keçirmək məqsədilə yaradılmışdır. Lakin dəstənin zəif hazırlığı səbəbilə nəzərdə tutulan təxribat əməliyatlarını həyata keçirmək mümkün olmamışdır. Suriya dövründə, 2017-ci ildə dəstənin sayı 100-150-ə nəfərə çatdırılıb. “Vesna”ya həmçinin rusiyalı kazaklar və 15-20 nəfər çeçenlər daxildi. Dəstədə, Ukraynada döyüşmüş kiçik serb taqımı da var.

Döyüşlərdə bilavasitə iştirak edən “həmlədə” aylıq maaş 240 min rubl, iri və şiddətli döyüşlərə görə 300 min rubldur. Döyüşdə birbaşa iştirak etməyənlərin maaşı 100-160 min rubldur. Ölən əməkdaşın ailəsinə 5 mln rubl sığorta pulu verilir. Müqavilə 6 aylıq bağlanır.

Suriyada “Vaqner ordusu”nun ilk ciddi döyüşü 2016-cı ilin yanvarında Hama vilayətinin Əl-Skalbiyə şəhərində baş vermişdir. Burada “Vaqner” bölmələri Suriyaya gətirilmiş Rusiyanın 7-ci desant-həmlə (dağ) diviziyasının artilleriya atəşi dəstəyi ilə “Cəbahat əl-Nusra”nın dəstələrini məğlubiyətə uğradaraq, geri çəkilməyə məcbur etmişlər.

“Vaqner ordusu”nun iştirak etdiyi növbəti – daha ciddi döyüşlər 2016-cı ilin martında Palmira uğurunda baş vermişdir. Martın 13-ü Rusiya HKQ-nin havadan dəstəyi ilə Suriya Ordusu Rusiya MN-nin xüsusi əməliyatlar qüvvələri və “Vaqnerin ordusu”nun bölmələri ilə birlikdə Palmiranı İŞID-dən azad etmək və şəhərdən şimal-şərqdə yerləşən qaz yataqlarını ələ keçirmək məqsədilə hücuma keçib. Palmiraya hücumda əsas həmlə qüvvəsi “Vaqnerin bölmələri” olmuşdur. Martın 27-i şəhər İŞID-dən tamam azad olunub. Bu döyüşlərdə “Vaqner” 32 ölən və 80-ə yaxın ağır yaralı itki vermişdi. Palmiranın alınmasında göstərdikləri şücaətə görə “Vaqner ordusu”nun iki komandirinə “Rusiya qəhramanı” adı verilmiş, bir sıra komandirlər və döyüşçülər müxtəlif dövlət orden və medalları ilə təltif olunmuşlar.

Palmira döyüşündən sonra “həmlələr” evə buraxıldılar (hərbi-nəqliyat təyarələri ilə Rusiyaya daşınırlar). “Briqadanın” daimi xidmətləri, mühafizə bölmələri və Suriyanın xüsusi təyinatlı “İSİS Hunters” (“İŞİD Ovçuları”) dəstəsini hazırlayan təlimatçı qrup Homs şəhərindən 80 km-də yerləşən tankodromdakı bazada saxlanmışdır. Mühafizə bölmələri bazadan 40 km-də yerləşən qaz-emal zavodunu və digər obyektləri müdafiə edirdi. 2016-cı ilin sonlarına qədər “briqadanın” bəzi bölmələri isə dağlıq Latakiyada, Hələbdə və Aş-Şayir qaz yataqları uğrunda baş verən döyüşlərdə Suriya ordusu ilə birlikdə hərbi əməliyatlarda iştirak edib.

2016-cı ilin dekabrında Suriya və Rusiya qüvvələrinin Hələbdə cəmləşməsindən istifadə edən İŞID dəstələri Palmiraya hücuma keçib, ciddi müqavimətə rast gəlmədən, şəhəri yenidən tutmuşlar.

Videoda “Vesna” dəstəsinin cavabdeh olduğu Palmira yaxınlığında rusların səhra bazasıdır. Kazaklar üçün hücum o qədər sürətli olub ki, yeməkləri qablarda qalıb. “Vesna”, “briqadanın” ən zəif nizam-intizamlı və döyüş hazırlıqlı bölməsidir. Döyüşlərdə etibarsız və panikaya meyilli dəstə kimi tanınırlar, döyüşçülərinin arasında alkoqol və narkotik aludəçiləri az deyil.

Yaranmış vəziyətlə bağlı, 2017-ci ilin yanvarında “Vaqner” Rusiyada yeni “həmlələr” toplamağa başlayır. Lakin qəbul təcili keçirildiyinə görə tibbi müayinə və fiziki imtahan formal olaraq keçirilməyə başlayır. Namizədlərin cinayətkar keçmişi də “Vaqneri” çox maraqlandırmır. Yalnız poliqraf yoxlaması əvvəlki ciddiliyi ilə keçirilir. Molkino bazasında təlim bir aya qədər qısaldılmış və daha az silah və sursatla keçirilirdi. Beləliklə, 2017-ci ilin əvvəlindən “Vaqner ordusu”nun peşəkarlıq səviyəsi Suriyada ilk fəaliyət dövrü ilə müqayisədə aşağı düşür. 2017-ci ilin ikinci yarısından “briqadanın” ağır silahlarla və texnika ilə silahlanmasında yaranmış problemlər dəstənin döyüş keyfiyətlərini zəiflədib, canlı qüvvə itkilərinin artmasına səbəb olmuşdur.

