DSX və Hərbi Prokurorluğun əməkdaşları Sərhəd Qoşunlarının hərbi hissələrində şəxsi heyətlə görüşlər keçirib

DSX və Hərbi Prokurorluğun əməkdaşları Sərhəd Qoşunlarının hərbi hissələrində şəxsi heyətlə görüşlər keçirib

Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) və Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən birgə tədbirlər planına uyğun olaraq, 16 mart 2022-ci il tarixdə Sərhəd Qoşunlarının Qubadlı və Zaqatala rayonları ərazisində yerləşən hərbi hissələrində şəxsi heyətlə görüşlər keçirilib.

DSX-nin mətbuat mərkəzindən “Poliqon”a verilən məlumata görə, Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə əvvəlcə Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi, torpaqların işğaldan azad olunması uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirlər zamanı şəxsi heyət Novruz bayramı münasibətilə təbrik edilib, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu milli sərhəd siyasətinin uğurla həyata keçirilməsi, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin göstərdiyi ali diqqət və qayğı nəticəsində ölkə sərhədlərinin etibarlı mühafizəsinin ən yüksək tələblər səviyyəsində təşkil olunması istiqamətində əldə edilmiş nailiyyətlər vurğulanıb.

Çıxışlar zamanı cinayət hadisələrinin qarşısının alınması, qanunvericiliyin tələblərinə riayət edilməsi, hərbi intizamın möhkəmləndirilməsi mövzularında şəxsi heyətə müvafiq tövsiyələr verilib.

Tədbirlərdə iştirak edən rəsmi şəxslər hərbi hissələrdə yaradılmış şəraitlə yaxından tanış olmuş, xidmətdə fərqlənmiş hərbi qulluqçulara qiymətli hədiyyələr təqdim ediblər.

Poliqon.az

CATEGORIES