Özgür Kürüm: Azərbaycanda məhsullarımızın sayı və çeşidi artır
Texnologiya və müdafiə sənayesinin aparıcı şirkətlərindən olan ASELSAN, 1990-cı illərin əvvəllərindən etibarən fəaliyyət göstərdiyi Azərbaycanda 1998-ci ildə 100% ASELSAN törəmə şirkəti olan “ASELSAN Bakı” şirkətini yaradıb. Bakıda yerləşən “ASELSAN Bakı” törəmə şirkətinin koordinasiyası ilə 20 ildən artıqdır ki, Azərbaycanda daimi və uzunmüddətli layihələr həyata keçirən şirkət Azərbaycanın xarici asılılığını azaltmaq, texnologiya transferi layihələri ilə kritik texnologiyalara çıxışı təmin etmək, yerli məşğulluq yaratmaqla sənayeni gücləndirmək və Azərbaycan Silahlı Qüvvələri ilə Türkiyə Silahlı Qüvvələrini eynən birgə əməliyyatlar keçirə biləcək şəkildə təchiz etmək məqsədiylə fəaliyyətini davam etdirir.
ASELSAN-ın Azərbaycan Silahlı Qüvvələrinə tədarük etdiyi müasir rabitə avadanlıqları və bir çox müxtəlif məhsullar həm 2016-cı ilin aprel döyüşlərində, həm də 2020-ci ilin 44 günlük Vətən müharibəsində geniş və səmərəli istifadə edilib.
“ASELSAN Bakı” şirkətinin baş direktoru Özgür Kürüm ilə rəhbərlik etdiyi şirkətin Azərbaycandakı fəaliyyəti, mövcud layihələri və gələcək planları barədə danışdıq.
Poliqon: Özgür bəy, müsahibəmizə “ASELSAN Bakı” şirkətinin fəaliyyəti ilə başlamaq istərdik. Azərbaycanda uzun illər fəaliyyət göstərən “ASELSAN Bakı” bu günə qədər hansı işləri görüb?
Özgür Kürüm: “ASELSAN Bakı” olaraq; yeni layihələr inkişaf edirmək və müqavilələr ilə nəticələnən layihələrdə təhvil verilən sistemlərin texniki olaraq qurulması, satış sonrası nasazlıqların aşkar edilməsi və xidmət-təmir işlərini 25 nəfərlik komandamızla həyata keçiririk.
Regional təhlükəsizlik və hərbi əməkdaşlıq məsələlərindən başqa, Azərbaycanda mülki qurumlar, təşkilatlar, şirkətlər və fiziki şəxslər üçün professional rabitə vasitələrinin satışı və trunk rabitə vasitələrinin icarəsi xidmətləri də göstəririk. “ASELSAN Bakı” olaraq əsas fəaliyyətlərimizi belə ümumiləşdirə bilərəm.
Poliqon: Azərbaycanda əsasən rabitə cihazları təklif edən “ASELSAN Bakı” şirkəti bu və digər istiqamətdə istədiklərinə nail ola bilirmi?
Özgür Kürüm: 20 ildən artıqdır ki, Azərbaycanda fəaliyyət göstəririk. İlk illərlə müqayisədə hesab edirəm ki, qazandığımız bilik və təcrübə ilə işimizi irəli aparmışıq. Təqdim etdiyimiz rabitə avadanlıqlarının sayı və çeşidi də zaman keçdikcə artmışdır. Təbii ki, əsas məqsəd bu əməkdaşlığın davamlı olmasıdır. Türkiyədə olduğu kimi Azərbaycanda da həm hərbi, həm də mülki sahədə fəaliyyətimizi müvafiq qurumların daimi həll ortağı məntiqi ilə həyata keçiririk.
90-cı illərin əvvəllərindən etibarən Qarabağ cəbhəsindəki Azərbaycan Ordusunu ASELSAN rabitə vasitələri ilə təmin etməklə başlayan əməkdaşlığımız bu gün də müxtəlif məqsədlərə xidmət edən bir çox fərqli layihələrlə davam edir. Biz taktiki sahədə təhlükəsiz, əl, avtomobil, arxa və hava radio həllərimizlə dəniz rabitə sistemləri, radio bağlantıları, peyk rabitə sistemləri, kripto sistemləri kimi son texnologiya məhsulları təklif edirik.
Ümid edirik ki, Azərbaycandakı əməkdaşlığımız bundan sonra da artaraq davam edəcək, hətta müvafiq yerli qurumlara texnologiya transfer edərək, kritik məhsul və sistemlərin Azərbaycanda istehsalına imkan verəcək səviyyəyə çatacaqdır.
Poliqon: Qeyd etdiyiniz rabitə həllərinə yönəlik son texnologiya sistemləriniz haqqında məlumat verə bilərsinizmi?
