
IDEX-2023: “Smart Shooter” ağıllı nişanalma sistemlərini nümayiş etdirəcək
İsrailin “Smart Shooter” şirkəti Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçiriləcək IDEX-2023 sərgisində “Smash Hopper” uzaqdan idarə olunan yüngül silah sisitemini (LRCWS) nümayiş etdirəcək.
“Smart Shooter”dən “Poliqon”a verilən məlumata görə, bundan başqa şirkət sərgidə digər ağıllı nişanalma həllərini və “Smash Hopper”in “Less Lethal” funksiyasını təqdim edəcək.
Uzaqdan idarə olunan “Smash Hopper” personla daha dəqiq və təhlükəsiz atışlar yerinə yetirməyə imkan verir. “Smash Hopper”in yüngül çəkiyə və tez bir zamanda yığılıb-quraşdırılamaq bacarığına malik olması onun həm daşınmasını, həm də fərqli platformalara inteqrasiya edilməsini asanlaşdırır. Silah sistemi yer səthinin üzərinə, sabit dirəyə və hər hansısa hərəkətli platformaya quraşdırıla bilər.
“Tək atış – tək vuruş” qabiliyyətinə malik “Smash Hopper” kiçik silahların dəqiqliyini, ölümcül təsirini və davamlılığını əhəmiyyətli dərəcədə artırır.
“Smash Hopper” taktiki bölmələrin inkişaf etmiş və gizli nəzarət, habelə dəqiqlik və öldürmə qabiliyyətinin artırılması üçün optimallaşdırılıb. Təxminən 15 kq ağırlığında olan “Smash Hopper”ə C2 idarəetmə sistemi inteqrasiya edilə bilər. “Smash Hopper” silah sistemi yer və hava hədəflərinə, o cümlədən sabit və ya hərəkət edən hədəflərə qarşı dəqiq atış imkanı verir. Elektro-optik cihazla təchiz edilən “Smash Hopper” avtomatik hədəf aşkarlama və izləmə qabiliyyətinə sahibdir.
“Smash Hopper”in “Less Lethal” funksiyası, silah sisteminə daha az öldürücü qabiliyyətə malik döyüş sursatlarından istifadə etməklə hədəfi zərərsizləşdirməyə imkan yaradır.
Qeyd edək ki, “Smart Shooter” şirkətinin hazırladığı ağıllı nişanalma sistemləri hərbi qulluqçuya atıcı silahdan daha dəqiq atəş açmaq bacarığı verir.