
ABŞ Sahil Mühafizəsi yeni C-130J nəqliyyat təyyarələrini HC-130J müşahidə təyyarələrinə çevirmək üçün şirkətlər axtarır.
“Poliqon” xəbər verir ki, ABŞ Sahil Mühafizəsinin Aviasiya Təchizatı Ofisi avqustun 14-də bu məqsədlə bazar araşdırması çərçivəsində sorğu (RFI) yayımlayıb.
Şirkətlərin sorğuya cavablarını sentyabrın 17-dək təqdim etməsi tələb olunur.
Ümumilikdə proqram ABŞ Sahil Mühafizəsinin 28 ədəd, Gömrük və Sərhəd Mühafizəsinin isə 12 ədəd C-130J təyyarəsini əhatə edəcək.
İlkin müqavilə dörd təyyarəni əhatə edəcək. Bunlardan üçü ABŞ Sahil Mühafizəsi, biri isə Gömrük və Sərhəd Mühafizəsinin Hava və Dəniz Əməliyyatları bölməsi üçün nəzərdə tutulur.
Proqram çərçivəsində C-130J təyyarələrinə “Minotaur Mission System Suite+” (MSS+) missiya sisteminin quraşdırılması nəzərdə tutulur. Modifikasiya başa çatdıqdan sonra təyyarələr HC-130J kimi təyinatlandırılacaq.
MSS+ kompleksinə iki “Minotaur” prosessoru, iki missiya operator stansiyası, elektro-optik və infraqırmızı sensor, eləcə də təyyarənin gövdəsinin alt hissəsində yerləşdirilən çoxrejimli radar daxildir. Sistemə həmçinin istiqamət müəyyənləşdirmə sistemi, gəmilərin izlənməsi üçün AIS transponderi və müxtəlif rabitə vasitələri inteqrasiya ediləcək.
Təyyarələr iki HF radio, iki RT-7000 və peyk rabitəsi imkanına malik iki ARC-210 radio ilə təchiz olunacaq.
Bundan başqa, sistemin tərkibinə “SpaceX” şirkətinin “Starshield” peyk şəbəkəsi əsasında yeni nəsil peyk rabitə terminalının daxil edilməsi də seçim kimi nəzərdə tutulub. Terminalın ayda minimum 1 terabayt məlumat ötürmə imkanına malik olması tələb edilir.
Proqram üzrə işlərin 2030-cu maliyyə ilində başlanması planlaşdırılır. İlk mərhələdə dörd təyyarənin modifikasiyası həyata keçiriləcək, daha sonra maliyyələşdirmədən asılı olaraq ildə bir-iki təyyarənin modernləşdirilməsi nəzərdə tutulur.
RFI-yə əsasən, proqram üzrə ümumi iş müddəti 2028-ci ilin aprelindən 2038-ci ilin martına qədər davam edə bilər. Hər bir təyyarənin modifikasiyasının 12 aydan çox çəkməməsi nəzərdə tutulur.
ABŞ Sahil Mühafizəsi RFI-yə daxil olan təklif və rəylər əsasında bu ilin sonunda rəsmi tender elan edə bilər.





