ABŞ döyüş helikopterlərini İsrailin “Spike NLOS” raketi ilə silahlandırır
ABŞ-da AH-64 “Apache” helikopterinin İsrail istehsalı olan “Spike NLOS” tank əleyhinə idarəolunan raketləri (TƏİR) ilə atış sınaqları keçirilib.
“Poliqon” “Lockheed Martin” şirkətinə istinadən xəbər verir ki, sınaq ABŞ-ın Arizona ştatında yerləşən “Yuma Proving Ground” poliqonunda baş tutub.
Bildirilib ki, sınaq zamanı AH-64E v6 helikopteri təyin olunmuş hədəflərə iki ədəd “Spike NLOS” raketi ilə atəş açıb və uğurla məhv edib.
Hazırda bir sıra qəbul və kalifikasiya sınaqları davam edən “Spike NLOS” raketləri testlər bitdikdən sonra “Apache” helikopterlərinə inteqrasiya olunacaq. “Lockheed Martin” inteqrasiya ilə bağlı işləri 2024-cü ilin sentyabr ayına qədər tamamlamağı planlaşdırır.
ABŞ-ın “Boeing” şirkəti tərəfindən istehsal olunan AH-64 “Apache” ağır döyüş helikopterlərinə “Spike NLOS” raketlərinin inteqrasiyasına dair işlər “Lockheed Martin” şirkətinin “Precision Strike” heyəti tərəfindən həyata keçirilir.
İsrailin “Rafael” şirkəti tərəfindən istehsal edilən və “Spike” TƏİR ailəsinə aid olan “Spike-NLOS” 32 km-ə qədər uçuş məsafəsinə malik 5-ci nəsil çoxməqsədli raketdir. “Spike NLOS” quru, hava və dəniz platformalarından buraxıla, uçuş zamanı zərurət yaranarsa hədəfləri dəyişə və ya zərbəni tamamilə ləğv edə bilir.