AAD-2012-də 11 ölkə milli pavilyonla təmsil olunacaq
Sentyabrın 19-dan 23-dək CAR-da Afrika qitəsinin ən böyük müdafiə sərgisi – “Africa Aerospace and Defence (AAD-2012)” keçiriləcək. Bu barədə “AzeriDefence”yə sərginin marketinq meneceri Vhongani Shumba məlumat verib.
Bu sərgidə bir sıra yeni eksponentlər təqdimatı və nümayişlər planlaşdırılır.
Ümumilikdə 31-dən çox ölkədən ziyarətçilərin iştirak edəcəyi sərginin son iki günündə aero şou təşkil olunacaq.
Sərgidə ABŞ daxil olmaqla 11 ölkə milli pavilyonla təmsil olunacaq. Bunlar Çin, Belçika, Almaniya, İtaliya, Türkiyə, Rusiya, Hindistan, İsveçrə, Rumıniya və Böyük Britaniyadır.
AAD-ın keçiriləcəyi Tşuane şəhərində asayiş CAR-ın polis xidməti tərəfindən təmin olunacaq.
Sərginin aviaşou hissəsində gənclərin aviasiyaya marağını nəzərə alaraq uçuş simulyatorları və modellər sınaqdan keçiriləcək.
Qeyd edək ki, AAD sərgisi iki ildən bir keçirilir. Sonuncu dəfə 2010-cu ilin sentyabr ayında Keyptaun şəhərində keçirilmiş sərgidə Azərbaycan da iştirak edib.