
“KB Radar” yeni “Kirasa-M” kompleksinin sınaqlarına başlayıb
Belarus Respublikasının Hərbi Sənaye Komitəsinə daxil olan “KB Radar” ASC pilotsuz uçuş aparatlarının (PUA) 3D-mövqelənməsi və tanınması üçün təyin edilmiş “Kirasa-M” kiçik bazalı diferensial məsafəölçmə kompleksinin yaradılması işlərini tamamlayaraq sınaqlara başlayıb.
“Poliqon” xəbər verir ki, bu barədə Hərbi Sənaye Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edildiyi kimi, kompleks, PUA-nın məlumat ötürmə siqnallarına əsaslanaraq aşkarlanması, identifikasiyası, tanınması və 3D-mövqeləşdirilməsi üçün nəzərdə tutulmuşdur.
Kompleks, diferensial məsafəölçmə metoduna əsaslanan passiv rejimdə PUA-ları aşkarlayır. Passiv iş rejimi sayəsində kompleks hissedilməz şəkildə işləyir, ətrafdakı infrastruktura maneə yaratmır, hətta hava limanlarının ərazisində də səmərəli və təhlükəsiz istifadə edilə bilər.
“Kirasa-M” PUA-lara qarşı elektron mübarizə vasitələri ilə yanaşı, hava hədəflərini radiolokasiya və optik aşkaretmə vasitələrinə də qoşula bilir.
Kompleks 400-6000 MHs tezlik diapazonunda işləyən PUA-ları aşkar edə bilir. PUA-nı aşkaretmə məsafəsi 3 km-dir, PUA-nın uçuş hündürlüyünün təyin edilməsi isə onun kompleksə 1,5 km məsafəyədək yaxınlaşdıqda mümkündür.
Komitənin mətbuat xidmətinin məlumatında əlavə olaraq bildirilir ki, kompleks 23-26 iyun 2021-ci il tarixlərində Minskdə keçiriləcək “MILEX-2021” sərgisi zamanı nümayiş etdiriləcəkdir.
Əhəd Əzizov