General-mayor Məhərrəm HƏSƏNOV: Müharibə bitsə də, bizim müharibəmiz həmişə davam edir

General-mayor Məhərrəm HƏSƏNOV: Müharibə bitsə də, bizim müharibəmiz həmişə davam edir

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti (XRXX) fövqəladə hallara çevik reaksiya verilməsini, fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı xüsusi riskli axtarış və qəza-xilasetmə əməliyyatlarını, zərərçəkmişlərə ilkin yardım göstərilməsini, təbii, texnogen, yanğın və terror təhlükələrinə məruz qalan strateji əhəmiyyətli müəssisələrin, qurğuların və digər obyektlərin öz səlahiyyətləri daxilində mühafizəsini, humanitar yardımların müşayiət və mühafizə olunmasını təşkil edir, öz səlahiyyətləri daxilində strateji obyektlərin, qurğuların mühafizəsini və digər təxirəsalınmaz tədbirləri həyata keçir.

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisinin 1-ci müavini – qərargah rəisi, general-mayor Məhərrəm Həsənovla müsahibəmizdə XRXX-nin fəaliyyəti barədə məlumat almağa çalışdıq.

POLİQON: Cənab general-mayor, əvvəlcə Xüsusi Riskli Xilasetmə Xidmətinin strukturu və fəaliyyət istiqamətləri haqqında məlumat verməyinizi istərdik.

General-mayor Məhərrəm HƏSƏNOV: Qloballaşmış və müasir dünyada texnogen qəzaların artaması, təbii fəlakətlərin baş verməsi və bütün bunların hamısının bir arada idarə olunması üçün Azərbaycanda Fövqəladə Hallar Nazirliyinin (FHN) yaradılması zərurətini ortaya çıxardı. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin fərmanı ilə 2005-ci il dekabrın 16-da Fövqəladə Hallar Nazirliyi yaradılmışdı. FHN yaradıldıqdan sonra onun tərkibində üç qurumu – Təcili Xilasetmə Xidməti, Hərbiləşdirilmiş Xüsusi Mühafızə Xidməti və Kinoloji Xidməti fəaliyyətə başlamışdı. 2008-ci il fevralın 5-də Prezident İlham Əliyevin fərmanı ilə bu üç qurum ləğv olunaraq onların bazasında geniş xilasetmə sahələrini əhatə edən Xüsusi Riskli Xilasetmə Xidməti yaradılmışdır. FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti fövqəladə halların nəticələrinin aradan qaldırılması, əhalinin və ərazilərin fövqəladə hallardan qorunması sahəsində dövlət siyasətinin və tənzimlənməsinin işlənib hazırlanmasında və həyata keçirilməsində öz səlahiyyətləri daxilində iştirak edir.

Daha sonra, XRXX-nin tərkibində Çevik Xilasetmə İdarəsi və onun da tərkibində Əlahiddə Kinoloji Tabor yaradıldı. Sahələr üzrə Əlahiddə Paraşüt-Desant Taboru, Əlahiddə Sularda Xilasetmə Taboru olmaqla eyni şəkildə yaradılan iki alayımızdan biri Gəncə şəhəri, digəri isə Bakı şəhəri istiqamətində fəaliyyət göstərir. Bunlar eyni vəzifələri yerinə yetirirlər. Alayların tərkibində həm Xilasetmə Taborları, həm də Mühafizə Taborları olur.

POLİQON: Çevik xilasetmə qruplarının qarşısında duran tapşırıqlar nələrdir. Bu tapşırıqların vaxtında, çevik şəkildə icrası üçün hansı addımlar atılır?