Özgür Kürüm: Bu gün modern orduların əməliyyatda sağ qalması üçün taktiki sahədəki çeşidli sensorlar, silah sistemləri, kompüterlər və komanda mərkəzləri arasında; intensiv, çox sürətli və real vaxtda rəqəmsal məlumatların ötürülməsi zərurət halına gəldi. Hərəkətlilik və çevikliyə əsaslanan yeni hərbi doktrinalar, bu məlumat ötürülməsini taktiki elementlərin hərəkətdə olarkən də etmələrini tələb edir.
Xüsusilə son vaxtlarda Türkiyədə TASMUS adı ilə istifadə etdiyimiz Taktik Sahə İnteqrə Rabitə Sisteminin Azərbaycan versiyasını nümunə olaraq söyləyə bilərəm. TASMUS-u taktiki iyerarxiyanın bütün səviyyələri arasında fasiləsiz əlaqə təmin etməklə tez bir zamanda yerləşdirilə bilən təhlükəsiz taktiki rabitə şəbəkəsi kimi təsvir edə bilərik. Bu, ordu qərargahının komandirlərinə döyüş sahəsinin real vaxt şəkilini əldə etməklə bütün səviyyələrə çatmağa imkan verir.
Yaxın zamanda, Azərbaycanda irəliyə yönəlik iş inkişafı fəaliyyətimiz üçün əhəmiyyətli faydalarının olacağını dəyərləndirdiyimiz, 9 müxtəlif qurumdan 108 iştirakçının yer aldığı, Kommunikasiya və İnformasiya Texnologiyaları Seminarı təşkil etdik.
Azərbaycanda hərbi və mülki rabitəyə cavabdeh olan bütün qurumların və nümayəndələrin iştirak etdiyi tədbirdə bu sahədə yeni texnologiyalarımızı tanıtma, istifadəçi səlahiyyətliləri ilə fikir mübadiləsi aparmaq imkanımız oldu.
Bundan əlavə, portativ peyk paketimiz və elektron müharibədən qorunan əl rabitə vasitəmizin də son zamanlarda ön plana çıxdığını söyləyə bilərik.
Poliqon: Özgür bəy, Azərbaycan Müdafiə Sənayesi Nazirliyi ilə ASELSAN tərəfindən həyata keçirilən birgə layihələr barədə nələri deyə bilərsiniz?
Özgür Kürüm: Azərbaycan Müdafiə Sənayesi Nazirliyi ilə ASELSAN arasında keçmişdən etibarən xüsusilə elektro-optika və gecə görmə sistemləri ilə bağlı birgə istehsalat fəaliyyətləri olub. Son illərdə tuşlama dəstləri ilə bağlı bəzi elmi birgə fəaliyyətlərimiz də var. Habelə tərəflər arasında, rabitə sistemlərinin istehsalında texnologiya transferinə dair niyyət sazişi imzalanıb.
Məsələn, Müdafiə Sənayesi Nazirliyinin “Gürze” avtomobili üzərinə ASELSAN-ın SARP uzaqdan idarə olunan silah sisteminin inteqrasiyası çərçivəsində istedad nümayişi fəaliyyəti oldu.
Poliqon: “Gürzə” nümunə kimi hazırlanıb, seriyalı istehsal olunmayıb.
Özgür Kürüm: Bəli, nümunə olaraq.
Poliqon: Özgür bəy, yuxarıda qeyd etdiyiniz kimi, 14 yanvar 2019-cu il tarixində Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin “Cihaz” İstehsalat Birliyi ilə ASELSAN arasında rabitə vasitələrinin birgə istehsalına dair memorandum imzalanıb. Hazırda sazişin icrası hansı mərhələdədir?
Özgür Kürüm: Memorandum çərçivəsində ASELSAN-ın Azərbaycanda rabitə sistemi və rabitə vasitələrinin istehsalına dair texnologiya transferi planlaşdırılır. Mövzu ilə bağlı proses və qiymətləndirmələr hələ də davam edir. Ümid edirik ki, müsbət nəticələnəcək.
Poliqon: Azərbaycan Ordusu tərəfindən Vətən müharibəsi zamanı ASELSAN-ın bir çox məhsulu geniş istifadə olundu. Bu haqda ətraflı məlumat verə bilərsinizmi?
Özgür Kürüm: Müəyyən məxfilik şərtlərinə görə bu məsələ ilə bağlı ətraflı məlumat verə bilmərəm. Ancaq qeyd edə bilərəm ki, hal-hazırda, Azərbaycanda ASELSAN-ın hər bir sistem həlli ilə bağlı olaraq ən azı bir fəaliyyət elementi var.
Ehtiyac yaranan hər bir vəziyyətdə; hələ də istifadədə olan ASELSAN sistemlərinə sahədə də dəstək verə bilmək üçün üç yüzə yaxın sahə mühəndisimiz şəxsən Azərbaycanda quraşdırma, nasazlıqların aşkarlanması, texniki xidmət və təmir kimi texniki dəstək xidmətlərini həyata keçirib.
