Azərbaycan “Kompleks Təhlükəsizlik – 2012” sərgisinə dəvət olunub
Azərbaycanın bir sıra hərbi və təhlükəsizlik qurumları bu ilin may ayında Moskvada keçiriləcək “Kompleks Təhlükəsizlik -2012” sərgisinə dəvət olunub. Bu barədə ADN-ə sərginin təşkilat komitəsindən məlumat verilib.
Təşkilat komitəsindən verilən məlumata görə, Azərbaycanın müdafiə və təhlükəsizlik sektorunda fəaliyyət göstərən qurumların nümayəndələri hər il keçirilən bu sərgiyə qatılır. Sərgidə təmsil olunan şirkətlərin stendlərində olur və işgüzar görüşlər keçirirlər.
Bu dəfəki sərgidə iştirakla bağlı isə təşkilat komitəsi tərəfindən Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinə dəvət göndərilib.
Bu il keçiriləcək sərgidə əsas yeniliklər nəqliyyatda təhlükəsizliyi təmin edən sistemlər və əhalinin kimyəvi təhlükəsizliyini təmin edilməsi ilə bağlı yaradılan məhsullar olacaq. Bununla bağlı Rusiya və xarici şirkətlər tərəfindən istehsal edilmiş ən müasir texnologiyalar və həllər sərgilənəcək.
“Kompleks Təhlükəsizlik -2012” sərgisi aşağıdakı tematik bölmələrdən ibarət olacaq: Yanğın təhlükəsizliyi, Xilasetmə vasitələri, Mühafizə texnikası, Silahlı və xüsusi təyinatlı qüvvələr üçün texniki vasitələr, Sərhədin mühafizəsi texniki vasitələri, Sənaye təhlükəsizliyi, Nəqliyyatda kompleks təhlükəsizlik, Nüvə və radiasiya təhlükəsizliyi, İnformasiya və rabitə təhlükəsizliyi, Ekoloji təhlükəsizlik və Təcili tibbi yardım.
Sərginin veb ünvanı: www.isse-russia.ru