 General-mayor Məhərrəm HƏSƏNOV: Xidmətin əsas vəzifələrindən biri fövqəladə hallara çevik reaksiya verilməsini təmin etməkdir. Hadisə yerinə tez çatmaq müasir dövrümüzdə yüksək sürət tələb edir. Bunun üçün də Nazirlik tərəfindən ilk növbədə Xidmətin Çevik Xilasetmə İdarəsinin yaradılması haqda qərar qəbul edilmişdir. Bu qruplar “Mercedes Sprinter”, “Nissan Patrol” və BMW markalı motosikletlərin bazasında yığılmış, müasir tipli, xüsusi təyinatlı xilasetmə alət-avadanlıqları ilə təchiz edilmiş fövqəladə hal (hadisə) baş vermiş əraziyə ilk çatan çevik qrupdur. Motosikletlərin keysləri xüsusi müasir xilasetmə alət və avadanlıqlarla komplektləşdirilmişdir. Hazırda Bakı şəhərində Çevik Xilasetmə İdarəsinin 11-ə yaxın postu vardır. Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin “112” xidmətindən və digər mənbələrdən Xidmətin növbətçi hissəsinə məlumat daxil olduqda Çevik Xilasetmə İdarəsinin xilasediciləri məsafədən asılı olaraq 6-8 dəqiqə ərzində hadisə yerinə çatırlar. “112 zəng xidməti”nin operatorları 24 saat ərzində məlumat qəbul edir və operativ tədbirlərin görülməsi üçün müvafiq strukturları xəbərdar edirlər.

Kinoloji Taborumuzun bazasında 3 ay müddətində xilasedicilərin və mühafizəçilərimizin ilkin hazırlıq proqramı keçirilir. 3 aylıq müddət bitdikdən sonra xilasedicilər və mühafizəçilər öz sahələri üzrə dünyanın başqa-başqa ölkələrində ixtisasları üzrə kurs keçirlər. Xarici ölkələrdən ən çox önəm verdiyimiz qardaş Türkiyə Respublikasıdır. 2015-ci ildən bəri Türkiyədə partlayıcıların axtarışı və zərərsizləşdirilməsi, dağ axtarış-xilasetmə işləri, paraşüt-desant sahəsi, sularda xilasetmə işlərini həyata keçirilməsi kimi sahələr üzrə zabit və gizirlərimiz oxuyaraq ixtisaslaşmış mütəxəsis kimi yetişibdir.

Habelə, Türkiyədə KBRN kursları vardır. Bizim zabit və gizirlərimiz bu kursları keçiblər. Daha sonra maddi-texniki təminat sahəsi üzrə gizir və zabitlərimiz ixtisasları üzrə kurslar keçiblər. Bu gün də həmin kurslar davam edir. Bu, iki dövlət arasında olan münasibətin, qardaşlığın nəticəsidir.

POLİQON: Minatəmizləmə qrupunun hansı təchizat imkanları var. Partlayıcı vasitələrin zərərsizləşdirilməsi necə həyata keçirilir. Vətən müharibəsi zamanı və sonra Minatəmizləmə qrupu hansı işləri görüb?

General-mayor Məhərrəm HƏSƏNOV: 44 günlük Vətən mühribəsinin nəticəsi olaraq Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin müdrik rəhbərliyi altında böyük bir zəfər qazanmışdır. Bu zəfərin nəticəsində Azərbaycanın əraziləri düşmən tapdağından təmizlənmiş və azad olunmuş ərazilərimizdə minalardan təmizlənmə prosesləri başlanılmışdı. Hər güc strukturuna tapşırıqlar verildiyi kimi bizə də tapşırıqlar verilmişdi.

Vətən müharibəsindən sonra XRXX-nin hərbi hissələrinin İstehkam və Pirotexnik taqımlarının şəxsi heyətindən ibarət Minalardan Təmizləmə Qrupları formalaşdırılmışdır. 2021-ci il yanvar ayından etibarən Minalardan Təmizləmə Qrupu Ağdam və Füzuli rayonlarında ərazilərin minalardan təmizlənməsi tapşırıqlarını icra edir. Minalardan təmizləmə qrupu aidiyyatı qurumlarla razılaşdırılmış ərazilərdə minalardan təmizləmə prosesini davam etdirir və  partlyış təhlükəli əşyalar zərərsizləşdirir.