Poliqon: ASELSAN məhsulları ilə hər zaman Azərbaycanın yanında olması ilə yanaşı, təcrübəsini və biliklərini də aşılayır. Növbəti sualımız budur ki, “ASELSAN Bakı” şirkətinin Azərbaycan Texniki Universiteti ilə əməkdaşlığı hansı istiqamətdə qurulub?
Özgür Kürüm: 2019-cu ildə başladığımız əməkdaşlıq çərçivəsində, Azərbaycan Texniki Universitetinin 3-cü və 4-cü kurs tələbələri ilə görüşdük və şirkətimizin təmin edə biləcəyi təcrübə imkanları haqqında danışdıq. Bu günə kimi 15-dən çox tələbə müxtəlif vaxtlarda “ASELSAN Bakı”da təcrübə keçib. Tələbələrə təhsil aldıqları sahədə işləmək imkanı təklif etməklə onların bilik və təcrübələrini artırmalarına köməklik etdiyimiz üçün çox xoşbəxtik.
Poliqon: Özgür bəy, ASELSAN-ın Azərbaycanda həyata keçirdiyi fəaliyyətlər çərçivəsində perspektivləri ilə bağlı nələri deyə bilərsiniz?
Özgür Kürüm: Azərbaycanın Silahlı Qüvvələrini və təhlükəsizliyə cavabdeh olan digər qurumlarını qısa, orta və uzunmüddətli perspektivdə gücləndirəcəyini nəzərdə tutduğumuz müxtəlif ölçülü və dərinlikdəki bir çox layihələrdə iştirak edirik. Üzərimizə düşən məsuliyyəti dərk edərək qarşıdakı dövrdə də qardaş ölkəmiz üçün çalışmaqda davam edəcəyik. Üzərimizə götürəcəyimiz hər bir işi inamla və müvəffəqiyyətlə yerinə yetirəcəyik.
Daha əvvəl qeyd etdiyim kimi, ASELSAN olaraq mülki strukturlarla da işləyirik. Azərbaycanda “Ağıllı şəhər”lər, siqnalizasiya və avtomatlaşdırma kimi layihələrlə də fəaliyyət göstərməyi hədəfləyirik. Çünki bu layihələrin də strateji əhəmiyyət daşıdığını düşünürük. Vətən müharibəsindən sonra Azərbaycan Prezidenti Qarabağın tamamilə yenidən qurulmasına töhfə verəcək texnologiyalarla təchiz edilməli olduğunu bildirərək, “Ağıllı şəhər”lə bağlı visionunu açıqlayıb. Bu vəziyyət işğaldan yeni çıxmış Qarabağ başda olmaqla bütün ölkə üçün nəzərdə tutulan visiondur. Bu istiqamətdə bilik və təcrübəmizi bölüşmək üçün buradakı müvafiq qurumlarla görüşlərimizi davam etdirəcəyik.
Poliqon: “Ağıllı şəhər” mövzusuna toxundunuz. 20-22 oktyabr 2021-ci il tarixlərində Bakıda keçirilmiş “Rebuild Karabakh 2021” beynəlxalq sərgisində ASELSAN stendi ilə iştirak edib. Bu sərgi haqqında təəssüratlarınızı bilmək istərdik.
Özgür Kürüm: Deyə bilərəm ki, “Rebuild Karabakh 2021” sərgisi bizim üçün səmərəli oldu. Bildiyiniz kimi, Azərbaycanın 20 faizə yaxın torpaqları işğal altındaydı. Bu torpaqlar işğaldan azad olunandan sonra hamımız gördük ki, o rayonlarda daş üstündə daş qalmamışdı. Ona görə də azad edilmiş torpaqların yenidən bərpasına ehtiyac var. Bayaq qeyd etdiyim “Ağıllı şəhər” visionuna uyğun olaraq, “Rebuild Karabakh 2021” sərgisi bizim burada əməkdaşlığımızı gücləndirmək baxımından əhəmiyyətli idi. Bütün aidiyyəti dövlət qurumları və şirkətləri ilə çoxlu görüşlər keçirmək imkanımız oldu. Yaxın vaxtlarda bu sahədə fəaliyyətimizi sürətləndirməyi planlaşdırırıq. ASELSAN olaraq bu istiqamətdə Azərbaycanla hər cür əməkdaşlığa hazırıq.
Poliqon: Özgür bəy, suallarımız bu qədər. Sonda əlavə etmək istədiyiniz fikirlər varmı?
Özgür Kürüm: Xüsusilə son 30 ildə Azərbaycanın, Azərbaycan Ordusunun, Azərbaycanın müdafiəsi və təhlükəsizliyinə cavabdeh olan bütün qurumların inkişafını görə bildiyimiz üçün çox qürur duyuruq. Bir türk olaraq, bir soydaş, qardaş olaraq çox qürur duyuruq. Axı biz Azərbaycanı ölkəmizdən daha fərqli görmürük və Azərbaycandan gələn bütün xoş xəbərlərə sevinirik.
ASELSAN olaraq hər zaman, dünya durduqca çiyin-çiyinə verərək Azərbaycanın yanında olmağa davam edəcəyik. PQ
Zaur Babaşov