Ermənistan Rusiyaya sifariş verdiyi “Tor-M2KM” ZRK-ni alıb

Ermənistan Rusiyaya sifariş verdiyi “Tor-M2KM” zenit-raket komplekslərinin ilk partiyasını alıb.
“AzeriDefence”nin bildirdiyinə görə bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan sosial media hesabında məlumat paylaşıb.
Paşinyan “Tor-M2KM” ZRK maşını önündə selfi fotosunu çəkərək özünün sosial media hesabında paylaşım edib.
Sosial şəbəkədə ermənilərə məxsus səhifələrdə zenit-raket komplekslərinin Ermənistana gətirilməsini, hava limanında təyyarədən boşaldılmasını əks etdirən fotolar yayımlanıb.
Fotolardan göründüyü qədər Ermənistan 8×8 təkər formuluna malik KAMAZ-63501 yük maşınının şassisi üzərində yerləşdirilmiş “Tor-M2KM” ZRK-lərini əldə edib. Bu versiya “Tor M2” ZRK-nin modul versiyası sayılır. Belə ki, ZRK-nin işəsalma qurğusu ehtiyac duyulduqda bir maşın üzərindən götürülərək digər maşına qurula bilir.
Qeyd edək ki, Ermənistan “Tor-M2KM” ZRK-nin Hindistandan sonra ikinci istifadəçisidir.





