Hindistan Fransadan “Rafale-M” döyüş təyyarələri almaq istəyir

Hindistan Fransadan “Rafale-M” döyüş təyyarələri almaq istəyir

Hindistan Silahlı Qüvvələri Fransanın “Dassault Aviation” şirkətindən “Rafale-M” döyüş təyyarələri (qırıcı) almaq niyyətindədir.

“Poliqon” “La Tribune”yə istinadən xəbər verir ki, tərəflər arasında 26 ədəd “Rafale-M” qırıcısının alqı-satqısı ilə bağlı müqavilə Fransa prezidenti Emmanuel Makronun cari ilin mart ayında Hindistanda baş tutacaq rəsmi səfəri zamanı imzalanacaq.

Bildirlib ki, Hindistanın yeni “Rafale-M” döyüş təyyarələrini almaqda məqsədi hazırda Hərbi Dəniz Qüvvələrinin (HDQ) istifadəsində olan köhnə MiG-29K qırıcılarını əvəz etməkdir.

Qeyd edək ki, “Rafale-M” döyüş təyyarələri Hindistan Silahlı Qüvvələri tərəfindən keçirilən tenderdə “Boeing” şirkətinin F/A-18 “Super Hornet” qırıcısı ilə rəqabət aparıb. Hər iki döyüş təyyarəsi 2022-ci il ərzində Hindistan HDQ tərəfindən sınaqlardan keçirilib və ilin sonunda “Rafale-M” rəqibini üstələməyi bacarıb.

Xatırladaq ki, bundan əvvəl – 2016-ci ildə Hindistan və Fransa arasında 36 ədəd “Rafale” qırıcısının tədarükünü nəzərdə tutan 9.4 milyard ABŞ dolları dəyərində müqavilə imzalanıb. Müqaviləyə əsasən, həmin “Rafale” döyüş təyyarələrinin Hindistan Hərbi Hava Qüvvələrinə təhvil verilmə işləri 2019-2022-ci illər ərzində reallaşdırılıb.

Hazırda “Rafale” döyüş təyyarələri dünyada ən çox təlabət görən qırıcılardandır. Onun yüksək manevr qabiliyyətinə və müasir elektron sistemlərə sahib olması rəqibləri ilə müqayisədə əhəmiyyətli dərəcədə üstünlük qazandırır.

Həmçinin bax: Yunanıstan aviasiya parkını “Rafale” döyüş təyyarələri ilə gücləndirirXorvatiya Fransadan “Rafale” təyyarəsi alacaq.

Poliqon.az

CATEGORIES
TAGS