AK-12-nin xüsusi təyinatlılar üçün yeni modifikasiyası hazırlanacaq

“İjmaş” şirkəti cari ilin payızınadək AK-12 avtomatının xüsusi təyinatlı qüvvələr üçün ayrıca modifikasiyasını hazırlamağı planlaşdırır. Bu barədə “AzeriDefence” “RİA Novosti” agentliyinə istinadən məlumat verib.

Şənbə günü “İjmaş”ın baş konstruktoru Vladimir Zlobin Rusiya Federasiyası hökuməti yanında Hərbi-Sənaye Komissiyasının idarələrarası işçi qrupunun müşavirəsində AK-12 avtomatını təqdim edib. Atış vaxtı avtomat əvvəlki nəsillərin nümunələri ilə müqayisədə özünü daha yaxşı göstərib.

“İjmaş” AK-12-dən başqa, xüsusi hazırlanmış “Sayqak-12” karabinini də nümayiş etdirib.

AK-12 avtomatının yaradılmasına 2011-ci ilin avqustunda başlanıb. Ötən ilin dekabr ayında bu silahın birinci nümunəsi istehsal edilib. Yeni avtomatda erqonomika əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb, silahın üzərinə əlavə aksesuarlar yerləşdirmək üçün konstruksiyaya Pikatinni relsi birləşdirilib. Avtomat nizamlanan qundağa malikdir.

“İjmaş” 2012-ci ilin sonuna kimi yeni avtomatın zavod sınaqlarını qurtarmağı planlaşdırır. Silah 2013-cü ildə dövlət sınaqlarına təqdim olunacaq.

KATEQORIYA: