AKKOR aktiv müdafiə sisteminin sınaq görüntüsü paylaşılıb – VİDEO

AKKOR aktiv müdafiə sisteminin sınaq görüntüsü paylaşılıb – VİDEO

ASELSAN şirkətinin hazırladığı AKKOR aktiv müdafiə sisteminin ilk dəfə sınaq görüntüsü paylaşılıb.

“Poliqon” xəbər verir ki, videogörüntünü ASELSAN şirkətinin baş direktoru Haluk Görgün özünün “Twitter” hesabında yayımlayıb.

O bildirib ki, AKKOR aktiv müdafiə sistemi döyüş meydanında ən çox rast gəlinən və böyük təhlükələrdən olan həm tank əleyhinə raketləri, həm də idarə olunan raketləri havada məhv edərək ordunun zirehli texnika bölmələrini qoruyur.

AKKOR aktiv müdafiə sisteminin inkişaf etdirilməsi ilə bağlı ASELSAN şirkəti Türkiyənin Müdafiə Sənayesi Başqanlığı arasındaki müqavilə 2015-ci ildə imzalanıb. ASELSAN şirkətinin 2008-ci ildən bəri üzərində çalışdığı AKKOR, Türkiyənin milli “Altay” tankını qorumaq üçün nəzərdə tutulsa da, modulyar dizaynı sayəsində “Altay” ilə yanaşı müxtəlif tank və zirehli maşınlarda da tətbiq edilə bilər. Sistemin müvafiq radar, mərkəzi komputer və fiziki məhvetmə mərmisinin sınaqdan keçirildiyi testlər 2010-cu ildən etibarən uğurla yerinə yetirilib.

AKKOR tankın ətrafında 360 dərəcə bucaq altında tam qoruma qalxanı yaradır. Sistemin yüksək texnologiyalara əsaslanan radarı üzərinə gələn raket və mərmini qısa zaman içində təyin edir. Həmin təhdidə qarşı yönləndiriləcək sursat üzərindəki sensorun yardımı ilə yaxınlaşmaqda olan tank əleyhinə təhdidi ən yaxın olduğu anda partlayaraq təsirsiz hala gətirir.

AKKOR sistemi sursatının üzərindəki ağıllı sensor mini bir radar kimi çalışaraq dünyadakı analoqlarından daha üstün performans sərgiləyir. Şirkət tərəfindən verilən məlumata görə, AKKOR 2020-ci ildə Türkiyə Ordusunun inventarına daxil edilən PULAT aktiv müdafiə sistemindən daha üstündür.

Qeyd edək ki, cari ilin aprelində AKKOR aktiv müdafiə sistemi ilə təchiz olunan iki ədəd yeni nəsil “Altay” tankı BMC şirkəti tərəfindən sınaqlarının keçirilməsindən ötrü Türkiyə Silahlı Qüvvələrinə təhvil verilib.

Poliqon.az

CATEGORIES
TAGS