“Baykar” ASELSAN-a CATS sistemi sifariş edib
Türkiyənin “Baykar” şirkəti ASELSAN şirkətinə 17.5 milyon ABŞ dolları (346 milyon TL) dəyərində CATS elektro-optik sensor sistemi sifariş edib.
“Poliqon” xəbər verir ki, bu barədə ASELSAN-ın İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) təqdim edilən məlumatında qeyd olunub.
Bildirilib ki, sifariş çərçivəsində ASELSAN tərəfindən tədarüklər 2023-2024-cü illərdə həyata keçiriləcək.
ASELSAN-ın inkişaf etdirdiyi CATS elektro-optik kəşfiyyat və hədəfləmə sistemi pilotsuz uçuş aparatların (PUA), helikopterlərin və təyyarələrin istifadəsi üçün nəzərdə tutulub. Kütləsi 61 kiloqram olan CATS sistemi 360 dərəcəlik bucaq altında kəşfiyyat və müşahidə aparmaq qabiliyyətinə malikdir.
Sistemə rəngli gündüz kamerası, üçüncü nəsil IR kamerası və optik sensor daxildir. Eyni anda müxtəlif hədəfləri izləmə imkanı olan CATS 25000 fut yüksəklikdə və isti temperaturda işləyə bilir.
Qeyd edək ki, ASELSAN-ın CATS sistemi indiyədək 12 fərqli ölkəyə ixrac olunub.