SƏRHƏDXəbərlər

Dövlət Sərhəd Xidməti Akademiyasının 15 illik yubiley buraxılışı keçirilib – VİDEO

May ayının 8-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ərəfəsində Dövlət Sərhəd Xidməti (DSX) Akademiyasının 15 illik yubiley buraxılışı keçirilib.

DSX-nin Mətbuat Mərkəzindən “Poliqon”a verilən məlumata görə, gənc zabitlər Fəxri xiyabanda Dahi Öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edib, məzarı önünə güllər düzüblər.

Dövlət Bayrağı Meydanında Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlarda Ümummilli Liderin Dövlət Sərhəd Xidmətinin yaradılmasında, formalaşdırılmasında və inkişafında misilsiz xidmətləri xüsusi vurğulanıb, onun uzaqgörən siyasəti nəticəsində dövlət sərhədlərimizin mühafizəsinin müstəqil dövlətçiliyimizin əsas atributlarından birinə çevrildiyi, bu strateji kursun Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, tariximizin ən böyük sərkərdəsi İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi xüsusi qeyd olunub.

Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin Akademiyasının buraxılış mərasimlərinin varlığımızın qürur mənbəyi olan Dövlət Bayrağımızın dalğalandığı bu meydanda keçirilməsi təsadüfi deyil. Döyüş salnaməmizin tarixi rəmzi olan müqəddəs Zəfər bayrağımız Azərbaycan xalqının əsrlər boyu formalaşmış qəhrəmanlıq ənənələrinin, yenilməz iradəsinin parlaq təcəssümüdür.

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev çıxışı zamanı dövlətinə, Azərbaycan Prezidentinə və xalqın milli maraqlarına sadiq, yüksək peşəkarlığa malik sərhədçi zabitlərin hazırlanmasında mühüm əhəmiyyət kəsb edən Dövlət Sərhəd Xidməti Akademiyasının fəaliyyətini xüsusi vurğulayıb, 15 il müddətində əldə olunmuş uğurlara toxunub.

Bu gün regionun nüfuzlu xüsusi təyinatlı təhsil müəssisələrindən və beynəlxalq sərhədçi kadr hazırlığı mərkəzlərindən birinə çevrilən, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi milli sərhədçilik ənənələri əsasında fəaliyyət göstərən DSX Akademiyasında təhsil alan kursantlara müasir hərbi biliklərlə yanaşı, vətənpərvərlik, dövlətçilik ənənələrinə sadiqlik, yüksək zabit etikası aşılandığı, onların fiziki və mənəvi hazırlığının gücləndirilməsi istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyi xüsusi vurğulanıb.

Bu il Akademiyanı bitirmiş kursantlardan 3 nəfər təhsilini qırmızı diplomla başa vuruvb, həmçinin Tacikistan sərhəd xidmətinin müraciəti əsasında 5 illik zabit hazırlığını uğurla tamamlayan 6 xarici kursant məzun olub.

Çıxışlardan sonra məzunlara diplomlar təqdim olunub, gənc zabitlər təntənəli surətdə “Sərhədçi zabit andı”nı qəbul ediblər.

Zabit andını qəbul etmiş heyətin Vətənimiz Azərbaycanın təhlükəsizliyinin keşiyində dövlət sərhədlərinin mühafizəsi və müdafiəsi işini şərəf və ləyaqətlə yerinə yetirəcəklərinə əminlik ifadə olunub.

Mərasimin sonunda Dövlət Sərhəd Xidmətinin rəisi gənc zabitləri təbrik edib, onların valideynləri ilə görüşərək Vətənə bağlı, milli-mənəvi dəyərlərə sadiq, layiqli və vətənpərvər övladlar yetişdirdiklərinə görə dərin minnətdarlığını bildirib.

Back to top button