Qrup xüsusi metal detektorlarla o cümlədən alət və avadanlıqlarla təchiz edilmişdir. Minalardan təmizləmə qrupu fərdi axtarış vasitəsilə, əl üsülu ilə ərazilərin minalardan təmizlənməsi tapşırıqlarını icra etməkdədir. Minatəmizlənmə prosesi bu günə qədər davam etdirilir.

Fəaliyyətimizi həyata keçirərkən istifadə etdiyimiz alət və avadanlıqlar müasir texnologiyaya uyğundur: minaaxtaran detektorlar, xüsusi geyimlər və s. Bu da qarşımıza qoyulan tapşırıqların yerinə yetirilməsində texnika baxımdan heç bir maneəçilik törətmir.

POLİQON: Cənab general-mayor, qeyd etdiniz ki, İstehkam və Pirotexnik taqımlarının şəxsi heyətindən ibarət Minalardan Təmizləmə Qrupları formalaşdırılmışdır. XRXX-nin Pirotexnik Qrupunun gördüyü işlər barədə məlumat verə bilərsinizmi? Qrup hansı texnika və avadanlıqlarla təchiz edilib?

General-mayor Məhərrəm HƏSƏNOV: XRXX-nin hərbi hissələrinin İstehkam və Pirotexnik taqımlarının şəxsi heyətindən formalaşdırılmış Pirotexnik Qrupu əsasən Bakı şəhəri olmaq üzrə ərazi və obyektlərdə partlayış təhlükəli əşyaların zərərsizləşdirilməsi, məhv edilməsi o cümlədən ərazidən götürülməsi tapşırıqlarını icra etməkdədir.

Qrup aşkar edilmiş partlayış təhlükəli əşyaların məhv edilməsi üçün partlayış materialları ilə, ərazidə kəşfiyyat aparılması üçün o cümlədən aşkar olunmuş partlayış təhlükəli əşyaların təxliyyə edilməsi üçün xüsusi alət və avadanlıqlarla təchiz edilmişdir. Ərazidə aşkar edilmiş partlayış təhlükəli əşyaların təhlükəsiz daşınması və təxliyə edilməsi üçün xüsusi 10 kq ekvivalentinə qədər partlayışın təsirinə tab gətirə bilən xüsusi konteyner ilə təchiz edilmişir. Qrup fasiləsiz olaraq 24 saatlıq iş rejimində xidmət aparır.

POLİQON: XRXX-nin fəaliyyət istiqamətlərindən biri də kimyəvi, bioloji, radioaktiv və nüvə hadisələri (KBRN) zamanı xilasetmə əməliyyatlarının icrasıdır. Kimyəvi qəzalar zamanı işləyən qrupların, KBRN əməliyyatları necə təşkil olunur?

General-mayor Məhərrəm HƏSƏNOV: Kimyəvi qəzalar zamanı daxil olan ilkin məlumata əsasən Xidmətin Radiasiya və Kimyadan Mühafizə bölmələri hadisə yerinə cəlb olunurlar. Hadisə yerinə cəlb olunan şəxsi heyət kəşfiyyatçılardan, lokallaşdırma, xilasetmə (təxliyə) və mütəxəssis-deqazatorçulardan ibarət 4 qrupa bölünürlər. Radiasiya və kimyadan mühafizə bölmə komandiri tərəfindən qəbul edilən qərara əsasən kəşfiyyat qrupu ətrafa yayılmış kimyəvi maddənin müəyyən edilməsinə uyğun olaraq fərdi mühafizə vasitələri və səyyar kəşfiyyat cihazları ilə təmin edilir. Kəşfiyyat qrupunun əsas fəaliyyət istiqaməti bütün kəşfiyyat məlumatlarının qərargaha ötürülməsi, çirklənmə zonasında ətrafa dağılmış kimyəvi (radioloji, bioloji) maddənin mənbəyinin, adının, miqdarının, qatılığının, ərazinin miqyasının və hadisə yerində zərərçəkmişlərin sayının dəqiqləşdirilməsindən ibarətdir. Əməliyyat qərargahına ötürülən məlumatlara əsasən lokallaşdırma və xilasetmə qrupları hazırlıq vəziyyətinə gətirilir. Kəşfiyyat qrupu məlumatları ötürdükdən sonra zərərçəkmişlərin qaynar zonadan isti zonaya təxliyəsinə başlayır. Lokallaşdırma qrupu qaynar zonaya çatdıqda isə aşkar edilmiş maddənin mənbəyinə müdaxilə edərək zərrəsizləşdirmə işlərini təşkil edirlər.

Eyni zamanda xilasetmə qrupu zərərçəkmişlərin sayına uyğun olaraq isti zonaya doğru hərəkət edərək çeşidlənmə işlərinə başlayır və təxliyə prosesini isti zonadan soyuq zonaya tərəf yəni zərərsizləşdirmə meydançasının qurulduğu əraziyə gətirirlər. Kəşfiyyat qrupu eyni zamanda lokallaşdırma qrupuna kömək edir və işlərini yekunlaşdıraraq zərərsizləşdirmə meydançasın gəlirlər. Zərərsizləşdirmə meydançasında mütəxəssis-deqazatorçular və mütəxəssis-dezinfektorçular tərəfindən aidiyyəti üzrə maddənin neytrallaşdırması üçün lazımı məhlullardan istifadə olunaraq istər zərərçəkmişlərin, istərsə də hadisə yerinə cəlb olunmuş qrupların deqazasiya prosesi heyata keçirilir. Bölmə komandirinin əməliyyat qərargahına məruzəsi və əməliyyatın prosesinin təhlili ilə əməliyyat yekunlaşır.

POLİQON: Cənab general, Kinoloji Taborun xidmətinə də toxundunuz, növbəti sualımız bundan ibarətdir ki, Kinoloji Taborun xidmət hazırlığı necə təşkil olunur və hansı imkanlara malikdir?

General-mayor Məhərrəm HƏSƏNOV: Kinoloji Taborumuz Kinoloji Mərkəzdə yerləşdirilmişdir. Kinoloji Tabor itlərin təlimi və tətbiqini əsas dörd istiqamətdə həyata keçirir. Canlı insanların axtarışı: Bura əsasən tektonik və təbii fəlakətlər nəticəsində ucqun və dağıntıların altında qalmış yaralı və zərərçəkmiş insanların xüsusi telim keçmiş itlər vasitəsilə xilas edilməsi, habelə dağ və meşə şəraitində itkin düşmüş insanların axtarışı daxildir. Partlayıcı maddələrin axtarışı: Əsasən əllə kustar üsulla hazırlanmış partlayıcı tərkibli əl bombaları və təhlükəli silah-sursatların xüsusi təlim keçmiş itlər vasitəsilə  axtarışı. Cəsədlərin axtarışı: Bu itlər vasitəsilə uçqun və dağıntı altında qalmış cəsədlərin axtarışı təbii fəlakətlər (qar, torpaq altında qalmış) nəticəsində həyatını itirmiş insanların axtarışı həyata keçirilir. Və nəhayət qoruyucu itlərin hazırlanması: Bu itlərdən əsasən su hövzelerinin qorunmasında mühafizə itləri kimi istifadə olunur.

Son zamanlarda Xidmətimiz qarşısında yeni bir sahə çıxdı ortaya – ərazilərin minalardan təmizlənməsi sahəsi. Burada da minaların axtarışı sahəsi üzrə itlərin yetişdirilməsi artıq başlanmışdır. Biz, həmçinin o sahələr üzrə də kurs keçmək üçün Türkiyəyə 10 nəfər kinoloqu göndərmişik. Hazırda kurs keçmək üçün bizim 2 itimiz və 3 kinoloqumuz Türkiyədədir. Onlar orada 5 aylıq kurs keçib beynəlxalq sertifikatla təmin olunduqdan sonra öz fəaliyyətlərini davam etdirmək üçün ölkəyə qayıdacaqlar. Bu gün də ən çox işlərimizi bu sahədə aparırıq. Ümumilikdə hər 4 sahədə gündəlik təlimlər keçirilir.

Onu da xüsusi olaraq qeyd etmək istəyirəm ki, Türkiyə tərəfi bizə 10 ədəd minaaxtaran it hədiyyə etmişdir.

POLİQON: Müsahibənin gedişində su hövzələrinə toxundunuz, istərdim ki, bu mövzunu bir qədər genişləndirək. Su Hövzələrin Xüsusi Riskli Xilasetmə Taborunun şəxsi heyətinin döyüş hazırlığı və istifadəsində olan avdanlıqlar barədə məlumat verməyinizi istərdik.

General-mayor Məhərrəm HƏSƏNOV: XRXX-nin strukturuna daxil olan hərbi hissələrdən biri də Su Hövzələrin Xüsusi Riskli Xilasetmə Taborudur. Taborun dalğıc vəzifəsində xidmət edən hərbi qulluqçular yuxarıda qeyd etdiyim kimi ölkədaxili və beynəlxalq kurslarda, xüsusilə Türkiyə Respublikasında təlim-tədris proseslərində iştirak etmiş, müvafiq sertifikatlara yiyələnmişlər.

Xüsusi su hövzələrindəki mühafizə və xilasetmə işlərini həyata keçirən Əlahiddə Taborumuzda şəxsi heyətlə hovuz məşqləri keçirilir. Ən son müasir dalğıc geyimləri və balonları ilə təchiz olunmuş 7-yə yaxın xüsusi xilasetmə qayığımız vardır.

Dalğıclarımız iki hissəyə ayrılır: 20 metrə qədər enən dalğıclarımız, bir də 20 metrdən 60 metrə qədər enən dalğıclarımız var. 60 metrə qədər enən dalğıclarımız xüsusi hazırlıq keçdikdən sonra buraxılışı olur. Həftədə 2 dəfədən az olmayaraq barokamera istifadə edir, təzyiq altında məşqlər keçir, hovuzda enmə məşqləri edirlər. Eyni şəkildə Xəzər dənizində xüsusi təyin olunmuş nöqtələrimiz vardır ki, o nöqtələrdə də enmələrimizi həyata keçiririk.

POLİQON: XRXX strateji əhəmiyyətli müəssisələrin, qurğuların və digər obyektlərin mühafizəsinin təşkil edilməsində iştirak edir. O cümlədən Xidmətin Mühafizə Taboru respublika ərazisindəki Çeyranbatan, Mingəçevr, Şəmkir, Yenikənd, Varvara su anbarlarının mühafizəsini həyata keçirir. Mümkünsə bu haqda danışardınız.

General-mayor Məhərrəm HƏSƏNOV: FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əsasnaməsi ilə müəyyən edilmiş vəzifə səlahiyyətlərinin biri də, öz səlahiyyətləri daxilində strateji obyektlərin, qurğuların mühafizəsini və bu sahədə digər təxirəsalınmaz tədbirlərin həyata keçirilməsidir.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 fevral 2011-ci il tarixli sərəncamına əsasən Su elektrik stansiyaları və onların suqəbuledici qurğuları istisna olmaqla, Mingəçevir, Şəmkir, Yenikənd, Varvara, Xanabad su anbarlarının hidrotexniki qurğularının və eləcə də sutənzimləyici qurğularının mühafizəsi; həmçinin Ceyranbatan su anbarlarının bütövlükdə mühafizəsi Fövqəladə Hallar Nazirliyinin balansına verilmişdir.

