ANAMA sədri: Azərbaycanda 1991-ci ildən bu günə kimi 3440 mina qurbanı qeydə alınıb
Minaların və digər partlayıcı sursatların təsiri bütün regionu əhatə edir.
“Poliqon” xəbər verir ki, bunu Azərbaycan Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov “Minaların Ətraf Mühitə Təsirinin Azaldılması: Təhlükəsiz və Yaşıl Gələcək üçün Resursların Səfərbər Olunması” mövzusunda keçirilən 3-cü beynəlxalq konfransdakı çıxışı zamanı deyib.
O bildirib ki, bu konfrans təkcə Azərbaycan üçün deyil, həm də regional və qlobal miqyasda mühüm əhəmiyyət kəsb edən mövzunu əhatə edir: “75 ölkəni təmsil edən 300-dən çox qonağın iştirakı mövcud məsələlərin əhəmiyyətinin sübutudur. Konfrans minalarla bağlı qlobal problemin həllində və onların ətraf mühitə təsirinin azaldılmasında səylərimizi səfərbər etmək üçün geniş imkanlar yaradacaq və bununla da bu istiqamətdə bilik və bacarıqlarımızı bölüşmək imkanları yaradacaqdır”.
ANAMA sədrinin sözlərinə görə, minaların və digər partlayıcı sursatların təsiri bütün regionu əhatə edir. Məsələn, müharibə zamanı Tərtər rayonunda mülki əhalinin məskunlaşdığı ərazilərdə 20 000-dən çox hərbi sursat partlayışı baş verib. ANAMA-nın bu əraziləri təmizləmək üçün göstərdiyi səylərə baxmayaraq, ağ fosfor və kaset sursatlarının vurduğu ziyan bu ərazidə yaşayan insanlara təmiz ekoloji şəraitdə yaşamaq hüququna ciddi təsir etməkdə davam edir.
V.Süleymanov bu ərazilərdə 900-dən çox yaşayış məntəqəsinin xarabalığa çevrildiyini vurğulayıb: “Minalarla çirklənmə səbəbindən vaxtilə kənd təsərrüfatına yararlı olan torpaqlar istifadəsiz qaldığından münbitliyini və məhsuldarlığını itirmişdir. Müxtəlif ekosistemləri ilə tanınan bu ərazilər minalardan, onların partlayışlarından və partlamamış hərbi sursatların mövcudluğundan ciddi şəkildə təsirlənib, ekoloji dağıntıya səbəb olub.
Bizi su ilə təmin edən çaylar, göllər, bulaqlar, kəhrizlər və su quyuları və su kanalları qurudulmuş, müharibənin partlayıcı qalıqları ilə çirkləndirilmişdir. Bu su mənbələrini əhatə edən kanallar isə minalarla çirkləndirilərək, onları yüksək təhlükə mənbəyinə çevirmişdir. Həmin ərazilərdə mina və partlayıcı qalıqlarla çirklənmiş kəhriz və su quyularının sayı 300-dən artıqdır. Tərtər, Xaçın, Qarqar, Həkəri, Köndələn və digər çaylar indi sularını zəhərləyən, ekoloji böhranı daha da pisləşdirən ölümcül mina yükünü daşıyır”.
Sədr qeyd edib ki, bu çirklənmə insanların təkcə təmiz ekoloji şəraitdə deyil, ümumən yaşamaq hüququna da təhdidlər yaradır.
“Vətən müharibəsi başa çatandan bu günədək 361 nəfər partlayıcı sursatların qurbanına çevrilib, 68 nəfər həyatını itirib, 293 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Ümumilikdə Azərbaycanda 1991-ci ildən bu günə kimi 3440 mina qurbanı qeydə alınıb.
Lakin bu çirklənmə vətəndaşlarımızın həyatı və sağlamlığı üçün təhlükə yaratmaqla yanaşı, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları kimi gözəl təbiətə malik bölgələrimizin təbii gözəlliyinə və biomüxtəlifliyinə əhəmiyyətli dərəcədə mənfi təsir göstərir”, – deyə Vüqar Süleymanov bildirib.