DSX rəisi: Son illər sərhəd təhlükəsizliyi ilə bağlı təhdidlərin müəyyən transformasiyasını müşahidə edirik
Son illər biz sərhəd təhlükəsizliyinə təhdidlərin müəyyən transformasiyasını, transsərhəd cinayətinin yeni növ və formalarının meydana çıxmasını, coğrafiyasının genişlənməsini müşahidə edirik.
“Poliqon” xəbər verir ki, bunu Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev MDB Sərhəd Qoşunlarının Komandanları Şurasının 86-cı iclasında çıxışı zamanı deyib.
O bildirib ki, bu, öz növbəsində, sərhəd təhlükəsizliyinin təmin edilməsi üçün yeni yanaşma və həll yollarının axtarışı və tətbiqinin aktuallığını şərtləndirir.
“Bu baxımdan, gedən proseslərin vaxtında və düzgün qiymətləndirilməsi, sərhəd təhlükəsizliyinin təmin edilməsinə kompleks və səmərəli yanaşma beynəlxalq terrorizm, separatizm, transsərhəd cinayətlər, o cümlədən qeyri-qanuni miqrasiya, narkotik vasitələrin və digər qadağan olunmuş materialların qaçaqmalçılığı ilə mübarizədə təsirli vasitədir”, – deyə E.Quliyev vurğulayıb.