Sərəncam prezident İlham Əliyevin tapşırığına əsasən qəbul edilib və məqsəd ölkə ərazisində dövlət əhəmiyyətli su anbarlarının etibarlı mühafizəsinin təmin edilməsi və texniki vəziyyətinə müntəzəm nəzarətin həyata keçirilməsi, həmçinin onların səmərəli istismar edilməsi və ölkə ərazisində su ehtiyatlarının idarə olunmasının təkmilləşdirilməsidir.

Fövqəladə Hallar Nazirliyinin strateji əhəmiyyətli “İzotop” xüsusi kombinatı vardır ki, onun da mühafizəsini bizim N saylı hərbi hissəmizin mühafizəçiləri həyata keçirir. Eyni qaydada Ceyranbatan, Mingəçevir, Şəmkir, Yenikənd, Varvara, Xanabad su anbarlarının mühafizəsini Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları həyata keçirir. Hazırda işğaldan azad olunmuş Suqovuşan su anbarı da bizim mühafizəmizdədir.

POLİQON: XRXX bu günə qədər çox sayda və önəmli xilasetmə əməliyyatlarında iştirak etmişdir. O cümlədən Azərbaycanın Tovuz, Gəncə, Bərdə, Tərtər, Mingəçevir şəhərlərini Ermənistan ərazisindən raket atəşinə tutması nəticəsində dağıntılara məruz qalmış ərazilərdə axtarış və xilasetmə işlərini həyata keçirmişdir.

General-mayor Məhərrəm HƏSƏNOV: Onu qeyd edim ki, 44 günlük Vətən müharibəsində Gəncə şəhəri ən çox zərərçəkən şəhərlərin içərisində idi. 2020-ci il oktyabr ayının 11-də və 17-də Gəncə şəhərində erməni silahlı qüvvəri tərəfindən atılan raketlər nəticəsində dağıntılar altında qalan vətəndaşalrın xilas edilməsi və cəsədlərin çıxarılması əməliyyatlarında Xüsusi Riskli Xilasetmə Xidmətinin fəaliyyətinə rəhbərliyi Xidmətin rəisi, general-mayor Şahmar Paşayevi icra edirdi. FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki Müdafiə Qoşunlarının və Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri ilə birlikdə XRXX-nin 110 nəfər şəxsi heyəti və 3 ədəd texnikası cəlb olunmuşdur. Ümumilikdə adıçəkilən ərazilərdə baş vermiş partlayış nəticəsində Xüsusi Riskli Xilasetmə Xidməti tərəfindən 12 nəfər yaralı (4 kişi, 5 qadın və 3 uşaq) və 22 nəfər sakinin cəsədi (10 kişi və 12 qadın) uçqunlar altından çıxarılaraq aidiyyəti üzrə verilməsi təmin edilmişdir.

POLİQON: Cənab general-mayor, XRXX-nin iştirak etdiyi beynəlxalq xilasetmə əməliyyatları barədə də oxucularımıza məlumat verməyinizi xahiş edirik.

General-mayor Məhərrəm HƏSƏNOV: Bir çox Beynəlxalq xilasetmə əməliyyatlarında uğurla iştirak etmişik. Misal olaraq, 2011-ci il 24 oktyabrdan 31 oktyabr tarixinədək, hardasa, 120 nəfərlik heyətlə Türkiyə  Respublikasının Van vilayətinin Erciş şəhəri ərazisində baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması əməliyyatlarında iştirak etmişik. Düz 104 saat sonra Kinoloji Taborumuzun yetişdirdiyi it canlı insanı axtarıb tapmışdı. Ondan 4 saat, yəni zəlzələnin baş verməsindən 108 saat sonra bizim xilasedicilərimizin professionallığı nəticəsinda başqa bir insan tapıb çıxarılmışdı. Bütün bunlar xilasedicilərimizin şücaəti sayəsində idi.

