ABŞ-da 155 mm-lik zenit silahı hazırlanacaq
ABŞ 155 mm-lik zenit silahının hazırlanmasında ilk addımları atır.
“Poliqon” “sam.gov” saytına istinadən xəbər verir ki, ABŞ Multi-Domain Artilleriy Cannon (MDAC) proqramının bir hissəsi kimi hipersəsli zenit artilleriya qurğusunu hazırlamaq üçün podratçılar axtarır.
ABŞ Ordusunun Sürətli İmkanlar və Kritik Texnologiyalar İdarəsi (Rapid Capabilities and Critical Technologies Office – RCCTO) təyyarələrin və raketlərin vurulması üçün təyin edilmiç MDAC çoxməqsədli artilleriya sistemlərinin prototiplərinin satın alınması üçün tender elan edib. İdarə 2025-ci maliyyə ilinin üçüncü rübündə səkkiz prototipin istehsalı üzrə müqavilə bağlamağı planlaşdırır. Maşınlar 2027-ci ilin payızında orduya təhvil verilməlidir, bundan sonra isə çöl sınaqları keçiriləcək.
MDAC layihəsinin mövcud zenit artilleriyasını artıracağı və ənənəvi zenit-raket sistemlərinə effektiv və ucuz alternativ təklif edəcəyi gözlənilir.
Elan edilmiş tələblərə əsasən, MDAC yüksək mobil havada daşınan özüyeriyən təkərli 155 mm-lik artilleriya sistemi olmalıdır. Sifarişçilər gələcək qurğunun yüksək səviyyədə avtomatlaşdırmaya malik olmasını gözləyirlər. Bundan başqa o, xüsusi parametrlər göstərilmədən böyük döyüş dəsti və yüksək atəş tezliyi almalıdır.
Effektiv işləməsi üçün döyüş maşını kənardan hədəf təyinatı alacaq, bunun üçün döyüş idarəetmə sisteminə (Integrated Air and Missile Defense Battle Command System – IBCS) və inteqrasiya edilmiş hava və raketdən müdafiə şəbəkəsinə (Integrated Air and Missile Defence – IAMD) inteqrasiya ediləcək.
Perspektivli sistemin əsas üstünlüyü hipersəs zenit döyüş sursatları olmalıdır. Xüsusi mərmi növü qeyd edilmir, lakin hazır texnologiyalardan istifadə tələblərini nəzərə alaraq, “BAE Systems” şirkəti tərəfindən hazırlanmış HVP (High Velocity Projectile – yüksək başlanğıc sürətli mərmi) döyüş sursatından söhbət getdiyini ehtimal etmək olar.
Eksperimental aktiv-reaktiv çapaltı döyüş sursatı 2013-cü ildən elektromaqnit silahının inkişafı proqramı çərçivəsində yaradılmışdır. Lakin sonradan Hərbi Dəniz Qüvvələrinin 127 mm-lik artilleriya qurğuları və 155 mm-lik yerüstü artilleriya silahları üçün uyğunlaşdırılıb.
Hər üç çapda HVP mərmisi eyni konusvari formaya malikdir və yalnız xüsusi altlıqlarla fərqlənir. O, sırf kinetik ola bilər və ya 900 qrama qədər partlayıcı daşıya bilər.
HVP atəş yığıml yüksək enerjili barıt atımı və çapaltı mərmidən ibarətdir. Onun diametri xüsusi altlıqlardan istifadə etməklə istənilən çapa uyğunlaşdırıla bilər.
Çox yüksək sürətə nail olmaq üçün o, reaktiv mühərriklə təchiz edilib ki, bu da bəzi məlumatlara görə, ona 5 Mach-a bərabər hipersəs sürətini inkişaf etdirməyə imkan verir. Atışın maksimal məsafəsi 80 kilometrə çatır.
2020-ci ilin sentyabrında keçirilən nümayiş sınaqları zamanı ABŞ Ordusunun M109A6 “Paladin” özüyeriyən haubitsası sınaq döyüş sursatı ilə BQM-167 “Skeeter” səsəqədər sürətli qanadlı raketin yamsılayıcı hədəfini vurub.
HVP atəş yığımları ilə bağlı texniki detallar hələlik açıqlanmayıb. Yalnız bildirilir ki, HVP mərmiləri korrektə oluna bilir, ona görə də onlardan yavaş və sürətli aerodinamik hədəfləri vurmaq üçün istifadə oluna bilər.
Dərc edilmiş məlumatlara görə, 2018-ci ildə HVP döyüş sursatlarının dəyəri 86.000 ABŞ dollarına çatıb. Onun qiyməti ənənəvi 155 mm-lik artilleriya mərmilərindən ən azı on dəfə yüksəkdir, lakin eyni zamanda daşınan zenit-raket kompleksinin raketinin qiymətindən aşağıdır.
Qeyd etmək lazımdır ki, HVP atəş yığımlarının inkişafı 2010-cu illərin əvvəllərindən Böyük Britaniyanın “BAE Systems” şirkəti tərəfindən həyata keçirilir. Məlumdur ki, yeni mərmi fırlanan quyruq pəri ilə təchiz edilib və bunun sayəsində onun uçuşu idarə olunur. Quyruq pəri GPS koordinatlarından istifadə edərək hədəfi istiqamətləndirən daxili hesablama sistemi tərəfindən idarə olunur.
Mərmidəki bütün elektronika davamlı birləşmə (kompaund) ilə doldurulur ki, bunun da sayəsində mərmi atəş anında həddindən artıq nəhəng yüklənmələrə tab gətirə bilir.
Əhəd Vahidoğlu