Braziliya Ordusu təkərli şassili haubitsa axtarışındadır

Braziliya Silahlı Qüvvələri 36 ədəd təkərli haubitsası almaq niyyətindədir.
“Poliqon” “Defence24″ə istinadən xəbər verir ki, bu haubitsalar “Guarani” ailəsindən olan zirehli transportyorlarla silahlanmış bölmələrin atəş dəstəyi üçün istifadə ediləcək.
Qeyd edək ki, Braziliya Silahlı Qüvvələri hal-hazırda özüyeriyən haubitsa sahəsində yalnız, tədricən 39 çap uzunluqlu M109A5 BR səviyyəsinə qədər təkmilləşdirilmiş ABŞ istehsalı tırtıllı şassi üzərindəki M109 özüyeriyən artilleriya qurğularına malikdir. Bununla belə, Braziliya Ordusu eyni zamanda təkərli şassidə yerləşən haubitsalar əldə etmək istəyir. Beləliklə, yerli hərbi mütəxəssislər “Guarani” tipli təkərli zirehli transportyorlarla silahlanmış hissələrlə artilleriya bölmələrinin qarşılıqlı əlaqəsinin qurulmasını planlaşdırırlar.
“Guarani” zirehli transportyorları “Iveco Defence Vehicles” şirkəti ilə iş birliyində hazırlanmışdır. Transportyorlar orduya 2012-ci ildən etibarən tədarük olunur və 2014-cü ildən bəri silahlanmada yer tutur. Bu zirehli transportyorlar tədricən silahlanmadakı EE-9 “Cascavel “döyüş kəşfiyyat vasitələrini və EE-11 “Urutu” zirehli transportyorlarını əvəz edirlər. 2019-cu ildə 400 ədəd “Guarani” zirehli transportyorunun tədarükü elan edilmiş və onların yekun sayının 2000-dən çox olacağı gözlənilir.
Bu tip texnikaların olması, transportyorlarla birlikdə hərəkət edə bilməsi üçün bənzər şassidəki artilleriya vasitələri ilə onları dəstəkləmək ehtiyacının olması deməkdir. Buna görə Braziliya Ordusunun Qərargah rəisi, öz əmri ilə, yaxın bir neçə ay ərzində 155 mm-lik özüyeriyən haubitsa layihəsinin texniki-iqtisadi əsaslandırmasını aparacaq komanda təyin edib. Yeni haubitsalar 40 km-ə qədər atəş apara bilməli (bu, ehtimal ki, ən azı 52 çap uzunluqlu lülə istifadə etmək deməkdir) və Braziliya Silahlı Qüvvələrinin digər artilleriya sistemləri ilə qarşılıqlı əlaqədə işləmə imkanına malik rəqəmsal atəşi idarəetmə sistemi ilə inteqrasiya edilməlidir.
Ordu Komandanlığı tərəfindən qəbul edilmiş Proqram, yerli müdafiə sənayesi şirkətlərinin xarici tərəfdaşları ilə əməkdaşlığı çərçivəsində Braziliyada “ağıllı” və uzun mənzilli sursatlar daxil olmaqla müasir döyüş sursatlarının istehsalı üçün istehsal gücünün artırılmasına yönəldilməli olduğunu da vurğulayır.
Braziliya Silahlı Qüvvələrinin nümayəndə heyətləri daha əvvəllər İsrail və Fransada istifadə və ya inkişaf etdirdikləri təkərli şassili 155 mm-lik özüyeriyən artilleriya qurğuları ilə praktiki tanışlıq məqsədi ilə bu ölkələrə səfər etmişlər. Buna əsaslanaraq ehtimal etmək olar ki, İsrailin “Elbit Systems” şirkətinin “ATMOS 2000” və Fransanın “Nexter” şirkətinin “SEZAR” təkərli özüyeriyən artilleriya qurğuları Braziliya müqaviləsi üçün namizədlər arasında ola bilər. Lakin, çox güman ki, prosedurda digər iddiaçılar da iştirak edə biləcəklər.
Əhəd Əzizov