Fövqəladə Hallar Nazirliyinin 56 ədəd humanitar yardım maşını Azərbaycan tərəfindən İran üzəri ilə Türkiyə Respublikasına, zəlzələ olan nöqtəyə aparılmışdı. Həmin humanitar yardıma şəxsən özüm rəhbərlik etmişdim. 56 ədəd maşın kalonunun uzunluğu 5 kilometrə yaxın idi. İkinci dəfə isə 30-a yaxın humanitar yardım maşını göndərildi. Biz humanitar yardımımızı 3 gün ərzində Türkiyəyə çatdırdıq. Stressli hallar yaşadıq, çox çətin idi. Həyatımda qarşıma qoyulan tapşırıqlardan ən məsuliyyətlisi idi. Ordakı xilasedicilərimizin, sürücülərimizin də üzərində böyük məsuliyyət var idi. Hər iki humanitar yardımın aparılmasında, müşahidəsində, mühafizəsində bizim xidmətimiz böyük rol oynamışdı.

POLİQON: Gürcüstanda baş vermiş yanğında da Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti yaxından iştirak etmişdi…

General-mayor Məhərrəm HƏSƏNOV: Bəli, Gürcüstandakı qoruq yanğını idi. Gürcüstsan Respublikası hökümətinin 22 avqust 2017-ci il tarixli müraciətinə və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Gürcüstanın Boryomi-Xaraqulsk qoruğunda baş vermiş meşə yanğınlarının söndürülməsində kömək məqsədi ilə FHN-nin xilasetmə qrupunun tərkibində XRXX-nin 26 nəfərdən ibarət şəxsi heyəti komplektləşdirilmiş xüsusi xilasetmə alət və avadanlıqları, yanğınsöndürmə vasitələri ilə təbii fəlakət zonasına ezam olunmuşdur. Orada xilasedicilərimiz yanğının söndürülməsində böyük köməklik göstərmişdi. Hətta bir xilasedicimiz orda ağır zədə almışdı və həmin zədə səbəbilə sıralarımızdan tərxis olunmuşdu.

POLİQON: Cənab general-mayor, “Günəşli” neft yatağındakı yanğın zamanı zərərçəkmişlərin xilasetmə əməliyyatına da siz rəhbərlik etmisiniz.

General-mayor Məhərrəm HƏSƏNOV: 2015-ci ilin dekabr ayının əvvəlində “Günəşli” neft yatağında baş vermiş partlayış nəticəsində eyni qayıqda olan 30 nəfər suya düşmüşdü. Onlardan 27 nəfəri qayığın içərisində sıxışaraq platformanın altında qalmışdı. Həmin şəxslərin xilas olunması üçün bizə göstəriş gəldi. Mənim qarşıma tapşırıqlar qoyuldu. 12 xilasedicini seçib xüsusi hazırlanmış helikopter ilə partlayış olan yerə endik, qayığın platforma altında sıxışıb qaldığını görüb məruzə etdim. Qayıq laxlayırdı. Ani bir hərəkət lazım idi ki, qayıq aşağı düşsün. 8-10 metr dalğanın hündürlüyü idi. Platformanın üstündə 4-5 ədəd maye qazla dolu çən də var idi və yanğın o çənləri isidirdi. Orda genişləmə olub partlaya da bilərdi. Bir çən partlasaydı, kimsənin sağ qalmaq ehtimalı yox idi. Biz qərar qəbul elədik ki, qayığın üstündə yuxarıdan deşiklər açaq – böyük kvadrat deşiklər açdıq. Düşdük qayığın üstündəki lüka, lükun qapağını açmaq lazım idi. Xilasedicimiz yuxarıdan 1, 2 və 3-cü mərtəbəni keçərək ora endi, enəndən sonra da qayığa toxunmadan yavaş-yavaş əyildi, qapağını açdı, açandan sonra da qayığa toxunmadan qayığın içərisinə girərərək 27 nəfəri xilas etdik. 3 nəfər də platformanın üstündə idi, cəmi 30 nəfər. Onları götürüb gəmiyə minəndən sonra mənəvi rahatlıq tapdım. Ordan hər bir nəfəri çıxardanda belə deyirdik: “xoş gəlmisən”, yəni ki, o biri dünyadan bu dünyaya xoş gəlmisən məsələsi.

