
ABŞ Ordusu əlavə JLTV zirehli avtomobilləri alır
“Oshkosh Defense” şirkəti ABŞ Ordusuna əlavə JLTV (Joint Light Tactical Vehicles) zirehli avtomobilləri tədarük edəcək.
“Poliqon” “Oshkosh Defense”yə istinadən xəbər verir ki, JLTV-lərin alqı-satqısı üçün tərəflər arasında 84.9 milyon ABŞ dolları dəyərində müqavilə imzalanıb.
Bu, “Oshkosh Defense” şirkətinin son iki ay ərzində JLTV-lərin tədarükü ilə bağlı imzaladığı 3-cü müqavilədir. Ümumilikdə 9 müştəriyə 2000 ədəddən çox JLTV-nin tədarükünü nəzərdə tutuan bu müqavilələrin toplam məbləği 730 milyon ABŞ dolları təşkil edir.
Bu müştərilər sırasına ABŞ-ın Hərbi Dəniz Qüvvələri, Hərbi Hava Qüvvələri, Quru Qoşunları və Dəniz Piyadaları, habelə Rumıniya, Litva, Şimali Makedoniya, Braziliya və Monteneqro Silahlı Qüvvələri daxildir.
Qeyd edək ki, ABŞ-ın “Oshkosh Defense” şirkəti tərəfindən istehsal olunan JLTV zirehli avtomobilinin çəkisi 6.2 tondur. Zirehli maşın 483 kilometr mənzilə, maksimum 113 km/saat sürətlə hərəkət etmək imkanına və -32 ilə +52 dərəcə arasında işləmək bacarığına malikdir.
Şirkət tərəfindən indiyə kimi, ümumilikdə 19 000 ədəd JLTV zirehli nəqliyyat vasitəsi itehsal olunub və sifarişçilərə təhvil verilib.