İsrail BƏƏ-yə “Spyder” hava hücumundan müdafiə sistemi satır

İsrail BƏƏ-yə “Spyder” hava hücumundan müdafiə sistemi satır

İsrail hökuməti Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) “Rafael” (“Rafael Advanced Defense Systems”) şirkətinin “Spyder” hava hücumundan müdafiə sisteminin satışını təsdiqləyib.

“Poliqon” xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Xəbər agentliyi qeyd edib ki, bu məsələ ilə bağlı nə İsrail Müdafiə Nazirliyi, nə də “Rafael” şirkətindən şərh ala bilməyib. Eyni zamanda BƏƏ-nin Xarici İşlər Nazirliyi də sazişi şərh etmir.

Alına biləcək zenit-raket komplekslərinin sayı, eləcə də çatdırılma qiyməti və qrafiki, həmçinin müqavilənin digər detalları barədə məlumat verilmir.

“Reuters” yalnız bildirib, BƏƏ hava hücumundan müdafiə sistemlərinin alınması ilə bağlı sorğunu bu il “yayın ortalarında” təqdim edib.

“Rafael” və “Israel Aircraft Industries” (IAI) şirkətlərinin konsorsiumu tərəfindən hazırlanmış “Spyder” (Surface-to-Air PYton and DERby) zenit-raket kompleksi hücum təyyarələrini, bombardmançıları, qanadlı raketləri, PUA-ları və aviasiya yüksək dəqiqlikli silahlarını məhv etmək üçün təyin edilmiş mobil, bütün hava şəraitində işləyə bilən, qısa mənzilli kompleksdir. Bu ZRK ictimaiyyətə ilk dəfə 2005-ci ildə təqdim edilib.

Kompleksin əsasını “Python 5” və ya “Derby” “hava-hava” sinif idarə olunan raketlər təşkil edir. Onlar 9 km-ə qədər yüksəklikdə və 20 km-ə qədər məsafədə hədəfləri vurmaq qabiliyyətini təmin edirlər. Bir buraxma qurğusu dörd belə raket daşıyır.

Kompleksin batareya tərkibinə daxildir:

  • 6×6 təkər formullu yüksək keçidlikli “Tatra” təkərli şassisi üzərində quraşdırılmış buraxma qurğusu – 6 ədəd;
  • nəqletmə-doldurma maşınları – 6 ədəd;
  • kəşfiyyat və idarəetmə məntəqəsi – 1 ədəd;
  • 35 km-ə qədər məsafədə 60 hədəfi aşkarlaya və izləyə bilən EL/M-2106NG radiolokasiya stansiyası – 1 ədəd;
  • zenit idarə olunan raketlər – “Derby” (24 ədəd) və “Python 5” (24 ədəd).

“Spyder” zenit-raket kompleksinin “Python 5” raketləri ilə hədəfi məhvetmə məsafəsi 20 km-ə qədər, hədəfi məhvetmə hündürlüyü 20 m-dən 9 km-ə qədərdir, infraqırmızı özütuşlama başlığı ilə təchiz olunub. “Derby” raketləri ilə hədəfi məhvetmə məsafəsi 35 km, hədəfi məhvetmə hündürlüyü 20 m-dən 16 km-ə qədər, aktiv radiolokasiya özütuşlama başlığı və qəlpəli-fuqas döyüş başlığı ilə təchiz olunub.

Kompleks Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrinin bazaları, rabitə məntəqələri və s. kimi strateji obyektlərin mühafizəsi üçün istifadə oluna bilər.

Xatırladaq ki, bu ilin əvvəlində BƏƏ-nin Cənubi Koreyadan “M-SAM” kimi tanınan “Cheongung II” zenit-raket komplekslərini sifariş etdiyi bildirilib.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS