Azərbaycanın müdafiə naziri Qazaxıstanda səfərdədir – FOTOLAR

Azərbaycanın müdafiə naziri Qazaxıstanda səfərdədir – FOTOLAR

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Qazaxıstanın müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkovun dəvəti ilə “Birləşdik-2024” beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təlimini izləmək üçün qardaş ölkəyə səfər edib.

“Poliqon” xəbər verir ki, Aktau Beynəlxalq hava limanında general-polkovnik Z.Həsənovu qazaxıstanlı həmkarı general-polkovnik R.Jaksılıkov qarşılayıb.

Hava limanında təşkil edilən rəsmi qarşılanma mərasimində müdafiə nazirləri fəxri qarovulun önündən keçiblər. Nümunəvi hərbi orkestrin müşayiəti ilə hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Müdafiə naziri səfər çərçivəsində “Birləşdik-2024” təliminin “Oymaşa” təlim poliqonu və Xəzər dənizinin akvatoriyasının Tokmak burnunda icra ediləcək epizodlarını izləyəcək.

Belə ki, silah və hərbi texnikaya, taktiki-atəş hazırlığı təlimlərinə baxış keçiriləcək, habelə məhdud görmə şəraitində qanunsuz silahlı dəstələrin məhv edilməsi əməliyyatları icra olunacaq.

Azərbaycan ilə region ölkələr arasında əlaqələrin inkişafında kommunikasiya körpüsü rolunu oynayan “Poliqon” hərbi-kosmik texnoloji jurnalı bu şərəfli missiyada üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışır. Azərbaycandan “Poliqon” jurnalı olaraq “Birləşdik-2024” əməliyyat-taktiki təlimlərinin media tərəfdaşı qismində çıxış edirik. Bu təlimlər üçün rus dilində “Poliqon” Xüsusi Buraxılışı hazırlanıb. “Poliqon” Xüsusi Buraxılışı təlimlər çərçivəsində iştirakçı ölkələrin rəhbər şəxsləri, qonaqlar və digər iştirakçılar arasında pulsuz yayımlanır.

“Birləşdik-2024” regional əməliyyat-taktiki komanda-qərargah təlimlərinin media tərəfdaşı olaraq “Poliqon” jurnalı “Birləşdik-2024”ün gedişatı, təlimlərdə yeniliklər, istifadə olunan silah və hərbi texnika barəsində ictimaiyyəti ətraflı məlumatlarla təmin edir.

CATEGORIES
TAGS