2017-ci ilin fevralından “Vaqner ordusu”nun bölmələri Palmira ətrafı mövqelərin və qaz yataqlarının yenidən qaytarılması uğrunda gedən döyüşlərdə və (müharibə ərzində) Palmiraya ikinci həmlədə iştirak edirlər. Martın 2-i şəhər yenidən Suriya ordusu hissələrinin nəzarətinə qaytarılmışdır.

2017-ci ilin avqust-sentyabr ayları ərzində “Vaqner briqadası”nın həmlə bölmələri Akerbat şəhərinin mühasirəyə alınmasında və azad olunmasında iştirak etmişlər. Eyni zamanda “həmlələr” Deyr-əz-Zor şəhərinin 3 ildən artıq davam edən  blokadasının yarılmasında və noyabrda şəhərin terrorçulardan tamam azad edilməsində həlledici rol oynamışlar. Daha sonra “Vaqner”in bölmələri sürətlə irəliləyərək, Rusiya ordusunun istehkam-mühəndis bölmələrinin Fəratın çayının üstündən həmin vaxt çəkdikləri ponton körpülərlə Fərat çayının sol sahilinə keçib, Suriya Ordusunun gələcək hücumları üçün iki mühüm platsdarm tutmuşdular. Xatırladaq ki, bütün bu döyüşlərdə “Vaqnerin ordusu” HKQ aviasiyası və Rusiya ordusu hissələrinin artilleriya zərbələri dəstəklənib və Rusiyanın Xüsusi Əməliyatlar Qüvvələri mütəxəssisləri ilə gücləndirilmişdi.

“Vaqner briqadası”nın itkiləri Rusiya hərbi qulluqçuların itki statiskasına daxil deyil və Müdafiə Nazirliyi tərəfindən səsləndirilmir. “Vaqnerin” itkiləri haqqında və “əməkdaşının” adı, soyadı, hansı tarixdə, harada həlak olması  haqqında sosial şəbəkədə yaxınlarının və tanışlarının paylaşımlarından, şəhər (rayon) hakimiyət strukturlarının və ictimai təşkilatların iştirakı ilə keçirilən dəfn mərasimlərindən reportajlardan, “Əsgər anaları” komitəsinə daxil olan müraciətlərdən, dövlət orden və medalları ilə “ölümündən sonra” əlavəsi ilə təltif sənədlərindən və “Vaqner briqadası”nın döyüşçülərinin söhbətlərindən məlumat toplamaq mümkündür. 2017-ci ilin oktyabrında “Reuters”in verdiyi məlumata görə, ilin ilk 9 ayı ərzində 131 “vaqnerçi” döyüşlərdə ölüb və üç dəfə çox yaralanmışdı. “Vaqnerin özəl hərbi şirkətin” mif deyil, real olduğunu ilk dəfə sənədlərlə sübut etmiş, araşdırmaçı-jurnalist D.Korotkov bu rəqəmin reallığa yaxın olduğunu təsdiqləyir.

Fevralın 7-i amerikalıarın “Vaqner”in suriyalılarla birgə hücuma keçən qüvvələrini 3 saat ərzində darmadağın edib, ağır itkilərə məruz qoyması “özəl ordunun”  müasir nizami ordu ilə genişmiqyaslı toqquşmada şansı olmadığını bir daha əyani göstərdi. Əksi təəcüblü olardı.

Hadisənin ən böyük müəmması Rusiyanın Hmeymim aviabazasında yerləşən 61 nəfər rusiyalı zabitin çalışdığı Koordinasiya Mərkəzinin Fərat çayının sol sahilindəki  Suriya qüvvələrinin “Vaqner”in batalyon-taktiki qrupu ilə PYD bazasına birgə hücumu haqqında (rəsmi açıqlamaya görə) xəbərinin olmamasıdır.

İnsidentdən sonrakı günlər ərzində Fərat çayının sol sahilindəki platsdarmları Suriya hökümət qüvvələri itirdi, ərazi PYD qüvvələrinin nəzarətinə keçdi.

“Vaqnerin qrupu” Suriyada fəaliyətini davam etdirir. Bəzi məlumatlara görə 2017-ci ilin dekabrından “Vaqnerin özəl hərbi şirkəti” Sudanda fransız “Xarici Legionunu” əvəzləyir.

Həmçinin bax: “Vaqner” döyüşçüləri “Spider” lazer aşkaretmə qurğusundan istifadə edir

Poliqon.az

CATEGORIES