“Bayraktar KEMANKEŞ” raketinin ilk atış sınağı keçirilib

“Bayraktar KEMANKEŞ” raketinin ilk atış sınağı keçirilib

Türkiyənin “Baykar” şirkəti tərəfindən hazırlanan “Bayraktar KEMANKEŞ” mini ağıllı qanadlı raketinin ilk atış sınağı keçirilib.

“Poliqon” “Baykar” şirkətinə istinadən xəbər verir ki, Türkiyənin Ədirnə şəhərində baş tutan sınaq zamanı “Bayraktar TB2” pilotsuz uçuş aparatından (PUA) atılan “Bayraktar KEMANKEŞ” raketi yüksək sürətlə 33 kilometr məsafəni qət edərək, təyin olunmuş hədəf əraziyə çatıb.

Qeyd edək ki, “Baykar” şirkəti “Bayraktar KEMANKEŞ” raketini ilk dəfə cari ilin 27 aprel – 1 may tarixlərində İstanbulda keçirilən TEKNOFEST 2023 festivalında təqdim edib.

“Bayraktar KEMANKEŞ” raketi, reaktiv mühərrikindən stabilləşdirilmiş kamera sisteminə kimi, süni intellekt proqram təminatından sistem dizaynına qədər tamamilə milli və orijinaldır. Toplamda 35 kiloqram ağırlığa, 6 kq döyüş başlığına sahib “Bayraktar KEMANKEŞ”in hədəfə şığıma sürəti 0.7 Mach və əməliyyat mənzili 200 kilometrdən çoxdur.

“Baykar”ın bildirdiyinə görə, “Bayraktar KEMANKEŞ” raketi süni intellektlə dəstəklənən avtopilot sistemi sayəsində həm avtonom uçuş həyata keçirə, həm də strateji hədəfləri yüksək dəqiqliklə zərərsizləşdirə bilir. Sahib olduğu imkanlar ilə gecə-gündüz şəraitində istifadə edilə bilən “Bayraktar KEMANKEŞ”, düşmənin elektron mübarizə vasitələrinin təsirinə məruz qalmadan qarşıya qoyulan tapşırığı yerinə yetirmək iqtidarındadır.

Hazırda “Bayraktar KEMANKEŞ”in xəbərləşmə mənzili 50 kilometr təşkil edir ki, şirkət bunu da gələcəkdə mərhələli şəkildə əvvəl 100 km, daha sonra isə 250 km-ə qədər artırmağı planlaşdırıb. Raket şirkətin istehsal etdiyi “Bayraktar TB2”, “Bayraktar TB3” və “Bayraktar Akıncı” PUA-ları tərəfindən istifadə olunmaq üçün nəzərdə tutulub.

Poliqon.az

CATEGORIES
TAGS