
Almaniyanın “Heckler&Koch” şirkəti HK433 adı verilmiş yeni avtomatının təqdimatını keçirib.
“AzeriDefence”nin məlumatına görə bu barədə Almaniyanın “Europaische Sicherheit & Technik” jurnalının son sayında dərc olunmuş xəbərdə bildirilib.
HK433 tüfəngi Almaniya Ordusunun (Bundeswehr) G36 tüfəngini əvəzləmək üçün yaradılıb. HK433 qısa gedişli qaz piston sistemi ilə işləyir.
Tüfəngin gövdəsi və qundağı yüksək möhkəmliyə malik alüminium ərintidən hazırlanıb.
Uzunluğu nizamlanan HK433 tüfəngi həm sağ, həm də sol əllə istifadə üçün əlverişlidir.
HK433 tüfəngi standart 5,56×45 mm çaplı patronlardan atəş açacaq. Mexanizmlər və lüləni dəyişməklə eyni silahdan 7.62×51 mm, .300 Blackout və 7.62×39 mm çaplı patronlarla da atəş açmaq mümkün olacaq.
“Heckler&Koch” şirkəti HK433 tüfəngini ilk növbədə NATO ölkələrinə satmağı planlaşdırır.




