Azərbaycanın milli REM sistemləri yaradılır

Müdafiə Sənayesi Nazirliyinin Elmi Tədqiqat İnstitutu (ETİ) tərəfindən müxtəlif missiyalarda istifadə üçün radioelektron mübarizə sistemləri hazırlanıb.
“AzeriDefence”nin məlumatına görə, sentyabr ayında ADEX-2016 sərgisində nümayiş etdirilmiş GSM/BS-REM kompleksi döyüş və antiterror əməliyyatları zonasında mobil GSM rabitəsinin baza stansiyalarının susdurulması üçün işlənib hazırlanıb. Çıxış gücü 50Vt təşkil edən kompleks 880-1980 MHz tezliklərdə fəaliyyət göstərir. Bir nəqliyyat vasitəsinə bazalaşdırıla bilən kompleksin ötürücüsünün çəkisi 22 kq, antenlərin çəkisi 10 kq təşkil edir. GSM/T-REM cihazı isə ərazidəki mobil GSM rabitə terminallarının susdurulması üçün nəzərdə tutulur. 925-2170 MHz tezliklərdə çalışan kompleks maşınlara quraşdılır.
Müəssisənin KNS-REM adı verilmiş GPS və QLONASS peyk naviqasiya sistemlərinin siqnallarına maneəqoyma stansiyası isə döyüş əməliyyatları zonasında düşmənin peyk naviqasiyasından istifadə edən sistemlərini, avtomatlaşdırılmış artilleriya-kəşfiyyat komplekslərinin, o cümlədən pilotsuz uçuş aparatlarının fəaliyyətini əngəlləmək üçün vacibdir. Çıxış gücü ən azı 30Vt təşkil edən stansiyanın təsir məsafəsi ən azı 30 kilometrdir. 400x160x680 mm ölçülərə malik stansiyanın nəqliyyat vasitələrindən yerləşdirilməsi mümkündür.