POLİQON: Bir insanı xilas etmək bəşəriyyəti xilas etmək hesab olunur…

General-mayor Məhərrəm HƏSƏNOV: Həqiqətən də elədir. Sizə bir xilasetmə əməliyyatını da danışım. 2006-cı ildə Zığda baş vermiş torpaq sürüşməsi nəticəsində 2 nəfər torpağın altında qalmışdı. Birini xilaedicilərimiz tez çıxara bilidilər. İkincisi görünmürdü, amma torpağın altından səsi gəlirdi. Biz qorpağı qazıb onu çıxarmalıyıdıq. Xilasedici ora düşəndə torpaq sürüşüdü və xilasedici də sinəsinə qədər qaldı torpağın altında. Mən gəldim çatdım hadisə yerinə və başladıq xilasedicimizi çıxarmağa. Uzun bir müddətdən sonra, xilasedicimizi çıxara bilsək də digər şəxs torpağın altında qalmışdı. Ora düşüb işləmək olmurdu, sağdan və ya soldan torpaqda bir balaca iş görən kimi sürüşürdü. Əməliyyat 4 saat çəkdi. Vəziyyət o qədər mürəkkəb idi ki, göydən xilasedicimizi başıüstə sallamışdıq aşağı. O, heç yana toxunmadan, xüsusi alət-avadanlıqların köməyi ilə torpağı təmizlədi. Nəticədə uçqun altında qalmış ikinci şəxsi sağ-salamat çıxara bilmişdik. Asan iş deyil bu işlər, çətin işdir, həm də çox şərəfli işdir.

POLİQON: Cənab general-mayor, dəyərli vaxtınızı ayırıb suallarımızı cavablandırdığınız üçün təşəkkür edirik. Sonda əlavə etmək istədiyiniz fikirlər varmı?

General-mayor Məhərrəm HƏSƏNOV: 44 günlük Vətən müharibəsində şəhidlər vermişik, onların qarşısında vicdanımız təmiz olsun deyə işimizi layiqincə yerinə yetirməliyik. Şəhidlərimizə rəhmət diləyir, onların ruhları qarşısında baş əyirəm. Ali Baş Komandanın atdığı cəsarətli addımların, rəşadətli Silahli Qüvvələrimizin uğurlu əməliyyatlarının nəticəsində torpaqlarımız düşmən işğalından azad olundu. Azərbaycan Ordusunun, Müzəffər Ali Baş Komandanın sayəsində həqiqətən də millətimiz, xalqımız artıq başı dik gəzir.

Bir şeyi istəyirəm biləsiniz, müharibə bitib, amma bizim müharibəmiz həmişə, hər saat, hər dəqiqə davam edir. Bunun yanğını, sürüşməsi, uçqunu, yol qəzaları və digər hadisələri var. Bu bizim gündəlik müharibəmizdir, biz bununla mübarizə aparırıq. Azərbaycan xalqı bilsin ki, nə qədər Fövqəladə Hallar Nazirliyi var, Xüsusi Riskli Xilasetmə Xidməti var, onlar rahat yata bilərlər. Hər zaman, hər saat, hər dəqiqə harda olursa olsun, biz onların yardımına gedib xilas edəcəyik. Bizimlə həyat təhlükəsizdir.

– Təşəkkür edirik.

– Sağ olun.

Poliqon Jurnalı

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş