Aviasiya bombalari üçün dəqiq tuşlama dəstləri

Aviasiya bombalari üçün dəqiq tuşlama dəstləri

Müxtəlif mənzilli və təyinatlı müasir hipersəsli və qanadlı raketlər hərbi aviasiya vasitələrinin əsas perspektiv silahı hesab olunur. Lakin, özünün idarəetmə sistemlərinə görə heç də raketlərdən geri qalmayan və artıq uzun müddətdir “ağıllandırılmış” idarə (korrektə) olunan müxtəlif təyinatlı bombalar aviasiyanın arsenalında nəinki qalmaqdadır, hətta daima təkmilləşdirilir. Korrektə olunan aviasiya bombalarının (KAB) tətbiqi hava zərbələrinin effektivliyini əhəmiyyətli dərəcədə artıraraq təsadüfi itkilərin sayını minimuma endirir. Eləcə də dəqiq tuşlama dəstlərinin tətbiqi sayəsində bomba “süzmə” funksiyası əldə edir ki, bu da idarəetməni asanlaşdıran faktorlardan əsasıdır.

Yüksək dəqiqlikli idarə olunan aviasiya bombalarının yaradılması, köhnə bombaların idarə edilməyən bomba və ya “küt bomba” olaraq retroaktiv ad dəyişdirilməsinə səbəb olmuşdur. Müəyyən çapa sahib olan aviasiya bombası, idarə olunmayan bombaya nisbətən idarəetmə mexanizmlərinin yerləşdirilməsi səbəbindən daha az partlayıcı maddə daşıyır.

Süzən bomba, eyni zamanda korrektə olunan aviasiya bombası, müvafiq olaraq müəyyən əlavə avadanlıq və qurğuların quraşdırılması hesabına süzmə və idarə olunma xüsusiyyəti əldə etmiş bombadır. Süzmə xüsusiyyəti, daşıyıcı-təyyarənin düşmənin hava hücumundan müdafiə vasitələrinin yaratdığı təhlükəli zonaya daxil olmadan bombanı atma imkanı əldə etməsinə və atıldıqdan sonra bombanın fəaliyyət radiusunun artırılmasına xidmət edir.

Korrektə olunan aviasiya bombası özündə idarəetmə və tuşlama sistemi ilə təchiz edilmiş aviasiya bombasını tərənnüm edən idarə olunan aviasiya məhvetmə vasitələrindən biridir. Bəzi korrektə olunan aviasiya bombaları uçuş mənzilini artırmaq və uçuşun idarə olunmasını yaxşılaşdırmaq üçün kiçik reaktiv mühərriklərlə təchiz edilirlər.

KAB tuşlama sisteminə görə bir neçə növə bölünür:

  • inersial (ətalət) tuşlamalı – aviasiya bombası daşıyıcıdan ayrıldıqdan sonra üzərinə tətbiq edilən təcilə görə öz yerini hesablamaq üçün həssas ölçü cihazlarından istifadə edir. Bu gün idarə olunan aviasiya bombaları, müasir qanadlı raketlərdə olduğu kimi son dərəcə yüksək dəqiqlik əldə etmək üçün INS, GPS və radiolokasiya ərazi xəritələməsinin birləşməsindən istifadə edə bilir, dairəvi sapma ehtimalı bir neçə on metrdir;
  • radiokomanda tuşlamalı – bombaya şifrələnmiş idarəetmə komandaları radiokanal vasitəsilə ötürülür, bu zaman daşıyıcı hədəfin və bombanın radiolokasiya müşayiətini yerinə yetirir. Bombanın trayektoriyadan sapmalarının korrektə olunması müvafiq idarəetmə komandalarının verilməsi ilə həyata keçirilir. Belə aviasiya bombasının dairəvi sapma ehtimalı on metrə qədər təşkil edir;
  • televizion tuşlamalı – bomba ötürücü televiziya kamerası ilə təchiz edilir və pilot təyyarənin kabinasındakı teleekranda hədəfi görərək bombanı idarə edir. Televizion aviasiya bombasının dairəvi sapma ehtimalı on metrə qədər təşkil edir;
  • infraqırmızı özütuşlamalı – bomba infraqırmızı özütuşlama başlığı ilə təchiz edilir. Bu zaman başlıq hədəfin yaydığı infraqırmızı diapazonlu dalğaların tutulması prinsipi ilə işləyir. İnfraqırmızı özütuşlamalı aviasiya bombasının dairəvi sapma ehtimalı bir neçə on metr təşkil edir;
  • lazer tuşlamalı – bombanın idarə olunması hədəfi xüsusi təyyarədən və ya yerdən lazer şüası ilə işıqlandırmaqla yerinə yetirilir. Bomba hədəfdən əks olunmuş şüaya tuşlanır. Bir qayda olaraq, lazer tuşlamalı bombaların mühərrikləri yoxdur və süzmə xüsusiyyətlərini yaxşılaşdırmaq üçün yalnız sükanlarla təchiz olunub. Bombanın dairəvi sapma ehtimalı on metrdən azdır;
  • yüksəldilmiş dəqiqlikli GPS qəbuledicili tuşlamalı – bomba, naviqasiya sistemlərinin peykləri tərəfindən yayımlanan radiosiqnallarının gəlməsinin vaxt gecikməsinə dair məlumatlara əsaslanaraq, qəbuledici antenanın mövcud yerləşməsinin coğrafi koordinatlarını təyin etmək üçün radioqəbuledici qurğu ilə təchiz edilir. Bombanın dairəvi sapma ehtimalı on metrə qədərdir.
  • süzmə elementli tuşlamalı – sərbəst düşən aviasiya bombasının süzməsi üçün üzərinə çıxarıla bilən qısqaclar və boltlardan istifadə edərək bir neçə süzmə elementi əlavə edilməklə idarəetmə əldə edilir.

İdarə olunan aviasiya bombalarının həm say nomenklaturasına, həm də istehsal həcmlərinə görə dünyada ABŞ, İsrail və Rusiya aparıcı yerləri tutur. Bunlarla yanaşı, son dövrlərdə bir çox ölkələrdə, o cümlədən Türkiyə, İran və Azərbaycan Respublikasının müdafiə sənayesi müəssisələri tərəfindən də “ağıllı” aviasiya bombalarının yaradılması istiqamətində intensiv işlər yerinə yetirilir.

ABŞ-ın “ağıllı”, yəni idarə olunan aviasiya bombaları sırasına çoxsaylı məmulatlar daxildir. Bunlardan bir neçəsinə nəzər yetirək:

  • GBU-39SDB kiçik diametrli bomba – ABŞ-ın “Boeing” şirkəti yüksək dəqiqlikli kiçik kütləli aviasiya bombasının yaradılması istiqamətində layihələndirmə işləri yerinə yetirərək hazırlayıb.

    GBU 39 SDB

    GBU-39 SDB

Bombanın quruluşunda havada açılan qanadların tətbiq edilməsi, onun fəaliyyət məsafəsinin əhəmiyyətli dərəcədə artırılmasına təsir etmişdir. Bombanın idarəetmə sistemi partlayışı həm zərbə (kontakt) təsiri ilə, həm havada, həm də zərbədən sonra ləngiməklə yerinə yetirməyə imkan verir. Bomba daşıyıcı-təyyarədən atıldıqdan sonra xüsusi mexanizm vasitəsilə qanadlar açılır, arxa hissədə yerləşən sükanlar düzəlir və bomba verilmiş hədəfə çıxır. Bomba süzən bombadır, hədəfə süzərək yaxınlaşır və hədəfə hücum zamanı şığıdıqda qanadlar yığılır.

Bombanın kütləsi 130 kq, partlayıcı maddənin kütləsi 93 kq, uzunluğu 1800 mm, diametri 190 mm, fəaliyyət məsafəsi 110 km, dəldiyi betonun qalınlığı 900 mm, dairəvi sapma ehtimalı isə 5-8 metrdir.

  • GBU-53/B “StormBreaker” – ABŞ Hərbi Hava Qüvvələrinin 2019-cu ildə qəbul edilmiş “Golden Horde” (“Qızıl Orda”) proqramı çərçivəsində “Raytheon” şirkəti tərəfindən yaradılmış və “Small Diameter Bomb II” adlandırılan “ağıllı” aviasiya bombasıdır. Sensorlar və ağıllı alqoritmlərin birləşməsi “StormBreaker” bombasına hədəfləri təhlil etməyə və təsnifləndirməyə, eyni zamanda ən yüksək prioritetli olanları seçməyə kömək edir. Bomba hətta pis hava şəraitində, tüstüdə və ya tam qaranlıqda hərəkətdə olan hədəfləri verilmiş GPS koordinatlar və ya lazer işıqlandırılması sayəsində məhv etmək imkanına malikdir.

Bombanın kütləsi 113 kq-dır. Bomba daşıyıcı-təyyarə ilə əlaqə saxlamaq imkanına sahib olmaqla trayektoriyada uçuş müddətində bir hədəfdən digərinə yönəldilə bilir. Bombanın döyüş hissəsi özündə fuqas, qəlpəli və zirehdəlmə effektlərini birləşdirir. Bu da tankların, binaların və insanların məhv edilməsini təmin edir.

GBU 53 B

GBU-53/B “StormBreaker”

JSOW (Joint Stand-Off Weapon) standartlaşdırılmış, yüksək dəqiqlikli, orta mənzilli idarəolunan silah olmaqla, xüsusən müdafiə olunan hədəfləri standart hava hücumundan müdafiə sisteminin əhatə dairəsindən kənarda məhv etmək üçün yaradılan və bununla da daşıyıcı-təyyarənin yaşam qabiliyyətini artıran, GPS-İNS naviqasiya sistemi və termal infraqırmızı özütuşlama başlığı istifadə edən, “hava-yer” tipli idarə olunan süzən aviasiya bombasını özündə tərənnüm etdirir. Müxtəlif yerüstü hədəflərə qarşı istifadə edilə bilir və düşmən HHM sistemlərinin əhatə dairəsindən kənarda fəaliyyət göstərir.

  • JDAM (Joint Direct Attack Munition) GPS texnologiyalarına əsaslanan avadanlıq dəsti olmaqla sərbəst düşən “küt” aviasiya bombasını (ing. “dumb bombs”) istənilən hava şəraitində tətbiq edilə bilən korrektə olunan “ağıllı” bombaya çevirmək üçün istifadə olunur. ABŞ-ın “Boeing” şirkəti tərəfindən işlənib hazırlanıb.

JDAM, özündə bombanın mərkəz hissəsində bərkidilən qanadları və pərli quyruq blokunu cəmləşdirir. İnteqrə edilmiş INS və yüksək dəqiqlikli GPS qəbuledicili naviqasiya avadanlıqlı kompyüter də quyruq blokunda yerləşir. JDAM ilə təchiz edilərək təkmilləşdirilən bombaların çapı 227 kq-la (GBU-38) 907 kq (GBU-31) arasında dəyişir. Dəst bombaya atılma nöqtəsindən 28 km fəaliyyət məsafəsini təmin edir. Səsdən iti sürətlərlə böyük hündürlüklərdən atıldıqda fəaliyyət məsafəsi artır. Dairəvi sapma ehtimalı 11 metr təşkil edir.

JDAM iş prinsipi, yerin səthinə yaxın olan əlverişsiz şərtlərin (məsələn, toz fırtınası səbəbindən atmosferin qeyri-şəffaflığı) maneə ola biləcəyi lazer tuşlamalı və infraqırmızı tuşlamalı bombaların iş prinsipindən fərqlidir. Son zamanlar JDAM dəsti ilə dəstləşdirilmiş aviasiya bombaları, əlavə olaraq uc hissəyə quraşdırılmış lazer tuşlama başlıqları ilə təchiz edilir ki, bunun da sayəsində köhnə döyüş sursatları, aktiv şəkildə manevr edənlər də daxil olmaqla bütün hədəfləri yüksək dəqiqliklə məhv edə bilən müasir kombinələşmiş bir silaha çevrilir.

494c5b594d7c7e4edfddb276fa3ad742

Mövcud texnologiyalar sayəsində adi aviasiya bombasını idarə olunan və ya süzən bombaya çevrilmək kifayət qədər sadədir. Bunun üçün standart sərbəst düşmə aviasiya bombası götürülür və süzmə üçün çıxarıla bilən qısqaclar və boltlardan istifadə edərək ona bir neçə süzmə elementi əlavə edilir. İdarəetmə səthləri uc hissəyə “burun sükanı” üslubunda və ya daha ənənəvi olaraq quyruq hissəyə quraşdırılır. Sükanların quyruq hissədə yerləşdirilməsi prinsipi əsasən böyük aviasiya bombalarında tətbiq edilir. Bu zaman uc hissədə yerləşən sensorlar blokundan bombanın gövdəsinin səthi boyu quyruq hissədə yerləşən sükan səthlərinə gedən məlumatları ötürmə kanallarının mühafizə olunması tələb olunur.

Bombanın üzərinə süzmə dəstinin quraşdırılması istiqamətində ilk işlər ABŞ-ın “Texas Instruments Inc” şirkəti tərəfindən yerinə yetirilmiş və “Paveway” (qoşun indeksi GBU-1) lazer tuşlamalı idarə olunan aviasiya bombası təkmilləşdirilmişdir.

Sonrakı işlərin yerinə yetirilməsi “Texas Instruments” şirkətindən götürülərək “Raytheon” və “Lockheed Martin” (qismən) həvalə edildikdən sonra nominal kütləsi 907 kq olan Mark 84 (Mk-84) və nominal kütləsi 227 kq olan Mark 82 (Mk-82) bombalarının bazasında çoxsaylı növlər və modifikasiyalar istehsal edilmişdir.

Avropada da sadə aviasiya bombalarının süzən bombaya çevrilməsi üçün bir çox konstruktor işləri yerinə yetirilmişdir. Bu işlər nəticəsində yaradılmış bombalar PGM (Precision-Guided Munition) olaraq işarələnmişdir. İlk nümunələr sırasına İtaliyanın “GEC Marconi” şirkətinin PGM dəsti ilə təchiz edilmiş 227 kq-lıq və 907 kq-lıq aviasiya bombaları daxildir.

Sonradan daha uzun mənzilli və daha yüksək dəqiqlikli sistemlər yaradılmışdır. Bu zaman əlavə qaldırma qüvvəsi əldə etmək məqsədi ilə qanadlar təqribən gövdənin ağırlıq mərkəzinin üzərində yerləşdirilmişdir. Yekun nəticə olaraq isə, bombanın üzərində yığılan qanadların quraşdırılması olmuşdur. Daşıyıcı-təyyarədən atıldıqdan və bomba təhlükəsiz məsafəyə aralandıqdan sonra qanadlar açılaraq uçuş konfiqurasiyasına keçirdilər. Burada MBDA şirkətinin istehsalı olan və quraşdırılmış tuşlama sistemli mövcud “Paveway” tipli aviasiya bombalarına qısqaclar vasitəsilə bərkidilən “Diamond Back” (“Kürəkdə almaz”) dəstini xatırlamaq yerinə düşür. Qanadlar açıldıqdan sonra bomba tərsinə çevrilir və qanadlar üstdə olur. “Diamond Back” dəsti aviasiya bombasının fəaliyyət radiusunu 20 dəfə artırmağa imkan verən qaldırma qüvvəsini təmin edir.

Diamond Back Header

“Diamond Back” açılmış qanadlarla

MBDA şirkəti idarə olunan aviasiya bombalarının daha bir nümayəndəsini, “SmartGlider” nəslini yaratmışdır. Yeni nəsil sursatın 2025-ci ildə silahlanmaya daxil ediləcəyi planlaşdırılır. “SmartGlider” nəslinə yığılan qanadlı universal planerlər daxildir. Yeni bombanın uzunluğu 2000 mm, kütləsi 120 kq və fəaliyyət məsafəsi 100 km-dən artıq olacaq.

