Veteranlar faşizm üzərində qələbənin 78-ci ildönümünü qeyd edib

Veteranlar faşizm üzərində qələbənin 78-ci ildönümünü qeyd edib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının əməkdaşları 9 may 2023-cü il tarixində Təşkilatın sədr müavini, polkovnik Cəlil Xəlilovun rəhbərliyi altında faşizm üzərində qələbənin 78-ci ildönümü münasibətilə general Həzi Aslanovun abidə-kompleksini ziyarət ediblər.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, İkinci Dünya müharibəsi qəhrəmanının abidəsi önünə gül dəstələri qoyan veteranlar faşizmə qarşı mübarizədə həlak olan soydaşlarını ehtiramla yad edib, onların xatirəsini sevgi və minnətdarlıq hissi ilə anıblar.

Veteranlar daha sonra “Qardaşlıq məzarlığı” Memorial kompleksini ziyarət ediblər. Tədbir iştirakçıları qarşısında çıxış edən polkovnik Cəlil Xəlilov Azərbaycan xalqının İkinci Dünya müharibəsində faşizmə qarşı qəhrəmancasına mübarizə apardığını, sonrakı dönəmdə bu qəhrəmanlığı erməni faşizminə qarşı mübarizədə təkrarladığını qeyd edib.

Polkovnik bildirib ki, XX əsrdə Hitler Almaniyasına qarşı mübarizədə olduğu kimi, bu gün də bütün dünya erməni faşizminə qarşı birgə mübarizə aparmalı, faşizmin yenidən baş qaldırmasına imkan verməməlidir.

Poliqon.az

CATEGORIES