ASELSAN Azərbaycanda yeni rabitə vasitələrini birlikdə istehsal etmək istəyir

ASELSAN Azərbaycanda yeni rabitə vasitələrini birlikdə istehsal etmək istəyir

Türkiyənin telekommunikasiya ehtiyaclarını qarşılamaq üçün 1975-ci ildə yaradılmış ASELSAN şirkəti bu gün təxminən 500 adda məhsul istehsal edir. ASELSAN şirkətinin həyata keçirdiyi yeni layihələr və istehsalının ana xəttini təşkil edən məhsul qrupları ilə bağlı POLİQON jurnalına danışan ASELSAN-ın Biznesin inkişafı departamentinin direktoru Ali Kuran bildirib ki, ASELSAN Türkiyənin müdafiə sənayesi ehtiyacları üçün xarici asılılığın azaldılmasında ən böyük rolu olan şirkətlərdən biridir.

Untitled4 “ASELSAN Türkiyə daxilində qəhrəman şirkət olduqdan sonra dünya bazarına açıldı. Hazırda dünya bazarında 82 müştərimiz var, yəni 82 ölkəyə məhsul ixrac edirik. ASELSAN-da işləyənlərin sayı təxminən 10 mindir. ASELSAN olaraq biz təkcə məhsul ixrac etmirik. Azərbaycan kimi dost, qardaş və müttəfiq ölkələrə texnologiya transferləri də həyata keçiririk.

Ümumi fəaliyyət sahələrimiz 5 əsas sektordan ibarətdir:

  1. Hərbi və peşəkar rabitə cihazları;
  2. Radar və elektron müharibə (EW) sistemləri;
  3. Elektro-optik və avionika sistemlər;
  4. Müdafiə sistemləri texnologiyaları – hava hücumundan müdafiə, uzaqdan idarə olunan silah sistemləri;
  5. Mülki sahə.

Buradakı hədəfimiz müdafiə sahəsində – 4 sektorda illərdir əldə etdiyimiz təcrübəmizi mülki sahəyə daşıyaraq xalqa xidmət etməyə çalışmaqdır”, – deyə A.Kuran vurğulayıb.

A.Kuran bildirib ki, IDEAS sərgisində ASELSAN-ın məqsədi, xüsusilə müştərisi Pakistanla həm davam edən layihələri haqqında iclaslarını keçirib onların fikirlərini almaq, həm də yeni məhsullarını tanıtmaqdır: “Bu, sərgi bizim üçün böyük fürsətdir. Bütün son istifadəçilərimiz və müştərilərimizlə bir araya gəlmək imkanı verir. Bu sərgidə iştirakımız təkcə Pakistan üçün deyildir. Burada regiondakı digər ölkələrlə də danışıqlar apara bilirik. Banqladeşdə, Körfəz ölkələrində və Qazaxıstanda müştərilərimiz var. Onlar həm bizim Pakistandakı gücümüzü görürlər, həm də region ölkələri ilə əlaqələrimizi inkişaf etdirməyə fürsət yaranır.

ASELSAN olaraq dünyanın 82 ölkəsinə məhsul ixrac edirik və dünyada müdafiə sənayesi şirkətləri arasında 49-cu yerdəyik. Beləliklə, dünya reytinqində ilk 50-likdə yer alan yeganə Türkiyə şirkətiyik. Çalışacağıq ki, bu yoldakı uğurlarımızı davam etdirək”.

ASELSAN-ın IDEAS sərgisində ön plana çıxardığı məhsullardan söz açan A.Kuran burada xüsusi olaraq izlədikləri layihələrin olduğunu bildirib: “Sərgidə nümayiş etdirdiyimiz məhsullar ümumiyyətlə Pakistanda izlədiyimiz layihələr və daha əvvəl buraya göndərilən, uğurlu olan məhsullardır. Əvvəla, biz uzun müddətdir ki, Pakistanda hərbi və peşəkar rabitə cihazları üzərində işləyirik. Bundan əlavə, dəniz sahəsində hava hücumundan müdafiə sistemlərimiz, layihələrimiz davam edir və onlarla bağlı məhsullar gətirmişik. Bunların arasında 30 mm-lik “Mühafiz” uzaqdan komandalı stabilləşdirilmiş top sistemi, “Gökdeniz” yaxın mənzilli hava hücumundan müdafiə (HHM- CIWS) sistemimiz də yer alır.

Pakistanda yerli olaraq istehsal etdikləri tankların özünümüdafiə sistemlərinə ehtiyacı olduğuna görə, bunu təmin etmək üçün müxtəlif məhsullarımızı bura gətirmişik. Bundan başqa, mülki sahədə də kritik obyektlərin qorunması üçün tam paket həllərimizi Pakistana gətirdik. Həmçinin rabitə və radar sahələrindəki jammer sistemlərimizi də IDEAS-da sərgilədik.

IDEAS sərgisi bizim üçün çox məhsuldar oldu. Burada görüşə biləcəyimiz bütün müştərilərimizlə danışdıq, keçirmək istədiyimiz görüşləri keçirdik, layihələrimizi dəyərləndirdik. Pakistan Silahlı Qüvvələri ilə birlikdə növbəti yol xəritəmizi qiymətləndirdik. Bundan sonra ASELSAN olaraq Pakistanda keçirilən bütün IDEAS sərgilərində iştirak etməyi hədəfləyirik”.

ASELSAN-ın ixrac coğrafiyası və hədəfləri haqqında danışan A.Kuran Türkiyənin xarici siyasəti istiqamətində birlikdə addımlaya biləcəkləri ölkələrin onlar üçün hədəf bazarları olduğunu diqqətə çatdırıb.

“Burada bizim ən böyük hədəf bazarımız çox böyüyən Asiya-Sakit Okean, Yaxın Şərq regionudur. Bundan əlavə, yavaş-yavaş böyüyən Avropa bazarıdır ki, NATO-ya üzv olan ölkələrə ixracımız getdikcə artır. Latın Amerikası tərəfində də ixrac bazarımız böyüməkdədir. Ancaq hazırda hədəf kimi göstərə biləcəyim bazar Asiya-Sakit Okean, Yaxın Şərq və Mərkəzi Asiya regionudur. Ancaq digər bazarlarda böyüməkdədir. Bir sözlə biz 82 ölkə arasında fikrimizi müəyyən bir bölgəyə cəmləmirik, dünyanın hər yerinə satışlar edirik. Burada Şimali Amerika, Cənubi Amerika və Afrika da var.

Məqsədimiz yeni müştəri qazandırmaqla bərabər, həm də mövcud müştərilərin məmnunluğunu artırmaqdır. Bunun üçün yerində ofislər, texniki-təmir mərkəzləri kimi strukturlarımız var. Azərbaycanda fəaliyyət göstərən “ASELSAN Bakı” ofisi bunlardan biridir. Əsas hədəfimiz satışdan sonra müştərinin yanında olub ona dəstək verə bilməkdir. Biz müştərini sadəcə ehtiyac yox, tərəfdaş kimi görürük. Təkcə ehtiyacı olanda yox, ehtiyacı olmadan bizə gəlsin ki, bunun həll yollarını birlikdə tapaq”, – deyə ASELSAN-ın Biznesin inkişafı departamentinin direktoru bildirib.

ASELSAN məhsullarının uğurunu təmin edən mühüm üstünlüklər

Untitled9ASELSAN məhsullarının uğurunu təmin edən üstünlüklərdən POLİQON jurnalına danışan ASELSAN-ın istifadəçi müvəffəqiyyəti üzrə meneceri Sebahat Deniz Yılmaz açıqlamasında bildirib ki, təmsil etdiyi şirkətin üstünlüyü 47 illik təcrübəyə malik bir şirkət olmasıdır: “Bu mənada bir çox fərqli sahələrdə məhsullarımız olsa da, onları “sistəmlər sistemi memari”ndə təqdim edə bilən şirkətik. Əslində “ones to shop” olaraq adlandıra biləcəyimiz bütün məhsul çeşidlərimizi və “sistəmlər sistemi memari”sini də müştərilərimizə təklif edə bilirik.

Bizi digər rəqiblərimizdən fərqləndirən ən əhəmiyyətli xüsusiyyətimiz yalnız məhsulu satmağımız deyil, satış sonrası dəstək ilə hər zaman müştərilərimizin yanında olmağı hədəfləməmizdir. Bu mənada, müştəri yönümlü yanaşmanı mənimsəyən təşkilati struktura uyğun olaraq özümüzü daim genişləndirir və layihələrdə müştərilərimizin gələcəyinin uğurunu təmin etmək kimi fundamental məqsədlə irəliləyirik.

Bu mənada 80 müxtəlif beynəlxalq müştərimizlə birlikdə xaricdə 13 ofisimiz var. Bildiyiniz kimi Bakıda “ASELSAN Bakı” ofisimiz var və təkcə “ASELSAN Bakı” ofisimizdə 30-a yaxın əməkdaşımızla müştərilərimizə hər an dəstək oluruq. Deyə bilərik ki, bu bizi rəqiblərimizdən fərqləndirən ən böyük xüsusiyyətlərimizdən biridir”.

Azərbaycanda xaricdən asılı olmadan rabitə sistemi tətbiq etmək istəyirik

Untitled3ASELSAN-ın kommunikasiya və informasiya texnologiyalarının beynəlxalq biznesin inkişafı üzrə meneceri Erdem Coşkun kommunikasiya sistemlərinin kritikliyindən, Azərbaycanda həyata keçirdikləri layihər barədə məlumat verib.

“Əvvəla, xəbərləşmə günümüzdə çox sadə bir şey kimi görünə bilər. Amma xəbərləşmə çox vacibdir. Hazırda məlumat ötürmək bacarığı çox sadə bir məsələ olduğuna görə, bunun əhəmiyyəti diqqətimizdən yayına bilər. Mülki həyatda bu imkanlara sahibik, lakin müharibə şəraitində hərbi kommunikasiya elementləri çox vacib hala gəlir. Çünki əslində bizim rabitə ailəmiz hərbi və peşəkar rabitə məhsulları olmaqla iki yerə bölünür. Burada da hərbi rabitə cihazlarını peşəkar rabitə vasitələrindən fərqləndirən ən mühüm xüsusiyyət düşmənin elektron müharibə sistemlərinə qarşı əməliyyat meydanında özünümüdafiə edə bilməsidir.

Düşmənin bu elementləri nələrdir? Məsələn, kriptolu (şifrəli) rabitə əlaqəniz yoxdursa, düşmən “əlaqəni kəsmə – dinləmə” sistemləri ilə sizin hərbi əlaqənizi dinləyə, strategiya ilə taktikalarınızı öyrənə və ondan sizə qarşı istifadə edə bilər. Digər halda isə jammer kimi sistemlər ilə sizin əlaqə yaratmağınıza mane olarlar. Bir nümunəni düşünün – döyüş meydanındasız fərqli bölmələriniz, komanda-nəzarət məntəqələriniz var və onlar bir-biri ilə əlaqə saxlaya bilmədiyi anda tamamiylə kor olurlar. Bunu həyata keçirmək üçün tezlik atlama kimi hərbi kommunikasiya texnologiyalarından istifadə edirik. Ona görə də hərbi rabitə cihazlarının döyüş meydanında nə qədər vacib olduğunu başa düşə bilərik”, – deyə E.Coşkun vurğulayıb.

E.Coşkun bildirib ki, ASELSAN 1990-cı ildən bəri Azərbaycanı hərbi rabitə vasitələri ilə təmin edir: “Bildiyiniz kimi dünyada texnologiya çox sürətlə inkişaf edir və biz də ASELSAN olaraq daim “Ar-Ge” (araşdırma-inkişaf) işlərinə sərmayə ayırır, qabaqcıl texnologiyaya yetişməyə çalışır, sistemlərimizi daim təkmilləşdiririk. Odur ki, 1990-cı illərin əvvəlindən etibarən hər zaman Türkiyə Silahlı Qüvvələrinə hansı ən yeni rabitə texnologiyanı vermişiksə, qardaş Azərbaycana da eyni sistemi tədarük edərək irəliləmişik.

Günümüzdə Azərbaycan Silahlı Qüvvələrinin inventarında yer alan rabitə cihazlarımız quru qoşunlarının və hava qüvvələrinin heyəti tərəfindən fəal şəkildə istifadə olunur. Bunlarda tezlik diapazonu olaraq VHF (Very High Frequency), UHF (Ultra High Frequency), HF (High Frequency) istifadə edilir. Onlar arasında həm əldə və manqada daşına, həm də avtomobil və təyyarələrə intqerasiya oluna bilən rabitə vasitələri yer alır. Bunlar onsuzda Azərbaycanın inventarındadır və biz də silahlanmaya yeni texnologiyaları qazandırmağa davam edirik. Ancaq burada ən vacib element az öncə də dediyim kimi hərbi rabitə əlaqəsidir. Bu həm Azərbaycan, həm Türkiyə, həm də digər dünya ölkələri üçün çox vacibdir.

Bu elə bir məsələdir ki, onda heç vaxt təhlükəsizlik boşluğu olmamalıdır. Bu da əslində necə olur; Biz necə bu sistemləri Türkiyədə istehsal edirik və xaricdən asılı deyiliksə, eyni ilə Azərbaycanda da sistemi tətbiq etmək istəyirik. Ona görə də indiyə kimi satışlar vasitəsi ilə inventara qazandırmaq olaraq irəlilədiyimiz yol xəritəsini gələcək illərdə texnologiya transferi halına gətirmək niyyətindəyik.

Texnologiya transferi dedikdə nəyi nəzərdə tuturuq? Birgə qurulacaq fabrikdə bacarıqlarımızı azərbaycanlı qardaşlarımıza ötürəcəyik və bu məhsulları orada birlikdə istehsal edəcəyik. Növbəti mərhələdə Azərbaycanda yeni texnologiyaları bərabər dizayn və istehsal etmək, beləliklə heç bir xarici şirkətə bağlı qalmadan və onların məhsulunu istifadə etmədən, tamami ilə öz fabriklərimizdən çıxan məhsulları ortaya çıxarmaq istəyirik. İnşallah qarşıdakı illərdə bunu edə bilərik”.

Məqalə POLİQON hərbi-texnoloji jurnalının son buraxılışında yayımlanıb

CATEGORIES
TAGS