Şirkətin digər məhsulu isə “SmartGlider Heavy” məmulatıdır. Bombanın kütləsi 1300 kq, döyüş hissəsinin kütləsi 1000 kq və fəaliyyət məsafəsi 100 km-dən artıq olacaq.

Hələ qısqacla bərkidilən dəstlərin yaradılmasına qədər Cənubi Afrikanın “Denel” şirkətinin bir bölməsi olan “Kentron” firması “Raptor-I” sistemini işləyib hazırlamışdır. “Diamond Back” dəstindən fərqli olaraq, “Raptor-I” dəstində açılan qanadlar aviasiya bombasının alt hissəsinə bərkidilirdi. Sonradan sistem təkmilləşdirilərək “Raptor-II” dəsti yaradılmışdır. Bu dəstdə qanadlar blokunun altında yerləşdirilmiş iki parallel reaktiv mühərrikin quraşdırılması nəzərdə tutulmuşdu. Lakin, texniki səbəblərdən layihə başa çatdırılmamışdır.

“Raptor” seriyasına (“Raptor-I”, “Raptor-II”, “Raptor-IID”, “Raptor-III”) aid dəstlər üzərində yerinə yetirilən işlər dayandırıldıqdan sonra “Denel” şirkəti Birləşmiş Ərəb Əmirliyində yerli “Tawazun Holding” şirkəti ilə birgə yaratdığı “Tawazun Dynamics” firması tərəfindən “Umbani” aviasiya bombasının modul idarəetmə dəstini işləyib hazırlayıb. Modul idarəetmə dəsti bombanın daha yaxşı fəaliyyət radiusunu təmin edir. Dəst nominal kütləsi 119 kq olan Mark 81 (Mk-81), 227 kq olan Mk-82 və 453 kq olan Mk-83 aviasiya bombalarına quraşdırılmaq üçün təyin edilib. Dəst ərəbcə “Əl Tariq” (“Dan ulduzu”) adlandırılır.

Bombanın fəaliyyət məsafəsi 100 km, “Extended Range” (ER) modulu ilə fəaliyyət məsafəsi 200 km, dairəvi sapma ehtimalı 3 metr, proqramlaşdırılan zərbə bucağı 0…90O təşkil edir.

Aviasiya bombasının təsir radiusunun artırılması məqsədilə İsrailin “Rafael Advanced Defense Systems Ltd ” şirkəti SPICE seriyasından olan SPICE-1000 (453 kq), SPICE-2000 (907 kq), SPICE-250 (119 kq), “Spice Smart” bombalarına füzelajın altında bərkidilən qanadlar dəsti hazırlayıb.

Super ağıllı naviqasiyanı, idarəetməni, tuşlamanı, hədəfgöstərməni və özütuşlamanı təmin edən SPICE tuşlama dəstləri müasir döyüş təyyarələrinin qarşılaşdığı problemlərə ideal cavabdır. Ümumi təyinatlı döyüş başlıqlarını, eləcə də 453 və ya 907 kq çaplı nüfuzedici başlıqları 60-100 km məsafədə yüksək dəqiqlikli, uzun mənzilli zərbə silahlarına çevirmək eyni anda yüksək dəqiqlikli çoxsaylı zərbələri təmin edir.

spice rafael

SPICE-250 təkmilləşdirilmiş məlumat ötürücülü kanallı və 100 km-lik fəaliyyət məsafəsinə malik yeni nəsil yüksək dəqiqliklə idarə olunan döyüş sursatıdır. Quruda və dənizdə stasionar, yeri dəyişdirilən və hərəkət edən hədəfləri məhv etmək qabiliyyətinə malik olan SPICE-250, süni intelektə malik olmaqla, təyyarənin ümumi interfeysindən və “Smart Quad Rack” (SQR) mürəkkəb dayaq sistemindən istifadə edir.

Dəstlərin fəaliyyət məsafəsi müvafiq olaraq SPICE-1000-in 60 km, SPICE-2000-in 125 km, SPICE-250-nin 100 km-dir. Dairəvi sapma ehtimalı bütün versiyalarda 3 metr təşkil edir. Hədəfi avtomatik aşkaretmədə 3 metr, hərəkətli hədəfi aşkaretmədə 1 metrdir.

Türkiyənin TÜBİTAK-SAGE mərkəzi və ASELSAN şirkəti tərəfindən 227 kq, 453 kq və 907 kq çaplı aviasiya bombalarına HGK həssas tuşlama dəsti (Hassas Güdüm Kiti) hazırlanıb. Dəstlər müvafiq olaraq HGK-82, HGK-83 və HGK-84 kimi işarələnib.

HGK-82 (Hassas Güdüm Kiti – 82), mövcud 227 kq-lıq Mk-82 ümumi təyinatlı bombanı GPS / İNS idarəetmə sistemi ilə havadan yerə ağıllı və dəqiq zərbə qabiliyyətli döyüş sursatına çevirən BRU-57 xüsusi altlıqlı çoxatışlı tuşlama dəstidir. MIL-STD 1760 hərbi standartının tələblərinə cavab verir.

HGK-83 mövcud 453 kq-lıq Mk-83 ümumi təyinatlı bombanı GPS / İNS idarəetmə sistemi ilə havadan yerə ağıllı və dəqiq zərbə qabiliyyətli döyüş sursatına çevirən BRU-57 xüsusi altlıqlı çoxatışlı tuşlama dəstidir. MIL-STD 1760 hərbi standartının tələblərinə cavab verir.

Hər iki dəst BRU-57 xüsusi altlığı ilə çoxatışlıq imkanı; trayektoriyada uçuş zamanı yenidən hədəflənmə; maneələrə davamlılıq; istənilən hava şəraitində gecə-gündüz işləmək bacarığı; tapşırığın icrasına daha az bomba, çeşidin və personalın cəlb edilməsi; maliyyə effektivliyi; inteqrasiya edilmiş GPS/İNS ilə dəqiq vurma qabiliyyəti; GPS/İNS ilə dairəvi sapma ehtimalı 10 metrdən, yalnız İNS ilə isə 25 metrdən az olması kimi bir çox xüsusiyyətlərə sahibdir.

mövcud 907 kq-lıq Mk-84 ümumi təyinatlı və nüfuzedici bombaları GPS / İNS idarəetmə sistemi ilə havadan yerə ağıllı və dəqiq zərbə qabiliyyətli döyüş sursatına çevirən BRU-57 xüsusi altlıqlı çoxatışlı tuşlama dəstidir. MIL-STD 1760 hərbi standartının tələblərinə cavab verir.

YZDE 100 SABET HASSAS GDM KT HGK 84 YERL SAVUNMA SANAY 640x480 c e1623485812718

HGK-84

Lazer axtarma başlığı (LAB) ilə tətbiq edilən HGK-84 həssas tuşlama dəsti LHGK-84, mövcud 907 kq çaplı Mk-84 ümumi təyinatlı və nüfuzedici bombaları GPS / İNS və lazer tuşlama sistemi ilə havadan yerə atılan ağıllı bir silaha çevirən, həm sabit, həm də hərəkət edən hədəflərə qarşı istifadə edilə bilən tuşlama dəstidir.

Hər iki dəst trayektoriyada uçuş zamanı yenidən hədəflənmə; maneələrə davamlılıq; istənilən hava şəraitində gecə-gündüz işləmək bacarığı; tapşırığın icrasına daha az bomba, çeşidin və personalın cəlb edilməsi; aşağı logistik ehtiyac; aşağı kənar ziyan; maliyyə effektivliyi; orta hündürlükdən buraxıldıqda 22 km və yuxarı hündürlükdən buraxıldıqda 28 km fəaliyyət məsafəsi kimi xüsusiyyətlərə sahibdir.

TÜBİTAK-SAGE və “Kale Grubu” şirkəti tərəfindən 227 kq Mk-82 və 453 kq Mk-83 ümumi təyinatlı aviasiya bombalarına KGK qanadlı tuşlama dəsti (Kanatlı Güdüm Kiti) hazırlanıb. Dəstlər müvafiq olaraq KGK-82 və KGK-83 kimi işarələnib. Mk-82 və Mk-83 kimi fərqli bombalar üçün bir növ dəst BRU-57 xüsusi altlıqlı çoxatışlı tuşlama dəstində istifadə olunur. İstənilən hava şəraitində gecə-gündüz işləmək bacarığı və inteqrasiya edilmiş İNS / GPS sayəsində yüksək dəqiqlik qabiliyyəti döyüş tapşırıqlarını uğurla icra etməyə imkan verir.

Beləliklə, mövcud aviasiya bombaları istənilən hava şəraitində 100 km-dən çox məsafədən atıldıqda belə dəqiq zərbə qabiliyyəti qazanıb. Bu, daşıyıcı-təyyarənin təhlükəli bölgələrə yaxınlaşmadan tapşırıqlarını təhlükəsiz şəkildə yerinə yetirməyə imkan verir. Dəstlər açılan qanad dəsti ilə uzun fəaliyyət məsafəsi əldə edib və MIL-STD 1760 hərbi standartının tələblərinə cavab verir.

Seçilə bilən vuruş bucağının mövcudluğu, qəfil çıxan hədəflərə hücum və uçuş trayektoriyasını izləmə əlavə sursat sərfinin qarşısını alır.7b4e18f217bee36f5ad27cb8c11bfcdb

Qanadlı tuşlama dəsti ilə təchiz edilmiş bomba yüksək hündürlükdən (9 km) atıldıqda maksimum 110 km və aşağı hündürlükdən (3 km) atıldıqda 37 km fəaliyyət məsafəsi əldə edir. Hədəfi məhvetmə dəqiqliyi yüksəkdir və İNS/GPS ilə dairəvi sapma ehtimalı 10 metrdən azdır.

Mk-82 / Mk-83 qabarit və kütlə xassələri: uzunluğu 2500/3200 mm, qanad açıqlığı 2600/2600 mm, çapı 275/355 mm, kütləsi 300/600 kq.

Türkiyənin digər məşhur şirkəti, ROKETSAN tərəfindən Mk-81 və Mk-82 ümumi təyinatlı aviasiya bombalarının vurma dəqiqliyini artırmaq məqsədi ilə lazer tuşlama dəsti (Lazer Güdüm Kiti) işlənib hazırlanıb.

“Təbər”, sadə ümumi təyinatlı aviasiya bombasının inersial və GPS idarəetmə sistemi, həmçinin yarıaktiv lazer tuşlama başlıqları (LTB) tətbiq etməklə idarə olunan“ağıılı” sursat halına gətirilməsidir. Bombanın uc hissəsinə quraşdırıla bilən yarıaktiv LTB və silah sisteminə hərəkətli hədəflərə qarşı dəqiq zərbə qabiliyyəti verən “Təbər”, LTB hissəsinə yaxınlıq sensoru əlavə etmək seçiminə də malikdir. 

TEBEER 1 1024x370 1

“Təbər-81”/”Təbər-82əsas xassələri: aviasiya bombasının uzunluğu 2100/2600 mm, kütləsi 155/270 kq. Fəaliyyət məsafəsi 2-28 km, tuşlama növü adi İNS, İNS+GPS, İNS+GPS+LTB, İNS+LTB, yaxınlaşma sensoru 2-15 metr təşkil edir. Bombanın dairəvi sapma ehtimalı <3 metr – İNS ilə 10 metr, İNS/GPS ilə 6 metr, İNS/GPS/LTB ilə 3 metrdir. Manevr qabiliyyəti ± 3g, hərəkət edən hədəfin sürəti <40 km/s, atılma hündürlüyü 2000-12000 metr, nəqletmə hündürlüyü 0-12000 metr təşkil edir.

Türkiyənin “ASELSAN A.Ş.” şirkəti 227 kq çaplı Mk-82 və 907 kq çaplı Mk-84 idarə olunmayan aviasiya bombaları üçün LGK lazer tuşlama dəsti (Lazer Güdüm Kiti) işləyib hazırlayıb. Yeni dəstlər

aselsan1bombaları sərfəli və son dərəcə etibarlı “ağıllı” sursata çevirən bir avadanlıqdır. Lazer tuşlama dəsti stasionar və hərəkətli hədəflərə qarşı daha yüksək vuruş dəqiqliyi, atəş məsafəsinin artması, kənar ziyan və atışdan sonra hədəfi dəyişdirmə imkanlarını təmin edir. Dəst, yarıaktiv lazer özütuşlama başlığı, tuşlama bölməsi, istilik batareyası, qanad sükan sistemi və arxa quyruqdan ibarətdir. Sursat hədəfdən əks olunan lazer şüası ilə idarə olunur: lazer özütuşlama başlığı hədəfdən əks olunan lazer şüasını qəbul edir, sükanlar isə bombanı lazerlə işarələnmiş hədəfə yönəldir.

Fəaliyyət məsafəsi 12 km, atılma hündürlüyü 12000 metr, dairəvi sapma ehtimalı 10 metr, zərbə bucağı 15O təşkil edir.

Böyük Britaniyanın “Raytheon UK” şirkətinin “Raytheon Missiles & Defense” bölməsi “Paveway” tipli idarə olunan dəstin növbəti IV modelini, “Paveway IV” dəstini yaradıb. Hazırda möhkəmləndirilmiş hədəflərin (müdafiə olunan anqarlar, stasionar idarəetmə məntəqələri, qərargahlar və s.) məhv edilməsi üçün təyin edilmiş təkmilləşdirilmiş 227 kq-lıq Mk-82 bombasına quraşdırılan dəstdə həm lazer özütuşlama başlığı, həm də GPS və İNS sistemləri nəzərdə tutulmuşdur ki, bu da pilotlara buludlar arasında, toz fırtınasında və lazer tuşlamanın mümkün olmadığı digər şərtlərdə təhlükəsiz yüksəklikdən bomba atmağa imkan verir.

Bundan başqa, dəstə qəlpə təsiri effektini artırmaqdan ötrü yerüstü partlayış funksiyası əlavə edilib, həmçinin “Paveway IV” dəstinin dərinləşdirilmiş beton hədəfləri məhv etmək üçün 907 kq-lıq nüfuzedici döyüş hissəli və asan ayrılan pərli bombaya quraşdırılacaq variantı da işlənib hazırlanıb.

Bomba daşıyıcı-təyyarədən atıldıqdan sonra “Paveway IV” quyruq idarəetmə sükanları sayəsində süzərək düşür. Yüksək dəqiqlik hesabına bombanın döyüş hissəsi əvvəlki “Paveway” variantlarına nisbətən daha kiçikdir. Daha yüngül “Paveway IV” bombası daha çox funksional elastikliyə imkan verir və beləliklə təyyarə daha çox silah götürə və tək bir keçiddə bir neçə hədəfi bombalaya bilir. Əvvəlki modellərlə müqayisədə digər üstünlükləri sırasına az aerodinamik müqaviməti, böyük dəqiqliyi, GPS sisteminin susdurulmaya daha davamlı olması, texniki xidmət olunmaya ehtiyac olmaması, aşağı qiyməti və davranışda daha təhlükəsiz olması aiddir.

“Paveway IV” dəstinin digər əsas xüsusiyyəti isə, tapşırıqların yerinə yetirilməsi zamanı pilotun kabinasından quraşdırıla bilən partladıcının proqramlaşdırılan hücum rejimləridir. Bu rejimlərə havada partlayış rejimi, zərbə (kontakt) təsiri rejimi və ləngidilmiş partlayış rejimi aiddir.

Rusiya Federasiyası “Region” Dövlət elmi-tədqiqat müəssisəsi” Səhmdar Cəmiyyəti tərəfindən bir neçə növdə idarə olunan aviasiya bombası hazırlanıb. Bunların sırasına “Zaqon-1”, “KAB-250LQ-E”, KAB-500Kr, KAB-500-OD, KAB-1500Kr, KAB-500S-E, KAB–1500LQ-F-E, KAB-1500LQ-OD-E və KAB–1500LQ-Pr-E aviasiya bombaları daxildir.

“Zagon-1” (indeksi S3E) sualtı qayıq əleyhinə idarə olunan aviasiya bombası, sualtı qayıqları su səthində, periskop altında və 600 m-ə qədər dərinliklərdə sualtı mövqelərində məhv etmək üçün nəzərdə tutulub. Bomba, Dünya Okeanının istənilən bölgəsində məhdudiyyət olmadan 6 bala qədər dəniz dalğaları ilə ən azı 150 metr dərinliklərdə sualtı hədəfə qarşı effektiv şəkildə istifadə edilə bilər.

Bombanın şaquli vəziyyətdə suya dalma sürəti 16,2 metr/saniyə, maksimal süzmə bucağı 60O, hədəfi tutma radiusu 120 metr, kütləsi 94 kq, partlayıcı maddənin kütləsi 19 kq, uzunluğu 1300 mm, diametri211 mm-dir.

Lazer özütuşlama başlıqlı və yüksək qəlpəli-fuqas döyüş hissəli KAB-250LQ-E (indeksi K047E) sahib idarə olunan aviasiya bombası lazer hədəfgöstərmə sistemləri ilə təchiz edilmiş cəbhə aviasiyasından və eyni zamanda xarici hədəf işıqlandırmasından istifadə etməklə tək və yaylımla tətbiq edilir. Yüngül texnikaları, dəmir yolu qovşaqlarını, sursat anbarlarını və s. məhv etmək üçün təyin edilib. Tuşlama sistemi lazer özütuşlama başlığıdır, döyüş hissəsi qəlpəli-fuqasdır və partladıcı üç növ ləngidilməli kontaktlırdır.

Bombanın uzunluğu 3200 mm, diametri 255 mm, kütləsi 256 kq, atılma hündürlüyü 1000-10000 metr, dairəvi sapma ehtimalı 5 metrə qədərdir.

a8a371406251db033d03174795f55044

“KAB-500Kr”

KAB-500Kr betondələn (nüfuzedici fuqas) döyüş başlıqlı korrektə olunan aviasiya bombası stasionar yerüstü və suüstü kiçik ölçülü möhkəm hədəflərin (dəmir-beton sığınacaqların, uçma-enmə zolaqlarının, dəmir yolu və şosse körpülərinin, hərbi-sənaye obyektlərinin, gəmilərin və s.) məhv edilməsi üçün təyin edilib. Bombanın ümumi kütləsi 520 kq, uzunluğu 3050 mm, diametri 350 mm, atılma hündürlüyü 500-5000 metr, dairəvi sapma ehtimalı 4-7 metrdir.

KAB-500-OD fuqas (həcmli-detonasiyalı) döyüş başlıqlı korrektə olunan aviasiya bombası dağlıq ərazinin qırışlarında gizlənmiş atəş nöqtələri kimi yerüstü hədəflərin və canlı qüvvənin məhv edilməsi üçün təyin edilib. Kütləsi 370 kq, uzunluğu 3050 mm, diametri 350 mm, atılma hündürlüyü 500-5000 metr, dairəvi sapma ehtimalı 4-7 metrdir.

KAB-1500Kr fuqas döyüş hissəli korrektə olunan aviasiya bombası stasionar yerüstü və suüstü hədəflərin məhv edilməsi üçün təyin edilib. Bombanın kütləsi 1525 kq, uzunluğu 4630 mm, diametri 580 mm atılma hündürlüyü 1000-8000 metr, dairəvi sapma ehtimalı 4-7 metrdir.

Hər üç bomba televizion-korellyasiya özütuşlama başlıqları ilə təchiz edilib. Hədəf haqqında məlumatların işlənməsi üçün korrelyasiya alqoritminə sahib televizion özütuşlama başlıqları, hədəfin yerini yaddaşda saxlayır və hədəfə çatmadan əvvəl bombanın uçuşunu tənzimləyə bilir ki, bu da “atdın-unutdun” prinsipinin həyata keçirilməsini təmin edir. Bu cür özütuşlama başlığı, yerdəki oriyentirlərin və həmən oriyentirlərə nisbətən hədəf koordinatlarının istifadəsi ilə aşağı kontrastlı və maskalanmış hədəfləri vura bilir.

KAB-500S-E fuqas döyüş hissəli peyk tuşlamalı korrektə olunan aviasiya bombası “atdın-unutdun” prinsipi ilə işləyərək anbarlar, hərbi-sənaye obyektləri, dayanacaqdakı gəmilər kimi stasionar yerüstü və suüstü hədəflərin sutkanın istənilən vaxtı və istənilən hava şəraitində məhv edilməsi üçün təyin edilib. Bomba əvvəlcədən məlum olan və ya daşıyıcı-təyyarənin bortunda atılmaya hazırlıq zamanı daxil edilən koordinatlar əsasında hədəflərin məhv edilməsini təmin edir. Uzunluğu 3000 mm, diametri 400 mm, kütləsi 560 kq, atılma hündürlüyü 500-5000 metr, dairəvi sapma ehtimalı 7-12 metrdir.

KAB–1500LQ-Pr-E korrektə olunan aviasiya bombaları lazerli giro-sabitləşdirilmiş özütuşlama başlıqları ilə təchiz olunun və döyüş başlığının növündən asılı olaraq təyin olunublar. KAB–1500LQ-F-E fuqas döyüş hissəli, KAB–1500LQ-OD-E həcmli-detonasiyalı döyüş hissəli və KAB-1500LQ-Pr-E nüfuzedici döyüş hissəli üç versiyası var. Kütləsi 1500 kq, uzunluğu 4242 mm, diametri 580 mm, atılma hündürlüyü 1000-10000 metr, dairəvi sapma ehtimalı 4-7 metrdir.

İran İslam Respublikasının Müdafiə Sənayesi Təşkilatı tərəfindən “Sadid” qəlpəli döyüş hissəli (hazır öldürücü elementli) idarə olunan aviasiya bombasını yaradılıb. Bomba xüsusilə “Shahed-129” tipli zərbə pilotsuz uçuş aparatlarında istifadə olunmaq üçün nəzərdə tutulub, düşmənin həm hərəkətdə olan və dayanan, həm açıq meydançalarda, həm də anqarlarda yerləşən təyyarələrin, həmçinin zirehli texnikalarının və avtomobillərinin məhv edilməsi üçün təyin edilib.

Bomba optik və ya lazer özüstuşlama başlığı ilə təchiz edilir. Trayektoriyanı korrektə etmək üçün dörd quyruq aerodinamik sükandan istifadə olunur və daşıma xüsusiyyətlərini artırmaq üçün bombanın gövdəsinə çarpaz şəkildə sabitlənmiş dörd sabit qanad bərkidilib. Bombanın kütləsi 34 kq, uzunluğu 1630 mm, diametri 152 mm, məhvetmə radiusu 30 metrdir.

qasid

İranın digər məhsulu isə ABŞ-ın süzən GBU-15 idarə olunan aviasiya bombasının təkmilləşdirilmiş variantı olan GBU-78/A “Ghased” bombasıdır. Cəbhə aviasiyası təyyarələrindən tətbiq etmək üçün nəzərdə tutulub. Elektro-optik başlıq sayəsində bomba operatorun iştirakı olmadan avtomatik olaraq hədəfə yönəldilir və 900 metr radiusda üç metrlik vuruş dəqiqliyi əldə edilir. Kütləsi 1100 kq, uzunluğu 4070 mm, diametri 400 mm, məhvetmə radiusu 900 metr təşil edir.

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutu ilə Türkiyənin ASELSAN şirkətinin birgə hazırladığı layihə əsasında lazer tuşlamalı, 250 kq-lıq QFAB-250 LG qəlpəli-fuqas döyüş hissəli aviasiya bombası yaradılıb. Yeni QFAB-250 LG aviasiya bombası qırıcı-bombardmançı təyyarələrdən tətbiq edilməkdən ötrü nəzərdə tutulub, çox yüksək dəqiqliyə malikdir, NATO standartlarına cavab verməklə düşmənin canlı qüvvəsini və digər hədəflərini məhv etmək üçün təyin edilib.

Bombanın idarəetmə sisteminin iş prinsipi hədəfin güclü lazer işarələyici (hədəfgöstərici) vasitəsilə işıqlandırılmasına əsaslanır. Bomba daşıyıcı-təyyarədən atıldıqdan sonra ön hissəsindəki başlıq vasitəsilə hədəf tutulur və məhv edilir.

Bombanını fəaliyyət məsafəsinin artırılması məqsədi ilə məmulatda əlavə olaraq bərk yanacaqlı reaktiv mühərrik də nəzərdə tutulub.

Bombanın uzunluğu 3300 mm, diametri 240 mm, kütləsi 270 kq, atılma hündürlüyü 12000 metr, dairəvi sapma ehtimalı 10 metr, təsir radiusu 100 metrdir.

dczi2qg 32dbc1f9 e45c 4117 a023 3b0491ed9b32

Nəticə olaraq, yüksək dəqiqlikli aviasiya silahlarının müstəqil bir növü olaraq ortaya çıxan və döyüş əməliyyatlarının aparılmasında müəyyən yeri olan müasir idarə olunan aviasiya bombalarının müxtəlif döyüş qarşıdurmalarında istifadəsinin nəticələrinin təhlili göstərir ki, hazırda düşmənin cəbhə bölgəsindəki hədəflərinin hamısına zərbə endirməyə qadir olan universal “hava-yer” aviasiya silahı yoxdur. Lazer, televiziya və infraqırmızı tuşlama sistemi ilə, həmçinin İNS və GPS ilə idarə olunan aviasiya bombaları inkişaf etmiş ölkələrlə HHQ silahlanmasındadır və xüsusilə əhəmiyyətli hədəflərə, kiçik və davamlı hədəflərə seçici zərbələr endirmək üçün prioritet bir silah növü olaraq qalır.

Lakin, müasir layihələrin mahiyyətinin təhlili göstərir ki, idarə olunan aviasiya bombalarının iki istiqamətdə inkişafında sabit tendensiya mövcuddur. Bunlardan biri sadə və ucuz kütləvi istifadə nümunələrinin (JDAM layihəsi üzrə KAB), digəri isə – mühüm döyüş tapşırıqlarının yerinə yetirilməsi üçün mürəkkəb və bahalı nümunələrin (JSOW layihəsi üzrə) yaradılmasıdır.

Əhəd Əzizov

POLİQON JURNALI

CATEGORIES
TAGS