Finlandiya özünün ilk təkərli ÖAQ-ını hazırlayır
Finlandiya özünün ilk təkərli özüyeriyən artilleriya qurğularını (ÖAQ) inkişaf etdirilməyə başlayıb.
“Poliqon” “Аamulehti” nəşrinə istinadən xəbər verir ki, bu, ilk növbədə, CAESAR tipli təkərli ÖAQ-ların yüksək hərəkət qabiliyyətini və imkanlarını nümayiş etdirdiyi Ukraynadakı müharibə təcrübəsi ilə bağlıdır.
Finlandiyanın “Patria” şirkəti yerli “Sisu Defence Oy” şirkətinin istehsalı olan Sisu E13TP yük maşınının bazasında 155 mm-lik K98 yedəyə alınan haubitsasının silahını quraşdırmaqla yeni təkərli ÖAQ hazırlayacaq.
Qeyd edək ki, 155 mm-lik təkərli ÖAQ-ın layihəsi ilk dəfə 2015-ci ildə Patria şirkəti tərəfindən yeni artilleriya sisteminin axtarışı çərçivəsində Müdafiə Komitəsinə təqdim edilib. Lakin yerli təkərli ÖAQ-lar Müdafiə Komitəsini maraqlandırmamış və 2017-ci ildə təkərli ÖAQ əvəzinə Cənubi Koreyanın tırtıllı K9 “Thunder” artilleriya sistemi seçilib.
Artilleriyanın böyük rolunun nümayiş olunduğu Rusiya Ukrayna tammiqyaslı müharibəsi başlayandan sonra Finlandiya Müdafiə Nazirliyi yerli sistemləri böyük miqdarda və aşağı qiymətə necə inkişaf etdirməyi düşünməyə başlayıb.
Hazırda sözügedən layihənin hansı mərhələdə olduğu məlum deyil, lakin “Patria” şirkəti nümayəndələrinin fikrincə, təkərli ÖAQ-lar üçün artilleriya silahlarının istehsalına yenidən başlamaq lazımdır.
Bildirildiyi kimi, yeni təkərli ÖAQ-ın artilleriya hissəsində 155 mm-lik K98 yedəyə alınan haubitsasının silahı quraşdırılacaq. 155 mm-lik K98 (155 millimetrin kanuuna 1998) haubitsası 1997-ci ildə Finlandiyanın “Patria Vammas” şirkəti tərəfindən hazırlanıb, 1997-2005-ci illərdə Finlandiyada “Patria Vammas” (1997–2004) və “Patria Land Systems” (2004–2005) şirkətləri, eləcə də Misirdə “Abu Zaabal Engineering Industries” şirkəti tərəfindən lisenziya əsasında istehsal edilib. K98 haubitsası 1998-ci ildə Finlandiya Müdafiə Qüvvələrinin silahlanmasına qəbul edilib.
K98 haubitsasında lüləsinin uzunluğu 52 çap olan 155 mm-lik silah quraşdırılıb ki, bu da adi qəlpəli-fuqas mərmilərlə 30 km-ə qədər məsafədə atış aparmağa imkan verir.
O, haubitsanı 1,6 km-ə qədər məsafədə müstəqil şəkildə hərəkət etdirə bilən 78 kVt (105 at gücü) gücündə köməkçi güc qurğusuna malikdir. Haubitsa yüksək keçidlikli yük avtomobili ilə yedəyə alınır. Onu atışa hazırlamaq bir neçə dəqiqə çəkir.
Əvvəllər məlumat paylaşmışdıq ki, Səudiyyə Ərəbistanının “Saudi Arabian Military Industries” (SAMİ) şirkəti yeni 155 mm-lik təkərli özüyeriyən artilleriya qurğusunu təqdim edib. SAMI şirkətinin 8×8 təkər formullu TATRA şassisindəki özüyeriyən qurğusu Səudiyyə Ərəbistanının müdafiə sənayesi üçün irəliyə doğru mühüm addımdır (ətraflı: https://poliqon.az/seudiyye-erebistaninda-tekerli-155-mm-lik-oaq-yaradilib/)
Əhəd Vahidoğlu