BARKAN döyüş robotu “Roketsan”ın METE idarə olunan raketi ilə hədəfi vurub

BARKAN döyüş robotu “Roketsan”ın METE idarə olunan raketi ilə hədəfi vurub

Türkiyənin HAVELSAN şirkəti BARKAN yerüstü tırtıllı döyüş robotundan METE idarəolunan mini-raketin sınaq atışını həyata keçirib.

“Poliqon” xəbər verir ki, bu barədə HAVELSAN şirkəti məlumat yayıb.

Məlumatda “HAVELSAN” şirkəti tərəfindən hədəfə olan məsafə və digər detallar açıqlanmayıb.

Qeyd edək ki, YATAĞAN lazer tuşlamalı miniatür raket olaraq təqdim edilən 40 mm-lik lazerlə idarə olunan mini-raket sisteminin adı dəyişdirilərək Türkiyəli Olimpiya çempionu oxatan Mete Gazozun şərəfinə adlandırılıb.

METE Türkiyənin “Roketsan” şirkəti tərəfindən yaradılmış 40 mm çaplı raketdir. Hədəfi nişanalma lazer şüasından istifadə etməklə həyata keçirilir. Raket yarıaktiv lazer tuşlama başlığına sahibdir. Onun elan edilmiş mənzili 1 m dəqiqliklə 1000 m-dir. Raketin çəkisi 1,2 kq, uzunluğu isə 500 mm-dir.

Xatırladaq ki, əvvəllər “Roketsan” şirkəti METE buraxılışlarını kvadrokopterdən həyata keçirib. Uyğunlaşdırılmış əl və ya lüləli qumbaraatandan atəş açmaq imkanı da var. Ümumilikdə mini-raketin daşıyıcısı rolunda pilotsuz uçuş aparatları, pilotsuz yerüstü və dəniz dronları istifadə oluna bilər.

Mini-raket buraxma qurğusundan əlavə, BARKAN tırtıllı döyüş robotu 5,56 və ya 7,62 mm-lik pulemyotlu SARP-L döyüş modulu ilə də silahlandırıla bilər. Silahlandırılmış BARKAN-ın çəkisi 500 kq-dır.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS